“Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

01 dekabr 2020, 20:06

Azərbaycan Respublikasının 2020-ci il

26 noyabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Zəngilanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır.

2.2. Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur. Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca “ZƏNGİLAN”, aşağı qövs boyunca “20 OKTYABR 2020” sözləri yazılmışdır.

2.3. “20 OKTYABR 2020” sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. “ZƏNGİLAN” sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur.

2.4. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca “ZƏNGİLANIN AZAD OLUNMASINA GÖRƏ” sözləri yazılmışdır. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

3.2. Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

3.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50