İlham Əliyevin və NATO-nun baş katibi Anders Foq Rasmussenin mətbuata birgə bəyanatı

15 fevral 2012, 18:45

Baş katib Anders Foq Rasmussenin bəyanatı

- Sizi salamlayıram. Azərbaycan Prezidenti cənab İlham Əliyevi burada, NATO-nun mənzil-qərargahında salamlamaqdan olduqca məmnunam. NATO Azərbaycan ilə tərəfdaşlığını yüksək dəyərləndirir. Biz, Əfqanıstanda Azərbaycanın verdiyi töhfəsinə görə olduqca minnətdarıq. Bizim bir çox siyasi prioritetlərimiz və təhlükəsizlik sahəsində maraqlarımız üst-üstə düşür.

Uzun illər ərzində əməkdaşlığımızı və dialoqumuzu qurmuşuq. Münasibətlərimiz Avropa və Avratlantik təhlükəsizliyinə töhfə verir. Əlaqələrimizi eyni qaydada inkişaf etdirmək əzmindəyik.

Cənab Prezident, Sizin bugünkü səfəriniz Çikaqo sammiti ərəfəsində NATO-nun tərəfdaş ölkələrlə apardığı məsləhətləşmələrə verdiyi əhəmiyyəti nümayiş etdirir. Çox yaxşı və məhsuldar görüşümüz baş tutdu. Əməkdaşlığımızı və regional, eləcə də beynəlxalq səviyyədə bizi narahat edən məsələləri müzakirə etdik. Biz, həmçinin gələcəkdə hansı şəkildə birgə işləmək imkanlarını da müzakirə etdik. İşimizi birgə müzakirə etmək məqsədi ilə bir azdan sonra NATO-nun bütün 28 müttəfiq ölkəsi ilə birgə toplantı keçirəcəyik və bizi narahat edən məsələləri dinləyəcəyik. Bu, NATO-nun tərəfdaşları qarşısında götürdüyü öhdəlikdir. Biz bu öhdəliyi çox ciddi qəbul edirik. Xüsusilə də mən, Əfqanıstanda apardığımız əməliyyatları müzakirə etmək istərdim. Azərbaycan həmin əməliyyatlara həm hərbçiləri ilə, həm də hava məkanından istifadə etmək hüququ kimi töhfə verir.

Biz bu dəstəyi yüksək dəyərləndiririk.

Əməkdaşlığımız digər sahələri də əhatə edir. Dekabrda biz Fərdi Tərəfdaşlığın Əməliyyat Planı üzərində razılığa gəlmişik. Bu yeni plan qarşıdakı 2 ildə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün yaxşı zəmin yaradacaqdır. Bir sözlə, əməkdaşlığımız yaxşıdır və genişlənir.

Azərbaycan mühüm regionda əhəmiyyətli tərəfdaşdır və gələcəkdə mən Sizinlə apardığım işin davam etdirilməsini səmimiyyətlə arzulayıram.

Prezident İlham Əliyevin bəyanatı

- Cənab baş katib, çox sağ olun. Ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə və dəvətə görə minnətdaram. NATO-nun mənzil-qərargahında yenidən olmağıma və ikitərəfli münasibətlərimizə aid olan bir çox mühüm məsələləri müzakirə etməkdən çox şadam. NATO ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı tarixi vardır. Bu, uğurlardan ibarət tarixdir. 1990-cı illərin əvvəllərindən Azərbaycan Avratlantik strukturlara inteqrasiya olmaqda çox fəal idi. Bu baxımdan biz nəzərəçarpan irəliləyişi əldə etmişik. Biz Silahlı Qüvvələrimiz daxilində islahatlar aparırıq və mən çalışıram onları NATO standartlarına uyğunlaşdırım. Buna görə də əməkdaşlığımızın bu hissəsinin Silahlı Qüvvələrimizə çox böyük təsiri vardır. Eyni zamanda, NATO-nun dünyanın müxtəlif yerlərində aparılan əməliyyatlarındakı iştirak hərbi qulluqçularımıza öz bacarıqlarını artırmaqda yardımçı olmuş və onlar NATO-dakı həmkarlarından bir çox məsələləri öyrənmişlər.

Biz Əfqanıstanda ilk vaxtlardan olmuşuq. Cənab baş katibin qeyd etdiyi kimi, biz hava məkanından və ərazimizdən keçmək imkanını yaradırıq. Çox şadam ki, Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artır. Bu gün biz bu sahədə gələcək əməkdaşlığımızı müzakirə etdik. Əməkdaşlığımızı bu sahədə genişləndirmək məqsədilə yeni təklifləri müzakirə etməyə hazırıq.

Eyni zamanda, biz Əfqanıstanda qulluq etmək məqsədi ilə hərbçilərimizi oraya ezam edirik. Bu, Əfqanıstanda beynəlxalq sülh qüvvələrinin apardıqları əməliyyatlar baxımından üzərimizə götürdüyümüz öhdəliyin bir hissəsidir. Bu gün, həmçinin mən cənab baş katibə məlumat verdim ki, Əfqanıstanın milli ordusunun qəyyumlar fonduna töhfə vermək məsələsini ciddi şəkildə nəzərdən keçiririk. Gələcəkdə bu cür maliyyə töhfəsinin davam etdirilməsini də nəzərdən keçirə bilərik. Eyni zamanda, biz Diplomatik Akademiyamızda və Sərhəd Qoşunları Akademiyamızda əfqan diplomatları üçün təlim kursları təşkil edirik. Biz, həmçinin istehkamçı və digər humanitar məsələlər üzərində işləyirik və əməkdaşlığımızı genişləndirməyə hazırıq.

Bu gün biz, həmçinin regional təhlükəsizlik məsələləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqları müzakirə etdik. Mən cənab baş katibi bu danışıqların hazırkı durumu ilə tanış etdim və bir daha ümidvar olduğumuzu bəyan etdik ki, bu münaqişə mümkün qədər tez həll olunacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.

Bunun üçün yaxşı hüquqi əsas vardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Biz gözləyirik ki, erməni tərəfi bu qətnamələrə əməl edəcəkdir.

Bu gün apardığımız müzakirələrin müəyyən hissəsi enerji təhlükəsizliyinə həsr olunmuşdu. Bu, bütün ölkələrin – həm hasilatçı, həm istehlakçı ölkələrin milli təhlükəsizliyinin olduqca mühüm elementidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkəyə çevrilir və əminəm ki, çevriləcəkdir. Avropadakı istehlakçılarımız, həmçinin NATO-nun üzvü olan dövlətlərdir. Bu mövzu müzakirələrimizin və məsləhətləşmələrimizin bir hissəsidir.

Baş katibə etdiyi dəvətə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Münasibətlərimizin inkişaf etməsindən və dəyişməsindən məmnunluğumu bildirirəm. Ümidvaram ki, əlaqələrimiz uğurla inkişaf edəcəkdir və qarşılıqlı maraqlara və ortaq dəyərlərə əsaslanacaqdır. Çox sağ olun.