“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

11 fevral 2012, 16:00

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 20-ci bəndlərinə əsasən mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının ərzaq məhsulları istehsalı və kənd təsərrüfatı, elmi-tədqiqat, seleksiya və maarifləndirmə fəaliyyəti, habelə indiki və gələcək nəsillərin maraqlarını nəzərə almaqla sosial-mədəni və tarixi irsin mühafizəsi üçün qorunması və səmərəli istifadəsinin hüquqi əsaslarını müəyyən edir.

1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. mədəni bitkilər - insan tərəfindən ərzaq məhsulları, sənaye üçün xammal, yem, dərman, bəzək (dekorativ) məqsədi ilə becərilən bitki növləri, sort və formaları;
1.1.2. mədəni bitkilərin genetik ehtiyatları - ərzaq məhsulları istehsalı, kənd təsərrüfatı, tibbi və digər fəaliyyət üçün faktiki və ya potensial dəyərə malik bitki mənşəli istənilən genetik material;
1.1.3. genetik material - reproduktiv və vegetativ-çoxalma materialı da daxil olmaqla özündə irsiyyətin funksional vahidlərini saxlayan bitki mənşəli istənilən material;
1.1.4. mədəni bitkilərin genetik ehtiyat nümunələri - canlı saxlanılan bütöv bitkilər, həmçinin onların eyni növə və ya növdaxili taksona aid olan bitkilər almaq imkanı verən hissələri (toxum, kök yumruları, qələmlər, soğanaqlar, kökümsovlar, canlı bitkilər və s.), orqanlarının toxumaları, hüceyrələri;
1.1.5. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi - mədəni bitkilərin genetik ehtiyatlarının toplanması, təhlükəsiz qorunub saxlanması və öyrənilməsi;
1.1.6. genbank - mədəni bitkilərin genetik ehtiyatları nümunələrinin müvafiq saxlama şəraitində mühafizəsi üçün xüsusi qurğu və avadanlıqla təchiz edilmiş saxlanma yeri (otaq, bina, kamera);
1.1.7. mədəni bitkilərin genetik ehtiyatları kolleksiyaları - bitki müxtəlifliyinin toplanmış, sistemləşdirilmiş və sənədləşdirilmiş, fiziki və hüquqi şəxslər tərəfindən onların təbii həyat mühitindən (yabanı növlərin təbii areallarından, sortların isə səciyyəvi xüsusiyyətlərini və adaptiv xassələrini qazandığı yerlərdən) kənarda nəzarət edilən şəraitdə saxlanan komponentləri;
1.1.8. mədəni bitkilərin genetik ehtiyatlarının Milli kolleksiyaları - dövlətin mülkiyyətində və mühafizəsində olan mədəni bitkilərin genetik ehtiyatlarının müxtəlif təyinatlı kolleksiyaları;
1.1.9. mədəni bitkilərin genetik ehtiyatlarının Milli kataloqu - bitki genetik ehtiyatlarının milli kolleksiyalarında qorunub saxlanan genetik ehtiyat nümunələrinin vahid formaya salınmış məlumat bazası;
1.1.10. mədəni bitkilərin yabanı əcdadları - təkamülcə və genetik cəhətdən mədəni bitkilərə yaxın, onlarla eyni cinsə, növə aid olan, mədəniləşdirilmə və yeni sortların alınmasında istifadə baxımından potensiala malik yabanı növ və formalar;
1.1.11. yerli sortlar - başlıca olaraq ənənəvi aqrosistemlərdə istifadə edilən, kənd təsərrüfatı istehsalından çıxarılmış, lakin müəyyən elmi, sosial-iqtisadi, mədəni-tarixi və digər əhəmiyyət kəsb edən yerli, əsasən elmi və xalq seleksiya sortları;
1.1.12. bioloji müxtəliflik - yerüstü, dəniz və digər su ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla canlı aləmi təşkil edən bütün orqanizmlərin növdaxili, növlərarası və ekosistem müxtəlifliyi;
1.1.13. təbii mühitdə mühafizə - yabanı bitki müxtəlifliyinin təbii areallarında becərilən sort və digər nümunələrin xarakterik xüsusiyyətlərini və adaptiv xassələrini qazandığı mühitdə (in situ) mühafizəsi və idarə olunması;
1.1.14. genefond - bitki genetik ehtiyatlarının təbii mühitdə mühafizə və idarə olunan müxtəlifliyi;
1.1.15. mədəni bitkilərin Milli genefondu - yerli xalq və elmi seleksiya sort və formaları, həmçinin ölkə ərazisinin təbii məskənlərində bitən, onlara yaxın yabanı bitki növləri;
1.1.16. bioaraşdırma fəaliyyəti - kolleksiyaların zənginləşdirilməsi məqsədi ilə bitki müxtəlifliyinin toplanması, əldə olunan hüceyrə plazmasının nəzarət edilən şəraitdə qorunub saxlanılması, elmi-tədqiqat, seleksiya, maarifləndirmə və digər fəaliyyətdə istifadəsi məqsədi ilə bitkilərin genetik ehtiyatlarının təbii areallarda axtarışının aparılması;
1.1.17. genetik aşınma - genetik ehtiyatların səmərəsiz istifadəsi və lazımi şəraitdə saxlanılmaması da daxil olmaqla antropogen fəaliyyət və təbii fəlakət nəticəsində genetik müxtəlifliyin itirilməsi.

Maddə 2. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, “Seleksiya nailiyyətləri haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Toxumçuluq haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası qanunlarından, Azərbaycan Respublikasının mülki, aqrar və ekoloji qanunvericiliyindən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
2.2. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyindən fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilələrin tələbləri əsas götürülür.

Maddə 3. Qanunun məqsədi

Bu Qanunun məqsədi mədəni bitkilərin milli genefondunu təşkil edən mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının indiki və gələcək nəsillər üçün zəmanətli qorunub saxlanılmasını, onların ərzaq məhsulları istehsalında, kənd təsərrüfatı işlərinin aparılmasında, elmi-tədqiqat, seleksiya və digər fəaliyyətdə istifadəsini, bitki materiallarına olan ehtiyacın davamlı ödənilməsini, habelə dövlətin ərzaq, ekoloji və bioloji ehtiyatlar təhlükəsizliyinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.

Maddə 4. Mədəni bitkilərin genetik ehtiyatlarının obyektləri

4.0. Mədəni bitkilərin genetik ehtiyatlarının obyektlərinə aşağıdakılar aiddir:

4.0.1. mədəni bitkilərin yabanı əcdadları və onların yaxın növləri və növdaxili müxtəlifliyi;
4.0.2. ərzaq, bəzək və dərman təyinatlı yabanı bitki materialları;
4.0.3. yerli. xalq seleksiyası sortları;
4.0.4. becərilən, istifadədən çıxarılmış və ya tövsiyə olunan sortların Milli kataloquna daxil edilməmiş elmi seleksiya sortları;
4.0.5. seleksiya xətləri, təsərrüfat əhəmiyyətli əlamətlərin mənbəyi və donorları;
4.0.6. məxsusi genetik materiallar (mutantlar, hibridlər, nişanlanmış xətlər, biotexnologiya üsulları ilə yaradılmış bitki formaları);
4.0.7. genetik məlumatın əsas daşıyıcıları olan nuklein turşuları (DNT və RNT);
4.0.8. mədəni bitkilərin genetik ehtiyatlarından istifadə hüquqları.

Maddə 5. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və
səmərəli istifadəsi sahəsində fəaliyyətin əsas prinsipləri

5.0. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində fəaliyyətin əsas prinsipləri aşağıdakılardır:
5.0.1. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin təmin edilməsi məqsədi ilə ekoloji, iqtisadi və sosial maraqların elmi əsaslarla uzlaşdırılması;
5.0.2. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə əlaqədar fəaliyyətin planlaşdırılması zamanı aqroekosistemlərin təbii və sosial-iqtisadi xüsusiyyətlərinin nəzərə alınması;
5.0.3. aqrofitomüxtəlifliyin qorunub saxlanması və istifadəsi üzrə fəaliyyətin bu sahədə mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi;
5.0.4. aqroekosistemlərdə təsərrüfat və ya digər fəaliyyətin səbəb olduğu antropogen çirklənmənin müəyyən edilməsi və onun qarşısının alınması;
5.0.5. gen mühəndisliyinin və yeni texnologiyaların tətbiqindən alınmaqla, mədəni bitkilərin genetik ehtiyatlarının sonrakı istifadəsinə maneə törədən və (və ya) onların azalmasına səbəb olan genetik modifikasiya olunmuş bitkilər və digər məhsulların aqroekosistemlərə mənfi təsirinin qarşısının alınması;
5.0.6. Azərbaycan Respublikasının bir sıra bitkilərin ilkin və ikinci əmələgəlmə və mədəniləşdirmə mərkəzi olmasının sübut edilməsi və Azərbaycan alimləri tərəfindən və xalq seleksiyası nəticəsində yaradılmış bitki sortlarının mənşəyini təsdiq etmək məqsədi ilə genetik pasportlaşdırmanın həyata keçirilməsi;

2-ci fəsil
MƏDƏNİ BİTKİLƏRİN GENETİK EHTİYATLARININ MÜHAFİZƏSİ VƏ SƏMƏRƏLİ İSTİFADƏSİ SAHƏSİNDƏ İDARƏETMƏNİN ƏSASLARI

Maddə 6. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlətin vəzifələri

6.1. Azərbaycan Respublikasında mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
6.1.1. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlət siyasətini və strategiyasını müəyyən etmək və onun həyata keçirilməsini təmin etmək;
6.1.2. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlət orqanlarının səlahiyyətlərini müəyyən etmək;
6.1.3. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində hüquqi bazanı formalaşdırmaq;
6.1.4. mədəni bitkilərin genetik ehtiyatları üzərində sahiblik hüququnu və əqli mülkiyyət hüququnu müəyyən etmək və bu hüquqların qorunmasını təmin etmək;
6.1.5. mədəni bitkilərin genetik ehtiyatları sahəsində dövlət proqramını (Milli Proqramı) təsdiq etmək və bu proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təşkil etmək;
6.1.6. bitki müxtəlifliyinin təbii areallarında monitorinqlər keçirmək və mədəni bitkilərin genetik ehtiyatlarının Milli kolleksiyalarını yaratmaq;
6.1.7. mədəni bitkilərin genetik ehtiyatlarının Milli kataloqunun yaradılmasını təşkil etmək;
6.1.8. mədəni bitkilərin genetik ehtiyatlarının Mərkəzi Məlumat Bazasını və Milli Genbankını yaratmaq;
6.1.9. mədəni bitkilərin genetik ehtiyatlarının yerli sortlarını canlı halda qoruyub saxlayan qeyri-hökumət təşkilatlarını, kənd təsərrüfatı və digər məhsul istehsalçılarını stimullaşdırmaq;
6.1.10. Azərbaycan alimləri tərəfindən və xalq seleksiyası nəticəsində yaradılmış bitki sortlarının Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni bitki brendlərinin siyahısını təsdiq etmək, onların ölkə daxilində və beynəlxalq miqyasda mühafizəsinə və təbliğinə hüquqi, elmi və texniki səviyyələrdə dəstək vermək. Bu siyahıya daxil olan bitki nümunələrinin öz xarakterik xüsusiyyətlərini və adaptiv xassələrini qazandıqları ərazilərdə becərilməsini stimullaşdırmaq;
6.1.11. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə fəaliyyətə dövlət nəzarətini təşkil etmək;
6.1.12. mədəni bitkilərin genetik ehtiyatlarının toplanması, qorunub saxlanması, öyrənilməsi və istifadəsi problemləri üzrə tətbiqi və fundamental elmi tədqiqatları, bioaraşdırma fəaliyyətini ölkə səviyyəsində əlaqələndirmək, elmi tədqiqatların və mütəxəssislərin hazırlanmasını maliyyələşdirmək;
6.1.13. mədəni bitkilərin genetik ehtiyatlarının Milli genefond nümunələrinin əldə edilməsi şərtlərini və onların istifadəsindən alınan gəlirlərin ədalətli bölüşdürülməsi mexanizmlərini, həmçinin bu ehtiyatların toplanması, təhlükəsiz qorunub saxlanması, öyrənilməsi və istifadəsi qaydalarını müəyyən etmək;
6.1.14. mədəni bitkilərin genetik ehtiyatları üzrə beynəlxalq konvensiya, müqavilə və sazişlərə qoşulmaqla bağlı dövlətin öhdəliklərini müəyyən etmək və onların həyata keçirilməsini təşkil etmək.
6.2. Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və şərtlərlə yol verilə bilər.

Maddə 7. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və istifadəsində vətəndaşların, elmi-tədqiqat müəssisələri vəqeyri-hökumət təşkilatlarının, kənd təsərrüfatı və digər məhsul istehsalçılarının iştirakı

7.0. Vətəndaşlar, elmi-tədqiqat müəssisələri və qeyri-hökumət təşkilatları, kənd təsərrüfatı və digər məhsul istehsalçıları mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada, mədəni bitkilərin genetik ehtiyatlarının təbii areallarında qorunub saxlanması, bərpa edilməsi və səmərəli istifadəsi üzrə fəaliyyətdə iştirak edir və aşağıdakı hüquqlara malikdirlər:
7.0.1. müvafiq orqanlardan yerli aqroekosistemlərin vəziyyəti və onlarda baş verən genetik aşınma dərəcəsi haqqında məlumatlar almaq, yerli aqrofitomüxtəlifliyin vəziyyətinin dövlət monitorinqinin aparılmasında iştirak etmək;
7.0.2. yerli aqrofitomüxtəliflik komponentlərinin toplanması və qorunub saxlanması sahəsində fəaliyyətə ictimai nəzarəti həyata keçirmək və müvafiq qaydada icazə verilməmiş bioaraşdırma fəaliyyətinin qanuni yollarla qarşısının alınmasında iştirak etmək;
7.0.3. mədəni bitkilərin genetik ehtiyatlarının əldə edilməsi və onların istifadəsindən alınan gəlirlərin ədalətli bölüşdürülməsində iştirak etmək;
7.0.4. yerli mədəni bitkilərin genetik ehtiyatlarının toplanması, qorunub saxlanması və öyrənilməsi sahəsində müvafiq dövlət və elmi proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində bilavasitə iştirak etmək;
7.0.5. yerli əhali tərəfindən ərzaq məhsulları istehsalı, kənd təsərrüfatı işlərinin aparılması və digər fəaliyyətdə istifadə edilən nadir və nəsli kəsilməkdə olan bitki növləri, eləcə də xalq seleksiyasının yerli sortlarının becərildiyi və mədəni bitkilərin yabanı əcdadlarının təbii bitdiyi ekosistemlərin mühafizəsi üçün xüsusi qorunan ərazilərin təşkil edilməsinin məqsədəuyğunluğu haqqında müvafiq orqanlara təkliflər vermək;
7.0.6. mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının təbii areallarında mühafizəsi, bərpası, çoxaldılması, reintroduksiyası və səmərəli istifadəsi üzrə fəaliyyəti həyata keçirmək.

Maddə 8. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlət proqramı (Milli Proqram)

8.1. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət proqramı (Milli Proqram) qəbul edilir.
8.2. Dövlət proqramında (Milli Proqramda) mədəni bitkilərin genetik ehtiyatlarının toplanması, təhlükəsiz qorunub saxlanması, hərtərəfli öyrənilməsi və istifadəsi üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
8.2.1. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlət siyasətinin istiqamətlərini və bu siyasətin həyata keçirilməsini təmin edən uzunmüddətli fəaliyyət planı;
8.2.2. mədəni bitkilərin Milli genefond nümunələrinin təbii areallarından kənarda (ex situ) nəzarət edilən şəraitdə təhlükəsiz və uzunmüddətli qorunub saxlanması və onun hərtərəfli öyrənilməsi üçün yaradılacaq şərait;
8.2.3. nəzərdə tutulmuş planların səmərəli surətdə həyata keçirilməsi üçün prioritet fəaliyyət istiqamətlərinin, ehtiyac və imkanların müəyyən edilməsi;
8.2.4. nadir və nəsli kəsilməkdə olan bitki növləri və sortlarının genetik ehtiyatlarının bərpası və mühafizəsinə dair tədbirlər;
8.2.5. mədəni bitkilərin genetik ehtiyatları kolleksiyalarından məhdud aqroekosistemlərdə genetik aşınmaya məruz qalmış yerli bitki materiallarının bərpa edilərək kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi, yeni bazarların yaradılması və inkişafında istifadə olunması məqsədi ilə kənd təsərrüfatı ilə məşğul olan fiziki şəxslərə verilməsi;
8.2.6. təbii və texnogen fəlakətlər zamanı yerli ənənəvi aqroekosistemlərin bərpası məqsədi ilə yerli əhaliyə, kənd təsərrüfatı məhsulları istehsalçılarına yerli bitki müxtəlifliyinin reintroduksiyası yolu ilə yardım göstərilməsi;
8.2.7. müxtəlif istifadəçi qruplarına elmi-tədqiqat, maarifləndirmə və seleksiya proqramlarında istifadə məqsədi ilə keyfiyyətli genetik material və müvafiq informasiyanın vaxtında təqdim olunması;
8.2.8. mədəni bitkilərin genetik ehtiyatları sahəsində fəaliyyətə cəlb edilən dövlət təşkilatlarının sistemli idarə olunmasının təmin edilməsi;
8.2.9. mədəni bitkilərin genetik ehtiyatları üzrə milli informasiya mübadiləsi sisteminin dəstəklənməsi;
8.2.10. milli, regional və beynəlxalq səviyyələrdə əlaqələndirmə fəaliyyətinin həyata keçirilməsi;
8.2.11. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan digər tədbirlər.

Maddə 9. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sistemi

9.1. Azərbaycan Respublikasında mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində idarəetmə sistemi mədəni bitkilərin milli genefondunun etibarlı qorunub saxlanması və hərtərəfli öyrənilməsinin, elmi, seleksiya və digər proqramlarda səmərəli və davamlı istifadəsinin təmin edilməsi, mədəni bitkilərin genetik ehtiyatlarının dağıdılmasının, məhv edilməsinin, qanunsuz əldə edilməsinin qarşısının alınması, beynəlxalq əməkdaşlığın həyata keçirilməsi məqsədi ilə yaradılır.
9.2. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin idarəetmə sisteminə aşağıdakılar daxildir:
9.2.1. mədəni bitkilərin genetik ehtiyatlarının öyrənilməsi, toplanması və mübadiləsi sahəsində fəaliyyət göstərən, o cümlədən bu ehtiyatların kolleksiyalarına malik olan subyektlər (elmi-tədqiqat müəssisələri, genbank, seleksiya mərkəzləri, qeyri-hökumət təşkilatları və s.) və onların strukturuna daxil olan qurumlar;
9.2.2. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlət proqramının (Milli Proqramın) həyata keçirilməsinə cəlb edilən subyektlər;
9.2.3. Elmi-Texniki Şura;
9.2.4. Milli əlaqələndirici institut və onun nəzdində fəaliyyət göstərən Milli Genbank;
9.2.5. ixtisaslaşdırılmış ekspert şuraları və prioritet fəaliyyət istiqamətləri üzrə işçi qrupları;
9.2.6. mədəni bitkilərin genetik ehtiyat sahibləri.
9.3. Bu Qanunun 9.2.3-cü maddəsində nəzərdə tutulmuş Elmi-Texniki Şura müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır. Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər. Elmi-Texniki Şuranın Əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
9.4. Bu Qanunun 9.2.4-cü maddəsində nəzərdə tutulmuş Milli əlaqələndirici institutunun müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
9.5. Bu Qanunun 9.2.5-ci maddəsində nəzərdə tutulmuş ekspert şuraları və işçi qruplarının əsasnamələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 10. Mədəni bitkilərin genetik ehtiyatlarının bankları, onların yaradılma qaydaları, hüquq və vəzifələri

10.1. Mədəni bitkilərin genetik ehtiyatlarının aşağıdakı istiqamətlər üzrə bankları (bundan sonra genbankları) yaradıla bilər:
10.1.1. müəyyən tədqiqat, təlim, seleksiya proqramlarında istifadə və qanunvericiliklə qadağan edilməmiş digər məqsədlərlə kolleksiya sahibləri tərəfindən öz vəsaitləri hesabına yaradılan genbanklar;
10.1.2. məqsədli layihələr əsasında elmi-tədqiqat müəssisələri tərəfindən yaradılan genbanklar;
10.1.3. müvafiq elmi-tədqiqat müəssisələrinin, seleksiya mərkəzlərinin, mülkiyyət formasından asılı olmayaraq toxumçuluq və bitkiçilik sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində qanunda nəzərdə tutulan maliyyə mənbələri hesabına yaradılan ixtisaslaşmış genbanklar;
10.1.4. Azərbaycan Respublikasının Milli Genbankı.
10.2. Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri aşağıdakılar da daxil edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir:
10.2.1. mədəni bitkilərin genetik ehtiyatlarının hüceyrə plazması nümunələrinin xüsusi təyinatlı kolleksiyalar üzrə toplanması, həmçinin elmi mübadilə və introduksiya yolu ilə bitkilərin genefondunun zənginləşdirilməsi;
10.2.2. bitki nümunələrinin müvafiq saxlanma şəraitinin təmini, onların mövcud vəziyyətinin mütəmadi monitorinqi, təhlükə altında olan nümunələrin müvafiq standartlar əsasında bərpası və çoxaldılması;
10.2.3. mədəni bitkilərin genetik ehtiyatlarının səciyyələndirilməsi, qiymətləndirilməsi, istifadə üçün tövsiyələrin verilməsi;
10.2.4. mədəni bitkilərin genetik ehtiyatlarının qeydiyyatı, pasportlaşdırılması, kolleksiyalar üzrə kompyuter məlumat bazasının yaradılması, saxlanması, idarə olunması, ölkədaxili və beynəlxalq şəbəkələrə qoşulması;
10.2.5. hüceyrə plazması nümunələrinin əvəzediciləri ilə mübadiləsi;
10.2.6. kolleksiyalarda saxlanılan nümunələrin istifadəçilər tərəfindən əldə edilməsinin təmini.
10.3. Azərbaycan Respublikasının Milli Genbankında (bundan sonra Milli Genbank) ümummilli dəyərə malik mədəni bitkilərin genetik ehtiyatları kolleksiyaları, genetik eroziya və nəsli kəsilmək təhlükəsində olan növlər, növmüxtəliflikləri, formalar, xalq və elmi seleksiya sortları, seleksiya proqramları üçün əhəmiyyət daşıyan hüceyrə plazması nümunələri, sabit seleksiya xətləri, qiymətli əlamətlərin daşıyıcıları olan tədqiqat materialları toplanır, orta və uzunmüddətli saxlama şəraitində etibarlı mühafizə edilir, bərpa olunur, çoxaldılır, elmi və digər məqsədlər üçün yayılır, hərtərəfli öyrənilir, səmərəli istifadə üçün tövsiyələr hazırlanır, sənədləşdirilir, məlumat bazası yaradılır.
10.4. Milli Genbank müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır. Milli Genbankın Əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Milli Genbank dövlət vəsaiti, fiziki və hüquqi şəxslərin ianələri, qrantlar, genbank nümunələrinin istifadəsi və paylanması, göstərdiyi xidmətlər müqabilində əldə edilən gəlirlər və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşir.
10.5. Milli Genbank Azərbaycan Respublikasının milli sərvətidir və bütün infrastrukturu ilə birlikdə xüsusi mühafizə olunan dövlət təbiət obyekti statusuna malikdir.
10.6. Azərbaycan Respublikasında mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri nəbatat bağları və dendroloji parklara da şamil olunur.

Maddə 11. Mədəni bitkilərin genetik ehtiyatlarının Milli kolleksiyaları

11.1. Mədəni bitkilərin genetik ehtiyatlarının Milli kolleksiyaları öz təyinatına uyğun olaraq aşağıdakı istiqamətlər üzrə formalaşdırılır:
11.1.1. milli baza kolleksiyalar. Bu kolleksiyalar milli sərvət statusuna malik olmaqla mədəni bitkilərin genetik ehtiyatlarının milli kataloquna daxil edilən, bu ehtiyatların qiymətli və nadir nümunələrindən ibarət olmaqla müvafiq müxtəlifliyi mümkün qədər tam əhatə edən, əlaqələndirici institutun strukturunda yaradılmış Milli Genbankda beynəlxalq standartlara uyğun olaraq xüsusi təchiz edilmiş orta və uzunmüddətli təhlükəsiz saxlanma şəraitində mühafizə edilən, həmçinin dövlət tingliklərində, ixtisaslaşmış genbanklarda saxlanılan çoxillik mədəni bitkilərin genetik ehtiyatlarından və onların yabanı əcdadlarından ibarət olan kolleksiyalardır;
11.1.2. aktiv işlək kolleksiyalar. Bu kolleksiyalar mədəni bitkilərin genetik ehtiyatlarının nümunələrindən ibarət olan, orta müddətli saxlanma şəraitində mühafizə olunan, öyrənilmək, elmi, seleksiya və maarifləndirici proqramları təmin etmək, eləcə də müxtəlif istifadəçilərlə mübadilə və başqa məqsədlər üçün nəzərdə tutulmuş bitki ehtiyatları kolleksiyalarıdır;
11.1.3. əvəzedici (dublikat) kolleksiyalar. Bu kolleksiyalar mədəni bitkilərin genetik ehtiyatlarının öyrənilmək və müxtəlif proqramlarda istifadə olunmaq məqsədi ilə müəyyən təşkilatların istifadəçilərinə verilən, həmçinin “qara qutu” prinsipi ilə gözlənilməz hadisələr və təbii kataklizmlər vaxtı təhlükəsiz qorunub saxlanma üçün başqa genbanklara (beynəlxalq və xarici genbanklar da daxil olmaqla) verilən əvəzedici (dublikat) nümunələrinin qorunduğu kolleksiyalardır;
11.1.4. genetik kolleksiyalar. Bu kolleksiyalar seçmə və ya təcrübi metodlarla yaradılan, bir və ya bir neçə əlamətə görə irsi fərqləri aşkara çıxaran növdaxili formaların genetik ehtiyatlarının nümunələrindən ibarət olan kolleksiyalardır;
11.1.5. özək kolleksiyalar. Bu kolleksiyalar növün əsas genetik müxtəlifliyini minimum miqdarda əhatə edən nümunələrdən ibarət kolleksiyalardır;
11.1.6. herbari kolleksiyalar. Bu kolleksiyalar bitki aləmi müxtəlifliyinin öyrənilməsinin mühüm vasitəsi olmaqla yabanı və mədəni bitkilərin və onların yabanı əcdadlarının herbari nümunələrindən ibarət kolleksiyalardır;
11.1.7. DNT və RNT kolleksiyalar. Bu kolleksiyalar yüksəkmolekulyar genom və (və ya) klonlaşdırılmış formada saxlanan, bitki mənşəli genetik ehtiyatların nuklein turşuları nümunəsindən ibarət olan kolleksiyalardır.
11.2. Mədəni bitkilərin genetik ehtiyatlarının Milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 12. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin elmi təminatı

12.0. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin elmi təminatı aşağıdakılardan ibarətdir:
12.0.1. mədəni bitkilərin genetik ehtiyatlarının kolleksiyalarında saxlanılan nümunələrin ölkə üzrə inventarlaşdırılmasının aparılması, mədəni bitkilərin genetik ehtiyatlarının Milli kataloqunun yaradılması və dəstəklənməsinin elmi-texniki təminatı;
12.0.2. mədəni bitkilərin genetik ehtiyatları sahəsində elmi-texniki və fundamental tədqiqat proqramlarının həyata keçirilməsi, elmi fəaliyyətlərin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsinin təmin edilməsi;
12.0.3. Azərbaycan Respublikası ərazisində və həmsərhəd regionlarda bioaraşdırma fəaliyyətinin elmi-texniki təminatı, təşkili və aparılması;
12.0.4. prioritet iş planları və fəaliyyət istiqamətlərinin işlənib hazırlanması üçün zəruri elmi əsaslandırma aparılması və müvafiq materialların hazırlanması;
12.0.5. mədəni bitkilərin genetik ehtiyatları kolleksiyalarında nümunələrin yaradılması, bərpası, zənginləşdirilməsi, təhlükəsiz saxlanması və hərtərəfli öyrənilməsi ilə bağlı şəraitin müəyyən edilməsi;
12.0.6. mədəni bitkilərin Milli genefondu ilə iş üzrə qaydalar və tövsiyələrin, eləcə də metodik göstərişlər və digər sənədlərin işlənib hazırlanması;
12.0.7. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni bitki brendləri siyahısına daxil olan bitki nümunələrinin mənsubiyyətini təsdiq etmək məqsədilə tədqiqat proqramlarının hazırlanması və həyata keçirilməsi;
12.0.8. genetik pasportlaşmanı tam şəkildə həyata keçirmək üçün tələb olunan elmi-texniki təminatın yaradılması;
12.0.9. aqrofitomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi üzrə elmi və innovasiya fəaliyyətlərinin maliyyələşdirilməsi üzrə hesablamaların və təkliflərin hazırlanması;
12.0.10. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.

Maddə 13. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsinin məlumat və maarifləndirmə təminatı

13.0. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin məlumat və maarifləndirmə təminatı aşağıdakı istiqamətlərdə həyata keçirilir:
13.0.1. mədəni bitkilərin genetik ehtiyatları üzrə milli informasiya mübadiləsi sisteminin yaradılması və beynəlxalq sistemlərə inteqrasiyası;
13.0.2. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni bitki brendlərinin beynəlxalq miqyasda təbliği;
13.0.3. kənd təsərrüfatı və digər məhsul istehsalçılarının əkin sahələrində, fərdi təsərrüfatlarda, həyətyanı sahələrdə, şəxsi təsərrüfat və bağlarda mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə yönələn proqramların hazırlanması;
13.0.4. əhalinin ərzaq təminatı və rifahının yaxşılaşdırılmasında aqrofitomüxtəlifliyin əhəmiyyəti barədə materialların çap edilərək yayılması, müxtəlif tədbirlərin (seminar, konfrans, görüşlər və s.) keçirilməsi;
13.0.5. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə dair kütləvi informasiya vasitələrində, o cümlədən teleradiokanallarda mütəmadi olaraq müvafiq verilişlərin və məlumatların yayılması;
13.0.6. orta və ali təhsil müəssisələrinin tədris proqramlarında və dərsliklərdə bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi barədə geniş məlumatların əks olunması.

Maddə 14. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin iqtisadi stimullaşdırılması

14.1. Azərbaycan Respublikasında dövlət və yerli özünüidarə orqanlarına, sahibkarlıq fəaliyyəti subyektlərinə, qeyri-hökumət təşkilatlarına, eləcə də kənd təsərrüfatı məhsulları istehsalçılarına, ailə-kəndli təsərrüfatlarına, fərdi təsərrüfatlara, həyətyanı və bağ sahələri sahiblərinə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsində iştirakları üçün zəruri iqtisadi və sosial şərait yaradılır.
14.2. Dövlət mədəni bitkilərin yetişdiyi müxtəlif kateqoriyalı torpaqların sahiblərinin və istifadəçilərinin məsuliyyət və marağının artırılması məqsədi ilə bu bitkilərin genetik ehtiyatlarının toplanması, qorunub saxlanması, öyrənilməsi, bərpası və səmərəli istifadəsi sahəsində fəaliyyətin iqtisadi stimullaşdırılmasına istiqamətlənmiş müxtəlif tədbirlər həyata keçirir.
14.3. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsində fəal iştirak edən fiziki və hüquqi şəxslərin stimullaşdırılması dövlət vəsaiti, xüsusi fondlarda nəzərdə tutulan ayırmalar və qanunda nəzərdə tutulan digər vəsaitlər hesabına həyata keçirilir.

3-cü fəsil
MƏDƏNİ BİTKİLƏRİN GENETİK EHTİYATLARI İLƏ BAĞLI FƏALİYYƏTƏ DÖVLƏT NƏZARƏTİNİN TƏŞKİLİ

Maddə 15. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə dövlət nəzarəti

15.1. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində fəaliyyət göstərən fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
15.2. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.3. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə dövlət nəzarətini həyata keçirən orqanın qərarı mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektləri üçün məcburidir.

Maddə 16. Mədəni bitkilərin genetik ehtiyatları kolleksiyaları sahiblərinin dövlət uçotu və qeydiyyatı

16.1. Mədəni bitkilərin genetik ehtiyatları kolleksiyaları sahiblərinin dövlət uçotu və qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu kolleksiyaların, onlarda toplanmış qiymətli və nadir nümunələrin, kolleksiyaların elmi, sosial-iqtisadi, maarifləndirici və mədəni-tarixi əhəmiyyətinin aşkarlanması və onların statusunun müəyyən edilməsi məqsədi ilə həyata keçirilir.
16.2. Tərkibində mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının qiymətli və nadir nümunələri saxlanılan kolleksiyalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyatdan keçirilərək mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində dövlət proqramına (Milli Proqrama) daxil edilir.
Belə kolleksiyaların sahibləri öz fəaliyyətlərini mədəni bitkilərin Milli genefondu ilə iş üzrə qayda və tövsiyələrə, eləcə də metodik göstərişlərə və digər sənədlərə riayət etməklə həyata keçirirlər. Bu kolleksiyalarda saxlanılan mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının nümunələri mədəni bitkilərin genetik ehtiyatlarının Mərkəzi məlumat bazasına və Milli kataloquna daxil edilir.
16.3. Mədəni bitkilərin genetik ehtiyatları kolleksiyalarının yaradılması, qeydiyyatdan keçirilməsi, fəaliyyət göstərməsi və ləğv edilməsi zamanı qanunvericiliyə riayət edilməsinə dövlət nəzarəti həyata keçirilir.

Maddə 17. Mədəni bitkilərin genetik ehtiyatlarından istifadə edilməsi qaydası

17.1. Bioaraşdırma, toplama, mübadilə, öyrənilmə, elmi-tədqiqat, seleksiya, təhsil və digər fəaliyyətdə istifadə məqsədi ilə mədəni bitkilərin genetik ehtiyatlarından istifadə hüququ bu ehtiyatların istifadəçilərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ikitərəfli və ya çoxtərəfli müqavilələr çərçivəsində hazırlanmış material verilməsi haqda xüsusi saziş əsasında verilir.
17.2. Material verilməsi haqda xüsusi sazişdə, mədəni bitkilərin genetik ehtiyatlarının donoru və onu alan tərəflərin hüquq və vəzifələri, sazişin qüvvədə olma müddəti, verilən materialın miqdarı və keyfiyyəti, materialın nəzərdə tutulan istifadə sahəsi və onun sonrakı istifadəsindən əldə ediləcək gəlirlərin donor və istifadəçi arasında ədalətli bölgüsü haqqında məlumatlar, habelə donordan alınan nümunələrin onun icazəsi olmadan başqasına verilməsinin qadağan edilməsi əks olunur.

Maddə 18. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və istifadəsi üzrə fəaliyyətə qoyulan məhdudiyyətlər

18.1. Müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları qanuna uyğun olaraq mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının toplanması, qorunub saxlanması, öyrənilməsi və istifadəsi ilə bağlı fəaliyyət ətraf mühitə zərər vurduğu, aqroekosistemə mənfi təsir göstərdiyi, bu ehtiyatların azalması və ya tamamilə itməsinə gətirib çıxardığı hallarda həmin fəaliyyətə məhdudiyyətlər qoymaq hüququna malikdirlər.
18.2. Müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları qanuna uyğun olaraq Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin mühafizəsi, tarixi-mədəni irsin qorunması, fiziki və hüquqi şəxslərin qanuni maraqlarının müdafiəsi məqsədi ilə vətəndaşların, qeyri-hökumət təşkilatlarının mülkiyyətində olan mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatları ilə işləmək fəaliyyətinə məhdudiyyətlər və qadağalar qoymaq hüququna malikdirlər.
18.3. Mədəni bitkilərin genetik ehtiyatlarının dövlətin inkişafı və ərzaq təhlükəsizliyi üçün xüsusi dəyərə və ya mühüm sosial-iqtisadi əhəmiyyətə malik kolleksiya nümunələrinin əldə edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun olaraq məhdudlaşdırıla bilər.

Maddə 19. Kənd təsərrüfatı təyinatlı nadir və nəsli kəsilməkdə olan bitki növlərinin (populyasiyalarının) mühafizəsi

19.1. Azərbaycan Respublikasında aqroekosistemlər üçün potensial əhəmiyyətə malik olan nadir və nəsli kəsilməkdə olan bitki növlərinin (populyasiyalarının) genetik ehtiyatlarının mühafizəsi üzrə xüsusi dövlət tədbirləri həyata keçirilir. Bu bitkilərin mühafizəsi həm təbii areallarında, o cümlədən kənd təsərrüfatı müəssisələrində və fərdi kəndli təsərrüfatlarında, həm də mədəni bitkilərin genetik ehtiyatlarının Milli kolleksiyalarında təşkil edilir.
19.2. Kənd təsərrüfatı təyinatlı nadir və nəsli kəsilməkdə olan bitki növlərinin (populyasiyalarının) mühafizəsi ilə bağlı tədbirlər mədəni bitkilərin mühafizəsi və səmərəli istifadəsinə dair dövlət proqramına (Milli Proqrama) daxil edilir.

Maddə 20. Azərbaycan Respublikasına məxsus mədəni brend bitkilərin mühafizəsi

20.1. Azərbaycan Respublikasına məxsus mədəni brend bitkilər Azərbaycan xalqının milli sərvətidir və qanunla qorunur.
20.2. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin və onların areallarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunaraq təsdiq edilir.
20.3. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilər kənd təsərrüfatı, dərman və bəzək bitki formaları üzrə müəyyən edilir.
20.4. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada stimullaşdırılır.
20.5. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin yayıldığı areallarda başqa növ bitki nümunələrinin əkilməsi qadağan olunur.
20.6. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilər Azərbaycan Respublikasının təmsil olunduğu bütün sərgilərdə, yarmarkalarda və digər tədbirlərdə müvafiq qaydada təbliğ və təşviq olunur.
20.7. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin daha da təkmilləşdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması və onların genetik ehtiyatlarının mühafizəsi müvafiq qaydada təsdiq edilmiş proqramlar əsasında həyata keçirilir.

Maddə 21. Genetik modifikasiya olunmuş bitkilərlə davranma

21.1. Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır.
21.2. Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya uyğun aşkarlanır, bu bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
21.3. Azərbaycan Respublikasına idxal olunan bütün genetik materialların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalması yoxlanılır və genetik modifikasiya olunmuş materialların hərəkətinə qanuna uyğun qaydada icazə verilmir.
21.4. Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi-tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədi ilə Azərbaycan Respublikasına idxalına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yol verilə bilər.

4-cü fəsil
MƏDƏNİ BİTKİLƏRİN GENETİK EHTİYATLARI ÜZƏRİNDƏ MÜLKİYYƏT, QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

Maddə 22. Mədəni bitkilərin genetik ehtiyatları üzərində mülkiyyət formaları

22.1. Mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatları dövlət, bələdiyyə və xüsusi mülkiyyət formasında ola bilər.
22.2. Dövlət mülkiyyətində olan ərazilərdə təbii məskənlərdə bitən mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatları dövlət mülkiyyətindədir.
22.3. Bioloji müxtəliflik üzrə Konvensiya qüvvəyə minənə qədər Azərbaycan Respublikası ərazisindən toplanmış və (və ya) mədəni bitkilərin genetik ehtiyatları kolleksiyalarında saxlanılan bitki nümunələri dövlət mülkiyyəti hesab edilir və onların əldə edilməsi qaydaları mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir.
22.4. Bioloji müxtəliflik üzrə Konvensiya qüvvəyə mindikdən sonra digər dövlətlərin ərazilərindən və (və ya) xarici kolleksiyalardan (beynəlxalq kolleksiyalar da daxil olmaqla) qorunub saxlanma üçün alınmış mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiya nümunələri, onları verən dövlətlərin və ya donorların mülkiyyətidir və onların əldə edilməsi şərtləri materialın verilməsi haqda xüsusi sazişlə müəyyən edilir.
22.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaq sahələrində bitən bitkilərin genetik materialları, həmçinin üzərində fiziki və hüquqi şəxslərin əqli mülkiyyət hüququ olan mədəni bitkilərin genetik ehtiyatları qanunun tələbləri nəzərə alınmaqla xüsusi mülkiyyətdə ola bilər.
22.6. Bələdiyyə mülkiyyətində olan ərazilərdə təbii məskənlərdə bitən mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatları bələdiyyə mülkiyyətindədir.
22.7. Bələdiyyə və xüsusi mülkiyyətdə olan ərazilərdə bitən mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatları üzərində dövlət mühafizəsi tələb olunduğu hallarda həmin ərazilər “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq mühafizə olunur.

Maddə 23. Mədəni bitkilərin genetik ehtiyatları sahiblərinin hüquqları

23.1. Mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatları sahiblərinin hüquqları aşağıdakılardır:
23.1.1. mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının kommersiya məqsədi ilə istifadəsindən alınan gəlirlərin bölüşdürülməsində iştirak etmək;
23.1.2. yerli mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının mühafizəsi, qiymətləndirilməsi, artırılması və səmərəli istifadəsi üzrə tədqiqatlara yardım göstərmək;
23.1.3. mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsində iştirak etmək;
23.1.4. milli qanunvericilik çərçivəsində mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə fəaliyyətlə bağlı beynəlxalq proqram və layihələrdə iştirak etmək;
23.1.5. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, aqrobiomüxtəlifliyin qorunub saxlanması və istifadəsi ilə məşğul olan beynəlxalq təşkilatlarla əlaqələr yaratmaq və həmçinin müştərək tədqiqatlar, mütəxəssis və texnologiya mübadiləsi aparmaq.
23.2. Mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatları sahiblərinin hüquqları dövlət tərəfindən qorunur.

Maddə 24. Mədəni bitkilərin genetik ehtiyatları sahiblərinin vəzifələri

24.0. Mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatları sahiblərinin vəzifələri aşağıdakılardır:
24.0.1. mülkiyyətlərində olan qiymətli genefond nümunələrinin lazımi şəraitdə mühafizəsini təmin etmək;
24.0.2. mülkiyyətlərində olan mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarını tükəndirmədən səmərəli istifadəsinə görə məsuliyyət daşımaq;
24.0.3. mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatları sahəsində ənənəvi təsərrüfat sistemlərini qoruyub saxlamaq;
24.0.4. qarşılıqlı razılıq əsasında yeni bitki sortlarının yaradılması və mövcud bitki sortlarının yaxşılaşdırılması üzrə tədqiqat işlərinə dəstək vermək;
24.0.5. sahib olduqları mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatları nümunələrini mühafizə, tədqiqat və seleksiya məqsədləri üçün tələb edildikdə Milli Genbanka və müvafiq elmi-tədqiqat institutlarına təqdim etmək;
24.0.6. mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının mühafizəsi, qiymətləndirilməsi, inkişaf etdirilməsi, istifadəsi və təbliği sahəsində tədris və təlim işlərinin təşkilində iştirak etmək;
24.0.7. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələr.

Maddə 25. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 26. Mübahisələrin həlli

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə əlaqədar mübahisələr qanunla müəyyən edilmiş qaydada həll olunur.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2011-ci il.

SƏNƏDLƏR Fərmanlar 29 dekabr 2024
17:52
“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan...

29 dekabr 2024, 17:52
SƏNƏDLƏR Sərəncamlar 29 dekabr 2024
17:50
Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Naxçıvan...

29 dekabr 2024, 17:50
SƏNƏDLƏR Qanunlar 29 dekabr 2024
17:39
“Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 11-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun...

29 dekabr 2024, 17:39
SƏNƏDLƏR Fərmanlar 29 dekabr 2024
17:38
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 72-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi...

29 dekabr 2024, 17:38
SƏNƏDLƏR Qanunlar 29 dekabr 2024
17:37
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan...

29 dekabr 2024, 17:37