İlham Əliyev Mərkəzi Seçki Komissiyasının inzibati binasının açılışında iştirak etmişdir

12 iyul 2010, 10:07
İlham Əliyev Mərkəzi Seçki Komissiyasının inzibati binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Prezident İlham ƏLİYEV yeni binanın istifadəyə verilməsi münasibətilə komissiyanın üzvlərini təbrik edərək dedi:

- Yeni binanın istifadəyə verilməsi münasibətilə sizi ürəkdən təbrik edirəm. Mərkəzi Seçki Komissiyası üçün gözəl, möhtəşəm bina yaradılıbdır. Bu, çox gözəl bir haldır, yəni artıq sizin üçün iş şəraiti də çox uyğun olacaqdır. Həm gözəlliyi ilə seçilir, - indi içəri də baxacağam, - amma bildiyimə görə, həm də içəridə şərait yaxşıdır. Yəni, biz bütün lazımi tədbirləri görürük ki, sizin işiniz daha da yaxşı təşkil olunsun. 

Mən çox şadam ki, son illər ərzində Mərkəzi Seçki Komissiyası öz işində böyük nailiyyətlər qazanıblar. Komissiyanın çox vacib funksiyaları vardır. Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər.

Sizin fəaliyyətinizdən çox şey asılıdır. Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulubdur, seçki prosesinin daha da təkmilləşdirilməsi işində beynəlxalq təşkilatlarla uğurlu fəaliyyət göstərir. Bu gün Azərbaycanda seçkilərin keçirilməsi prosesi artıq Avropa standartlarına uyğundur. 

Əminəm ki, Azərbaycanda qarşıdan gələn parlament seçkiləri də ədalətli keçiriləcək, xalqın iradəsi tam şəkildə öz əksini tapacaq və beləliklə, Azərbaycanda demokratiyanın inkişafı prosesində yeni önəmli addım atılacaqdır. 

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Həm memarlar, həm də inşaatçılar bu layihə üzərində uzun illərdir ki, işləyiblər. Əlbəttə, mən istəyirdim ki, həm xarici görünüşü də gözəl olsun, yeri də yaxşı yer seçilsin və eyni zamanda, daxildə də yaxşı şərait yaradılsın. Yerə gəldikdə, Bakının bu ucqar bölgəsi artıq mərkəzə yaxınlaşır, bu yaxınlarda metro da çəkilibdir, yeni stansiya da açılıbdır. Yəni, bura gəlmək asandır. Bir də ki, bu binalar təmir olunur. Burada Miqrasiya Xidmətinin binası bu yaxınlarda açılmışdır. Bura Bakının, bir növ yeni inzibati mərkəzinə çevriləcəkdir. 

Bir daha sizi təbrik edirəm.

X X X

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir PƏNAHOV dövlətimizin başçısına komissiya üzvlərinin və əməkdaşların minnətdarlığını çatdıraraq dedi: 

- Cənab Prezident, icazə verin, mən də komissiyanın bütün üzvləri adından, öz adımdan Sizə minnətdarlığımı bildirim. Komissiya üzvləri artıq bilirlər ki, bu bina layihələndirmə mərhələsindən tutmuş ta indiki mərhələyə qədər həmişə Sizin diqqətiniz altında olub. Biz də çalışmışıq ki, Sizin etimadınızı doğruldaq. İstəmişik ki, etimadınızı işimizlə doğrultduğumuz kimi, bina da Sizin ümumi standartlarınıza uyğun olsun. Siz özünüz layihəni bəyənəndən, ona öz xeyir-duanızı verəndən sonra çalışmışıq ki, bütün addımlar keyfiyyət baxımından Sizi qane edən standartlara uyğun olsun.

Mən deyərdim ki, komissiya üzvləri üçün bəlkə də Avropada analoqu olmayan bir iş şəraiti yaradılıbdır. Bizim bütün qonaqlarımız artıq məlumatlandırılıbdır. Mərkəzi Seçki Komissiyasının işi həmişə ulu öndərimizin diqqət mərkəzində olub və biz onun qayğısını daim hiss etmişik və sonra da həmişə Sizin hamiliyiniz, qayğınız altında fəaliyyət göstərmişik. Hesab edirəm ki, bizə göstərdiyiniz etimadı doğruldacağıq. Sizə uğurlar arzu edirik.

X X X

Sonra Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

aradılmış şəraitlə yaxından tanış olan Prezident İlham Əliyev bir daha yeni binanın istifadəyə verilməsi münasibətilə komissiyanın üzvlərini təbrik etdi, onlara işlərində uğurlar arzuladı. Binada yaradılmış imkanlardan razı qalan dövlətimizin başçısı burada kollektivin səmərəli fəaliyyəti üçün hər cür şəraitin olduğunu, bunun isə Mərkəzi Seçki Komissiyasının işinin daha səmərəli təşkilinə imkan verdiyini diqqətə çatdırdı.

Komissiyanın üzvləri onlar üçün yaradılan şəraitə görə, dövlətimizin başçısına minnətdarlıq etdilər.

Daha sonra Prezident İlham Əliyevə Mərkəzi Seçki Komissiyasının qarşısında quraşdırılmış günəş batareyalarının fəaliyyəti barədə məlumat verildi. Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov bildirdi ki, bu, paytaxtda həyata keçirilən ilk pilot layihədir. İlkin nəticələr uğurludur, belə ki, ərazidə quraşdırılmış günəş panelləri və kollektorları həm Mərkəzi Seçki Komissiyasının yeni binasındakı qəza işıqlarının, həm də ətrafdakı işıq dirəklərinin fasiləsiz enerji ilə təmin olunmasına imkan verir. Binanın isti su ilə təchizatı da günəş kollektorları vasitəsilə həyata keçirilir. Gələcəkdə belə layihələrin sayının artırılması və tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo