Prezidenti İlham Əliyev Gəncədə dahi Nizaminin məqbərəsi ətrafında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlət başçısı məqbərənin ətrafında görülən işlərlə bağlı stendlərə baxdı. Məlumat verildi ki, dahi Nizaminin vətəni olan Gəncədə böyük mütəfəkkirin məqbərəsinin yenidən qurulması son illərdə ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinin tərkib hissəsidir. Burada 7 min 540 kvadratmetr sahəyə qranit lövhə döşənmiş, dörd hovuz, iki şəlalə və fəvvarə yenidən inşa edilmiş, beş buta qranitlə üzlənmiş, bir süni göl və körpü yenidən təmir olunmuşdur. Məqbərənin qarşısından keçən yolun hər iki tərəfindəki istinad divarları da yenidən qurulmuşdur. Burada 11 hektar ərazidə yaşıllıq zolaqları salınmış, dekorativ ağaclar əkilmişdir.
Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, məqbərənin qarşısında dahi şairin muzeyinin tikilməsinə başlanmışdır.
Tikintisində Azərbaycanın tarixi-memarlıq üslubuna daha geniş yer veriləcək ikimərtəbəli muzeyin ümumi sahəsi 540 kvadratmetr olacaqdır. Bu muzeyin tikilməsi Nizami Gəncəvinin həyat və yaradıcılığının öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addım olacaqdır.
Prezident İlham Əliyev Nizami Gəncəvinin məzarı üzərinə gül dəstəsi qoydu.
Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.
Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması istiqamətində xeyli iş görülmüş, çoxlu sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi-tənqidi mətni hazırlanmışdır. Bu proseslərin intensivləşməsi əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmişdir. Lakin İkinci Dünya müharibəsinin baş verməsi ilə əlaqədar yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. Həmin illərdə Gəncədə dəfn olunduğu yerdə böyük filosof-şair Nizaminin möhtəşəm məqbərəsi ucaldılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir. 1970-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır.
Prezident İlham Əliyevin ötən ilin dekabrında Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Məhz bu Sərəncam Nizami yaradıcılığının daha mükəmməl tədqiqinə stimul verərək şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm addımdır.