29 sentyabr 2020, 22:30

Vaqif Şadlinskidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Xalqımızın, hər bir sadə vətəndaşın ürəyi bu tarixi günlərdə fəxrlə döyünür, hər birimiz televiziya ekranlarının qarşısında qürurla zəfər sorağındayıq. Mənfur düşmənlərimiz özləri insaniyyətə zidd ideologiyalarının qurbanına çevrilərək silahımızın gücü qarşısında aciz qalıblar. Azərbaycanımızın Sizin müdrik rəhbərliyiniz sayəsində əldə etdiyi qələbələr, ölkəmizin dünya arenasında artan nüfuzu, gənclərin Vətənə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması erməni-faşist rejiminin gününü qara edib.

Əziz Prezidentimiz, Siz Azərbaycanı alınmaz qalaya, şanlı Ordumuzu yenilməz qüvvəyə çevirmisiniz. Düşmən məhv edilir, qaçır. Azərbaycan əsgəri müqəddəs andına sadiq qalaraq torpağımızı azad edir. Biz qələbəni gözləyirdik, cənab Prezident! Bu qələbə sevincini bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan həkimləri və müəllimləri Sizin müsəlləh əsgərlərinizdir. Ali Baş Komandanımızın bizi tam qələbəyə çatdıracağına tamamilə əminik.

Biz həmişə sizinləyik.

Hörmətlə,

Vaqif Şadlinskidən, Əməkdar elm xadimi, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.