29 sentyabr 2020, 22:15

İlqar Vəliyevdən, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün vətənimiz Azərbaycanın cəbhədəki uğurlarına sevinən ürəklər Sizinlədir. Siz Azərbaycan xalqının öz torpaqlarını azad etmək iradəsini rəsmi olaraq bütün dünyaya bəyan etdiniz və “düşməni vur” əmrini verdiniz. Böyük əziyyətlə qazandığımız milli dövlətçiliyimizin, suveren Azərbaycan Respublikasının ərazi bütövlüyünün, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün mümkün və zəruri olan addımları atmısınız, bütün tədbirləri görürsünüz. Azərbaycan xalqı Sizinlə fəxr edir!

Siz ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq xalq-iqtidar birliyinin monolitliyini təmin etmisiniz. Bu böyük sınaq və qələbələr dövründə Azərbaycan vətəndaşları doğma vətənin müdafiəsi və erməni işğalı altında olan ərazilərimizin, o cümlədən Qarabağın azad edilməsində iştirak etməyi özünə şərəf, ləyaqət bilirlər. Bu mühiti Siz yaratmışınız, cənab Ali Baş Komandan. Komandanlığınızla cəbhədə işğalçı erməni faşistlərinin çirkin əməl və niyyətlərinin qarşısını alan Azərbaycan əsgərinin atası olaraq Sizinlə fəxr edirəm. Vətənimiz Azərbaycanın bu günü və günəşli sabahı üçün göstərdiyiniz qətiyyətə, əzm və iradəyə görə Sizə təşəkkürümü bildirirəm. Sizin ətrafınızda sıx birləşərək əlimdə silah müqəddəs vətən torpağının azad edilməsində iştirak etməyə hazıram. Yaşasın, müstəqil Azərbaycan Respublikası!

Allah Sizi, Ordumuzu və xalqımızı qorusun!

Vəliyev İlqar Məmməd oğlu.

Azərbaycan Respublikası, Zaqatala şəhəri.