29 sentyabr 2020, 20:45

Gülçöhrə Məmmədovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Milli Ordumuzun əldə etdiyi uğurlar, cəbhədəki erməni təxribatına verilmiş layiqli cavablar bizləri daha da ruhlandırır. Biz bu günü səbirsizliklə gözləyir, Sizin rəhbərliyinizlə Qələbə sevincini yaşayacağımıza inanırdıq. Rəşadətli Ordumuzun uğurları tezliklə bütün tarixi torpaqlarımızın işğalçılardan azad ediləcəyinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına böyük əminlik yaradır. Əminik ki, o gün uzaqda deyil.

Sizi və xalqımızı Vətənimizin azadlığı uğrunda qazanılan zəfər münasibətilə təbrik edirik. İnanırıq ki, qələbə xəbərləri Xankəndidə Azərbaycan bayrağının dalğalanmasına qədər davam edəcək. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığınız mübarizə Azərbaycan Memarlıq və İnşaat Universitetinin bütün kollektivi - professor-müəllim heyəti və tələbələri tərəfindən qürur və sevinc hissi ilə qarşılanır, yüksək qiymətləndirilir. Əminik ki, xalqımız Sizin ətrafınızda həmişə olduğu kimi, yenə sıx birləşərək mənfur düşmənlərimizə layiq olduğu yeri göstərəcəkdir.

Cənab Ali Baş Komandan, biz böyük zəfərlərin astanasındayıq. Bu yolda Sizə və rəşadətli Ordumuza güc-qüvvət, böyük uğurlar arzulayırıq. Qələbə bizimlədir!

Azərbaycan Memarlıq və İnşaat Universitetinin kollektivi adından hörmətlə,

Məmmədova Gülçöhrə, rektor.

Azərbaycan Respublikası, Bakı şəhəri.