İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammitində iştirak edib
18 iyun 2020, 20:30
İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitini giriş sözü ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel açdı.
Sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen çıxış etdi.
Daha sonra Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçıları çıxış etdilər.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel: İndi isə sözü Azərbaycan Prezidenti İlham Əliyevə verirəm. Cənab Prezident, buyurun.
Prezident İlham Əliyevin çıxışı
-Sağ olun, cənab sədr. Xanımlar və cənablar.
Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.
İşğala və humanitar fəlakətə baxmayaraq, Azərbaycan sosial-iqtisadi inkişafda böyük nəticələr əldə edib. Son 16 ildə ümumi daxili məhsulumuz 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacağıq. Ölkəmiz Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olmuş və onu maliyyələşdirmişdir. Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir.
Koronavirus pandemiyasına qarşı görülmüş tədbirlər bizə vəziyyəti nəzarətdə, itkiləri isə minimum səviyyədə saxlamağa imkan verib. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə 2019-cu ildə təşkilata sədr seçilən Azərbaycan bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn formatda Zirvə görüşünü təşkil etmişdir. Biz Avropa İttifaqı və Afrika İttifaqının həmin tədbirə qoşulmalarını yüksək qiymətləndiririk. Ali nümayəndə cənab Jozep Borelə videomüraciətinə görə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirik ki, bu, Avropa İttifaqı və Qoşulmama Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacaqdır. Biz, həmçinin BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi iclasının keçirilməsini təklif etmişik. Azərbaycan pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, ölkəmiz bu günə qədər 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirməyi planlaşdırır. Sağ olun.
X X X
Ermənistanın baş naziri Nikol Paşinyan ermənicə replika atır.
Şarl Mişel: Bizə tərcümə gəlmir, Paşinyan.
Nikol Paşınyanın replikası: Üzr istəyirəm, müdaxilə etməliyəm. Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi qərar verib ki, Azərbaycan öz ərazisində ermənilərə qarşı irqçı siyasət həyata keçirib. Ermənini yatarkən balta ilə qətlə yetirmiş və Avropa İttifaqına üzv dövlətin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı həmin ölkədən ekstradisiya ediləndən sonra cənab Əliyev tərəfindən əfv olunmuşdur. Bu şəxs Azərbaycanda hər kəs tərəfindən qəhrəman kimi vəsf edilir. Dağlıq Qarabağ erməniləri balta ilə qətlə yetirilməmək üçün özünümüdafiə hüququna malikdir.
Mən üzr istəyirəm, ancaq hesab edirəm ki, Şərq Tərəfdaşlığı platforması zorakılığa təhrik etmək üçün deyildir. Burada tərəfdaşlıq təşviq edilməlidir. Mən Azərbaycan Prezidentini təklif etdiyim konstruktiv məcraya və formulaya qayıtmağı dəvət edirəm ki, bu formulaya əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqları üçün məqbul olmalıdır.
X X X
Sonra Prezident İlham Əliyev yenidən söz alaraq çıxış etdi:
-Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim. Burada çıxışımı yekunlaşdırıram.
X X X
Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi. Bunu açıq-aydın sübut edən bir neçə məqamı diqqətinizə çatdırırıq. Birincisi, Ermənistan baş naziri tədbirdəki çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözünü işlədir. Ermənicə çıxışında isə “Artsax” sözünü işlədir.
Bu, bir daha onu göstərir ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsini işlədir. Paşinyanın Sammitdəki çıxışı həm də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini” göstərdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi. Çıxış yolu erməni dilində danışmaq idi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün təcili ehtiyacların ödənilməsi və təsirin azaldılması məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını da qeyd etdi. Azərbaycan Prezidenti isə çıxışında vurğuladı ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də dərin uçurumun mövcudluğunu nümayiş etdirən tutarlı faktdır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün sadəcə pul dilənir.
Paşinyan çıxışında daha bir yalana imza atdı. O, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi, Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirdi. Amma Paşinyan bilməlidir ki, beynəlxalq səviyyəli məhkəmənin qərarını təhrif etmək yolverilməzdir və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin də olduğu qeyd edilməyib. Qərarda baş vermiş hadisənin fərdi davranış əsasında törədildiyi qeyd olunub. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittiham edən Paşinyan növbəti dəfə özünü yalan və saxtakarlıqda ifşa etdi.
Prezident İlham Əliyev çıxışında erməni terrorçusu Karapetyanla bağlı məsələyə toxundu. Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş vermişdi. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində, əsas məqsədin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunur. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın ovaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilir, mənzil və işlə təmin olunur. Bu, bir daha onu göstərir ki, qanlı terror törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir.
Bütün bunlar bir daha sübut etdi ki, Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Bu isə bütün hallarda istənilən bir hökumət başçısı üçün arzuolunan vəziyyət deyil.
Ən maraqlı və gülüş doğuran məqamlardan biri də tədbirə Paşinyanın qoruyucu maska ilə qatılması idi. Qeyd edək ki, Paşinyan bir müddət əvvəl koronavirusa yoluxduğunu elan etmiş, daha sonra da sağaldığını açıqlamışdı. Mütəxəssislər deyir ki, tibbi protokollara görə koronavirusa yoluxan və sağalan adam heç kimi yoluxdurmur. Çünki bədəndə anticisim formalaşır və belə olduqda maska taxılmasına ehtiyac yoxdur. Bu halda Paşinyanın maska taxmasına nə ehtiyac var idi, həm də kamera qarşısında?! Kadrlardan da göründüyü kimi, Paşinyandan başqa heç bir dövlət və hökumət başçısı maska taxmayıb. Çünki beynəlxalq tibbi standartlara görə əgər yaxınlığında kimsə yoxdursa maska taxmaq lazım deyil. Deməli, bu, Paşinyanın növbəti ucuz şousudur. Onun bundan məqsədi özünü xalqı qarşısında qurban kimi göstərmək və ictimaiyyətin diqqətini cəlb etməkdir.