İlham Əliyev Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimində iştirak etmişdir

18 noyabr 2011, 12:00
İlham Əliyev Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimində iştirak etmişdir.

Aeroportun kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:

- Əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gözəl gündə sizi Qəbələ Beynəlxalq Aeroportunun açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün çox gözəl və əlamətdar bir gündür. 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikasının bayrağı Naxçıvanda milli dövlət bayrağı kimi qəbul edilmişdir, qaldırılmışdır. Bu hadisə bizim müstəqilliyimizi yaxınlaşdıran hadisə idi. O vaxt Sovet İttifaqının dağılmasına hələ bir ildən çox vaxt qalırdı. Bu müdrik və cəsarətli addımın atılması ulu öndərin öz xalqına nə qədər bağlı olduğunu bir daha göstərmişdir. O vaxt Naxçıvanın Ali Məclisində bayrağın dövlət bayrağı kimi qəbul edilməsi ilə yanaşı, Azərbaycan Ali Sovetinin qarşısında vəsatət qaldırılmışdır ki, bu milli bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin.

Bu gözəl tarixi gündə biz sizinlə görüşürük. Qəbələ Beynəlxalq Aeroportunun açılması da Azərbaycanda son illər ərzində görülən işlərin məntiqi nəticəsidir. Bu il biz müstəqilliyimizin bərpasının 20 illiyini qeyd edirik. Bu 20 il ərzində ölkəmiz böyük uğurlu və şərəfli yol keçmişdir. İyirmi il ərzində Azərbaycan böyük dərəcədə inkişaf etmişdir, güclənmişdir. 1993-cü ildən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycanı böyük dərəcədə irəliyə aparmışdır. Ölkədə həm iqtisadi, həm sosial məsələlər uğurla həll olunur. Azərbaycanın beynəlxalq arenadakı nüfuzu, təsir imkanları genişlənir. Biz dünya birliyində böyük hörmətə malik olan, layiq olan ölkəyik. Ölkəmizdə hər bir sahə inkişaf etdiyi kimi, Azərbaycanda nəqliyyat sektoruna da böyük diqqət göstərilir. Bu sektorda inkişaf göz qabağındadır. Son illər ərzində ölkəmizdə bir neçə beynəlxalq aeroport tikilmişdir - Naxçıvanda, Gəncədə, Lənkəranda, Zaqatalada. Nəhayət, Qəbələdə beynəlxalq aeroport fəaliyyətə başlayır. Bu aeroport istənilən hava gəmilərini qəbul etməyə qadirdir. Ən ağır yük təyyarələri də bura gələ bilər. Uçuş-enmə zolağı kifayət qədər böyükdür və istənilən təyyarənin ağırlığına davam gətirə bilər. Aeroport bütün beynəlxalq standartlara cavab verir. Beləliklə, əminəm ki, bu aeroportun gələcəyi də çox uğurlu olacaqdır. Ümid edirəm ki, gələcəkdə bu aeroportda beynəlxalq uçuşlar da təşkil ediləcəkdir.

Biz, bütövlükdə hava nəqliyyatının inkişafına çox böyük sərmayə qoyuruq. Aeroportların tikintisi və o cümlədən Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən tikilməsi, yeni aerovağzal kompleksinin, yeni zolaqların inşası bizim siyasətimizi açıq şəkildə göstərir. Azərbaycan coğrafi vəziyyətindən səmərəli şəkildə istifadə edir və nəqliyyat sektorunda aparılan islahatlar bu reallıqları təmin edir. Biz nəinki aeroportları yaradırıq, yeni müasir təyyarələri də ölkəmizə gətiririk. Son illər ərzində ən müasir, ən gözəl təyyarələr - “Boeing”lər, “Airbus”lar, “ATR” təyyarələri gətirilir. Demək olar ki, təyyarə parkı tam şəkildə dəyişdirilmişdir və indi ən yüksək səviyyəyə cavab verir.

Ölkəmizin beynəlxalq aeroportları - həm Gəncə, həm Naxçıvan, həm Lənkəran aeroportları beynəlxalq uçuşları da təşkil edir. Bu, insanların rahatlığını təmin edir, başqa ölkələrə rahat getmələri üçün şərait yaradır. Bu infrastruktur artıq Azərbaycanda yaradılıbdır. Qəbələ Beynəlxalq Aeroportunun yaradılması, hesab edirəm ki, bu proqramın ən axırıncı addımlarından biridir. Bundan sonra da Azərbaycanda yeni aeroportların tikintisi ilə bağlı fikir mübadiləsi aparılacaqdır. Əgər belə zərurət yaranarsa biz bu prosesi davam etdirəcəyik. Ancaq Qəbələ aeroportunun öz funksiyaları vardır. Bu aeroportun tikilməsinin məqsədi bölgəyə, Qəbələyə və ətraf bölgələrə turistlərin axınını gücləndirməkdir və təmin etməkdir. Nəzərə alsaq ki, Qəbələdə çox müasir və gözəl turizm infrastrukturu yaradılmışdır və bu proses davam etdirilir, ümid edirəm buraya gəlmək istəyənlər çox olacaq, başqa şəhərlərdən Qəbələyə birbaşa təyyarə uçuşları təşkil ediləcəkdir.

Bizim nəqliyyat sektoru inkişafdadır. Həm hava nəqliyyatı, həm də dəniz nəqliyyatı inkişaf edir, yeni tankerlər, bərələr, yük gəmiləri alınır. Bakıda standartlara cavab verəcək beynəlxalq yeni gəmiqayırma zavodu tikilir. Bakının yaxınlığında - Ələt qəsəbəsində Xəzər dənizində yeni ən böyük Beynəlxalq Dəniz Ticarət Limanı tikilir. Bu limanın yük ötürmə qabiliyyəti 10 milyon tondan 25 milyon tona qədər artırılacaqdır. Yəni, Xəzərdə ən böyük port Bakı portu olacaqdır. Dəmir yolları tikilir. Bakı-Tbilisi-Qars dəmir yolu tikilir və bu, Azərbaycanı etibarlı tranzit ölkə kimi dünyaya təqdim edəcək, qonşularımızla bizi birləşdirəcəkdir. Bu layihəni də Azərbaycan tərəfdaşları ilə birlikdə uğurla icra edir. Bu layihənin həyata keçirilməsində Azərbaycan təşəbbüskar kimi öz rolunu oynamışdır.

Avtomobil yollarımız əsaslı təmir edilir, yeni yollar tikilir. O cümlədən Qəbələ Beynəlxalq Aeroportuna gələn yol əsaslı şəkildə tikilir. Bütün magistral yollarda tikinti gedir. Bizim vətəndaşlar indi Bakıdan Qəbələyə gələrkən çox rahat, gözəl yoldan istifadə edirlər. Bu yol sərhədə - Balakənə qədər davam edəcəkdir. Bütün başqa istiqamətlər üzrə yollar tikilir. Yəni, Azərbaycanda nəqliyyatla bağlı bütün məsələlər uğurla, yüksək səviyyədə və peşəkarlıqla həll olunur.

Bu bölgənin gələcək inkişafı ilə bağlı konkret proqramlar və təkliflər vardır. Mən bütün bölgələrə eyni dərəcədə diqqət göstərirəm və hər bir bölgənin öz xüsusiyyətləri vardır. Bu şimal-qərb bölgəmizin xüsusiyyəti ondan ibarətdir ki, burada turizm potensialı çox güclüdür. Ancaq bu potensial o zaman reallaşa bilər ki, turizm infrastrukturu yaradılsın və biz bunu yaradırıq. Bakıdan sərhədə qədər bütün rayonlarda - Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarında müasir turizm obyektləri, mehmanxanalar, kempinqlər, istirahət zonaları tikilməkdədir, infrastruktur yenilənir.

Qəbələyə gəldikdə, son illər ərzində Qəbələ beynəlxalq mərkəzə çevrilmişdir. Burada ənənəvi keçirilən musiqi festivalları artıq dünyada çox məşhur olubdur və festivallarda iştirak edənlərin sayı ildən-ilə artır, dünyanın aparıcı sənət adamları bu festivalda iştirak edirlər. Bu gün Qəbələdə yeni Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişəm. Burada yeni mədəniyyət sarayı tikilməkdədir və gələn il istifadəyə veriləcəkdir. Əvvəlki dövrdə Diaqnostika Mərkəzi tikilibdir və burada tibbi xidmətin göstərilməsi üçün bütün imkanlar vardır. Yeni emal müəssisələri fəaliyyət göstərir. Onlar nəinki Azərbaycanda, bütün bölgədə ən qabaqcıl və ən böyük müəssisələrdir. Yeni iş yerləri, yeni sənaye sahələri açılır, evlər, mehmanxanalar tikilir. Burada tikilən mehmanxanalar dünya miqyaslı və dünya standartlarına cavab verən mehmanxanalardır. Bütün bunlar son illərin reallıqlarıdır. Bütün bunları biz əldə etmişik, bütün bu uğurlara çatmışıq və artıq Qəbələ rayonu, Qəbələ şəhəri xəritədə öz tarixi yerini bərpa edib. Qəbələ qədim yaşayış yurdudur, qədim şəhərdir. Qədim xəritələrdə Qəbələnin adını görmək mümkündür. Bu gün Qəbələnin tarixi şöhrəti özünə qaytarılıbdır. Bundan sonrakı dövrdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq, bütün infrastruktur layihələri yaxın iki il ərzində tam şəkildə icra ediləcəkdir və bu rayon potensialını maksimum dərəcədə işə salacaqdır.

Bu aeroportun tikintisi, bu gözəl tarixi gündə aeroportun açılması rəmzi xarakter daşıyır. Bu, 20 illik müstəqillik dövründə əldə edilmiş uğurlardan biridir. Bu uğurların sayı o qədərdir ki, onları saymaq, hesablamaq mümkün deyildir. Ancaq bu aeroport, bu gözəl bina, bu gözəl memarlıq əsəri Azərbaycan xalqına, Azərbaycan dövlətinə bundan sonra əbədi xidmət edəcəkdir. Bu, strateji obyektdir. Bunun strateji məqsədi və mənası vardır. Əminəm ki, bu aeroportun fəaliyyətə başlamasından sonra Qəbələyə turist axını daha da güclü olacaqdır.

Mən Sizi bir daha bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, bütün qəbələlilərə cansağlığı və yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi ABDULLAYEV ölkəmizin bütün bölgələri kimi Qəbələnin də inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi: 


-Möhtərəm cənab Prezident, icazə verin Qəbələnin bütün sakinləri adından Sizə ən səmimi salamlarımızı çatdırım və “Xoş gəlmisiniz!” deyim.

Yüksək məsuliyyət hissi ilə bu gün Sizə hesabat verərək bildirmək istəyirəm ki, təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Qəbələ rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlər uğurla yerinə yetirilir, rayona səfərləriniz zamanı verdiyiniz tapşırıqlar göstərdiyiniz qayğı və diqqət, birbaşa köməyiniz nəticəsində öz həllini tapır. Sizin “Qəbələ dünya miqyaslı turizm mərkəzlərindən birinə çevrilməlidir” tapşırığınız əsasında zəngin tarixi və təbii imkanları olan Qəbələnin çox böyük turizm potensialı üzə çıxarılaraq, bu potensialdan səmərəli şəkildə istifadə olunmağa başlanmışdır. Artıq rayonda ilboyu fəaliyyət göstərən 830 yerlik beşulduzlu üç otel, 700 yerlik üç və dördulduzlu otellər, istirahət və sağlamlıq mərkəzləri tikilərək istifadəyə verilmişdir. “Yengicə” İstisu Sağlamlıq Mərkəzinin gələn ilin birinci yarısında fəaliyyətə başlaması nəzərdə tutulmuşdur. Sizin tapşırığınızla turizmin inkişafı üçün vacib olan yol infrastrukturu da tamamilə yenilənir. Bakı-Qəbələ yolunun artıq böyük hissəsi tikilmiş, Qəbələ-Balakən yolunun çəkilişi isə davam etdirilir.

Möhtərəm cənab Prezident, bu gün isə nəinki bizim rayonun, bütün regionun həyatında çox mühüm əhəmiyyət kəsb edən tarixi bir hadisə baş verir. Tapşırığınız əsasında Qəbələ Beynəlxalq hava limanı rekord müddətdə - doqquz ay ərzində tikilərək istifadəyə verilir.

Bir vaxtlar magistral yollardan kənarda qalmış, bəzən unudulmuş Qəbələyə indi ən ağır “Boeing”, “Airbus” tipli təyyarələr enəcəkdir. Yeni hava limanı təkcə Qəbələnin deyil, bütün regionun turizm potensialından səmərəli istifadəyə, iqtisadiyyatın sürətli inkişafına imkan yaradacaq, əhalinin paytaxta və xarici ölkələrə gediş-gəlişini asanlaşdıracaqdır. Müasir standartlara cavab verən aerovağzal binası saatda yüzlərlə sərnişinə xidmət göstərə biləcəkdir. Yeni hava limanı ölkəmizin bu dilbər guşəsini yaxından tanımaq, onun tarixini, mədəniyyətini öyrənmək, burada biznes əlaqələri yaratmaq istəyən xarici turistlərə, mədəniyyət və incəsənət ustalarına, iş adamlarına çox böyük töhfə olacaqdır.

Möhtərəm cənab Prezident, keçən il rayonumuza səfəriniz zamanı dediyiniz “Azərbaycanın son illərdəki inkişafı Qəbələ rayonunun timsalında çox əyani şəkildə görünür” kəlamlarınız məsuliyyətimizi daha da artırmışdır. İcazənizlə məlumat verim ki, bilavasitə rəhbərliyiniz və tapşırığınız əsasında respublikamızda sahibkarlara yaradılmış münbit və işgüzar şəraitin, əməli köməyin nəticəsində artıq rayonda konserv, süd emalı, fındıq zavodları, su və limonad istehsalı müəssisəsi, beş tonluq soyuducu anbar və sair sənaye müəssisələri istifadəyə verilmişdir. Bu müəssisələrin işə düşməsi, turizm sektorunun keyfiyyətli qida məhsulları ilə təmin olunması ilə bərabər, rayonun iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatının daha sürətlə inkişafına, yeni iş yerlərinin açılmasına xidmət göstərir. Qəbələ mənşəli məhsulların xaricə ixracına da imkan verir.

Artıq məhsullarımız dünyanın 20-dən çox ölkəsinə ixrac olunur. Ən yüksək standartlara cavab verən, dünya şöhrətli “Beltmann” markalı pianoları istehsal edən fabrikin Qəbələdə tikilməsi ölkəmizin qeyri-neft sektoruna, regionların inkişafına xarici və yerli investorların böyük marağının və inamının göstəricisidir.

Son bir neçə ildə rayonda ümumi məhsul buraxılışının həcmi 4 dəfə, qoyulan investisiyaların həcmi 5,4 dəfə, o cümlədən tikinti- quraşdırma işlərinin həcmi 18,6 dəfə artmışdır. Nəticədə son illər rayonda 5542 sahibkarlıq subyekti fəaliyyətə başlamış, 10 minə yaxın iş yeri açılmış, Qəbələdə işsizlik problemi, demək olar ki, aradan qalxmışdır. Bütün bunlar regionlarda yaşayan insanların Sizin sayənizdə yeni iş yerləri, münbit iş şəraiti, yüksək gəlir, firavan yaşayışla təmin olunmasının ən bariz göstəricisi, Azərbaycanın sabahına, övladlarının gələcəyinə inamı deməkdir.

Möhtərəm cənab Prezident, müdrik rəhbərliyiniz, diqqət və qayğınız sayəsində ölkəmizin bütün bölgələri kimi, Qəbələ rayonu da kompleks şəkildə inkişaf edir, tikilir, böyük quruculuq-abadlıq işləri aparılır.

Qəbələyə son səfəriniz zamanı iştirakınızla “Laza” elektrik yarımstansiyasının istifadəyə verilməsindən sonra enerji təchizatı əsaslı şəkildə yaxşılaşmışdır. Şəhərin içməli su, kanalizasiya problemi icrası davam edən layihəyə əsasən gələn ilin sonunadək tamamilə öz həllini tapacaqdır. Rayonun yaşayış məntəqələrində qazlaşdırma prosesi sürətlə gedir. Sosial obyektlər, mədəniyyət, səhiyyə, təhsil ocaqları inşa olunur, yeni parklar, əyləncə yerləri salınır, küçə və prospektlər, meydanlar müasir memarlıq üslubunda qurulur.

Beynəlxalq hava limanını Qəbələ şəhəri ilə birləşdirən 22 kilometr uzunluğu olan asfalt-beton örtüklü magistral yol tapşırığınıza əsasən dünya standartlarına uyğun tikilməkdədir.

Cənab Prezident, Sizin sayənizdə indi Qəbələ öz tarixi görkəmini, Azərbaycan memarlıq üslubunu saxlamaqla, artıq Avropanın kurort şəhərləri ilə müqayisə oluna bilər. Qəbələ təkcə yerli və xarici turistlərin sevimli istirahət mərkəzi deyil, həm də beynəlxalq əhəmiyyətli görüşlərin, mötəbər idman və mədəniyyət tədbirlərinin keçirildiyi bir məkana çevrilməkdədir.

Son üç ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dünya şöhrətli musiqiçilərin iştirakı ilə ənənəvi olaraq iyul-avqust aylarında keçirilən Beynəlxalq Musiqi Festivalı dünyanın mötəbər mədəniyyət tədbirləri sırasına daxil olmaqdadır. Təkcə bu il keçirilən üçüncü Beynəlxalq Musiqi Festivalına dünyanın 25 ölkəsini təmsil edən tanınmış musiqiçilər qatılmışdılar. Fürsətdən istifadə edərək Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkilatçısı, bu tədbirin ərsəyə gəlməsi üçün çox böyük zəhmət çəkən, milli musiqi mədəniyyətimizin hamisi, Azərbaycanın birinci xanımı, çox hörmətli Mehriban Əliyevaya qəbələlilər adından dərin minnətdarlığımızı çatdırmaq istəyərdik.

Möhtərəm cənab Prezident, Sizin rayonumuza bugünkü tarixi səfəriniz qüvvəmizi qat-qat artırır, bizi yeni uğurlara ruhlandırır. Rayonumuzun inkişafında əldə olunan nailiyyətlər bütün ölkədə olduğu kimi, Qəbələdə də Sizin adınızla bağlıdır.

İcazə verin Qəbələnin bütün əhalisi adından Sizi bir daha əmin edim ki, qarşımıza qoyduğunuz vəzifələrin öhdəsindən layiqincə gələcək, böyük diqqət və qayğınıza əməli işimizlə cavab verəcəyik.
Sağ olun.

X X X

Daha sonra dövlətimizin başçısı aeroportun rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov məlumat verdi ki, aeroportun tikintisinə bu ilin yanvarında başlanılmışdır. Bunun üçün 360 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Prezidentinin Sərəncamına əsasən inşa olunan aeroport dünyanın ən yüksək standartlarına cavab verir. Burada məlumat bürosu, gözləmə zalı, internet otağı vardır. Aeroportda aviasiya təhlükəsizliyi, sərhəd və gömrük xidmətlərinin əməkdaşlarının rahat işləmələri üçün hərtərəfli şərait yaradılmışdır. Terminalda ən son təhlükəsizlik avadanlığı quraşdırılmışdır. Sərnişin qeydiyyatının rahat və vaxtında aparılması üçün 6 məntəqə yaradılmışdır. VİP sərnişin qeydiyyatı və salonu da ən son avadanlıqla təchiz olunmuşdur. Aeroportun ikinci mərtəbəsində restoran fəaliyyət göstərəcəkdir.

Qeyd edildi ki, saatda 200 sərnişin daşıma gücünə malik Qəbələ Beynəlxalq Aeroportu “AZVIRT” MMC tərəfindən inşa olunmuşdur.

Prezident İlham Əliyevə Qəbələ-Ağdaş yolunun yenidən qurulması layihəsi də təqdim olundu. Dövlətimizin başçısı layihə ilə bağlı tapşırıqlarını verdi.

Sonra Azərbaycan Prezidenti dispetçer məntəqəsi ilə də tanış oldu. Bildirildi ki, uçuşların idarə olunması üçün quraşdırılan avadanlıq dünya standartlarına cavab verir.

Qeyd edildi ki, aeroportun uçuş-enmə zolağının uzunluğu 3,6 min metr, eni isə 60 metrdir. Yönəldici yolun sahəsi 26 min kvadratmetrdir. Aeroport çəkisi 400 tona qədər olan təyyarələri qəbul etmək imkanına malikdir. Perronun sahəsi 100 min kvadratmetrdir. Burada, həmçinin təyyarələrin saxlanılması üçün 10 meydança yaradılmışdır ki, bunun da dördü xüsusilə ağır çəkili təyyarələr üçündür. İlkin mərhələdə aeroportda 200 nəfər işlə təmin olunacaqdır. Aeroportun ərazisində geniş yaşıllaşdırma işləri də aparılmışdır.

Prezident İlham Əliyev Qəbələ Beynəlxalq Aeroportunda “Silk Way” şirkətinə məxsus karqo təyyarəsinə yükün doldurulması prosesini izlədi. Məlumat verildi ki, “Boeing-747” tipli yük təyyarəsi dünyada ən ağır təyyarələrdən hesab olunur. “Gilan Holdinq”in müəssisələrində istehsal olunan 100 ton məhsulun yükləndiyi həmin təyyarə ilk reyslə Qəbələdən Polşanın paytaxtı Varşavaya yola düşdü.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15