Prezident İlham Əliyev Ucar rayonuna səfərə gəlmişdir.
Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Ucar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, ərazi əsaslı surətdə yenidən qurulmuş, geniş yaşıllaşdırma və abadlıq işləri aparılmış, müasir park salınmışdır. Üç hektara yaxın sahəsi olan parkda dörd müasir fəvvarə, işıqlandırma sistemi quraşdırılmış, dekorativ ağac və gül kolları əkilmişdir. Müasir görkəm almış park ucarlılarla yanaşı, rayona gələn qonaqların da sevimli istirahət guşəsinə çevrilmişdir.
Prezident İlham Əliyev Heydər Əliyev abidəsinin müəllifi, Xalq Rəssamı Ömər Eldarov ilə görüşdü.
Sonra dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidentinə məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə milli memarlıq üslubunda inşa olunan mərkəzdə ümummilli liderin zəngin irsinə həsr olunmuş ekspozisiya zalı vardır. Burada ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini, eləcə də onun müxtəlif illərdə respublikamızın bölgələrinə səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Zalda, həmçinin ulu öndərin zəngin irsinin gələcək nəsillərə çatdırılması üçün iki virtual tədris sinfi, kitabxana, ümummilli liderə aid sənədlərin saxlandığı xüsusi guşə fəaliyyət göstərir.
Prezident İlham Əliyev mərkəzin akt zalına baxdı. Orijinal dizaynda yaradılan 200 nəfərlik zal rayon və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Buradakı tədris siniflərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti öyrənilməklə yanaşı, onun mədəniyyətə, incəsənətə, idmana və digər sahələrə diqqət və qayğısı barədə məlumat veriləcəkdir. Burada, həmçinin xarici dillər mərkəzi, xalça və rəsm studiyaları yerləşir. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmaları, bilik və bacarıqlarını inkişaf etdirmələri üçün kurslar da təşkil olunacaqdır. Bunun üçün internet sinfi və kompyuter mərkəzi qurulmuşdur.
Mərkəzin üçüncü mərtəbəsində müasir Azərbaycan rəssamlarının əsərlərinin nümayiş olunduğu rəsm qalereyası fəaliyyət göstərir. Gələcəkdə burada müxtəlif sərgilərin təşkili də nəzərdə tutulmuşdur.
Mərkəzlə yaxından tanış olan Prezident İlham ƏLİYEV rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək dedi:
- Əziz dostlar! Bu gün çox gözəl bir gündür. Ucarda möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzulayıram. Bu, doğrudan da möhtəşəm mərkəzdir, saraydır. İndi Azərbaycanın bölgələrində, rayonlarında Heydər Əliyev mərkəzləri tikilibdir, fəaliyyət göstərir, tikilməkdədir. Deyə bilərəm ki, onların içində öz gözəlliyi və əzəməti ilə seçilən Ucardakı Heydər Əliyev Mərkəzidir. Həm xarici görünüşü, həm daxili tərtibatı, dizaynı, eyni zamanda, mərkəzin funksional cəhətləri də çox gözəldir. Belə mərkəzlərin tikintisi ulu öndərin xatirəsinə Azərbaycan xalqının hörmətinin təzahürüdür. Eyni zamanda, bu mərkəzlərdə ulu öndərin siyasi irsi öyrənilir. Bununla bərabər, belə mərkəzlərdə müxtəlif tədbirlər də keçirilməlidir və keçirilir. Mən çox şadam ki, bu mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün çox gözəl şərait vardır. Rayonun bütün vacib tədbirləri burada keçiriləcəkdir. İnternet imkanları vardır, dərnəklər fəaliyyət göstərəcəkdir. Bir sözlə, bu mərkəz yaşayacaq və Ucara əlavə yaraşıq verməklə bərabər, mərkəzin ətrafında insanlar istirahət edəcəklər, gözəl meydan yaradılıbdır, böyük abadlıq işləri aparılıbdır.
Mən çox şadam ki, Ucarda son illər ərzində abadlıq, quruculuq işləri uğurla gedir. Əminəm ki, gələcək illərdə də bu meyillər daha da güclənəcəkdir. Elə etməliyik ki, hər bir bölgə, hər bir rayon mərkəzi, hər bir kənd abadlaşsın, gözəlləşsin. Bunu etmək üçün imkanlarımız vardır. Belə gözəl mərkəzlərin yaradılması, gözəl meydanların salınması göstərir ki, Azərbaycan uğurla inkişaf edir, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Bütün uğurlarımızın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Bu il biz müstəqilliyimizin bərpasının 20 illik yubileyini qeyd edərkən bir daha tarixə nəzər salaraq görürük ki, ulu öndərin Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında müstəsna xidmətləri olmuşdur. Ölkəmiz üçün ən ağır zamanlarda xalqın tələbi ilə rəhbərliyə gəlmiş Heydər Əliyev vəziyyəti sabitləşdirdi və Azərbaycanı inkişaf yoluna çıxardı. Bu yaxınlarda müstəqilliklə bağlı tədbirlərdə bu tarix haqqında kifayət qədər geniş danışmışıq. Ölkəmizdə bütün bölgələrdə müstəqilliyin bərpası ilə bağlı müxtəlif tədbirlər keçirilmişdir. Azərbaycanda dövlətçilik əsaslarının qoyulması, hüquqi dövlətin qurulması, demokratik prinsiplərin bərqərar olması və islahatların aparılması işində Heydər Əliyev müstəsna xidmətlər göstərmişdir. Bu gün bu siyasət davam etdirilir. Biz bu siyasətə sadiqik. Azərbaycan xalqı Heydər Əliyev siyasətinə sadiqdir, onun xatirəsinə daim hörmət və ehtiramını bildirir. Bu siyasət Azərbaycanda yeni imkanlar açır. Son illər ərzində ölkəmizin bütün bölgələrində geniş quruculuq, abadlıq işləri aparılır. Hər bir rayonda işlər görülür, binalar, məktəblər tikilir, qazlaşdırma gedir, kommunal infrastruktur layihələri icra edilir və ölkəmizin hərtərəfli inkişafı məhz bu amillərdən asılıdır.
Bizim güclü iqtisadi potensialımız var, artıq bu, reallıqdır. Dünyada mövqelərimiz möhkəmlənir və bu reallıqlarla da hesablaşırlar. Azərbaycan bu gün regional işlərdə lider dövlətdir, Cənubi Qafqazda lider dövlətdir. Cənubi Qafqaz iqtisadiyyatının 83 faizi Azərbaycan iqtisadiyyatıdır. Siyasi sahədə təşəbbüslərimiz bölgədə, regionda əməkdaşlığın dərinləşməsi üçün mühüm rol oynayır. Dünyada mövqelərimiz möhkəmlənir.
Bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bir daha ölkəmizin qüdrətini göstərir. Bir daha Azərbaycan siyasətinin nə qədər düzgün olduğunu göstərir. Ölkə daxilində gedən proseslər, iqtisadiyyatla bağlı olan məsələlər statistik göstəricilərdə özünü əks etdirir. Bu məsələlərlə məşğul olan qurumlar, insanlar, ekspertlər əlbəttə ki, Azərbaycanın uğurlu inkişafını görürlər və qiymətləndirirlər.
BMT Təhlükəsizlik Şurasına böyük üstünlüklə seçilməyimiz isə bütün dünyaya Azərbaycanı müasir, qüdrətli, böyük nüfuza malik ölkə kimi təqdim etdi. Beynəlxalq birlik tərəfindən Azərbaycana böyük hörmət, etimad, inam göstərilir. 155 ölkə bizi dəstəklədi. 155 ölkə bizi müdafiə etdi, bizə inandı və ümid etdi. Əlbəttə ki, biz bu ümidləri doğruldacağıq. İlk növbədə biz Azərbaycan xalqının ümidlərini doğrulduruq və doğruladacağıq. Ölkəmizdə aparılan islahatlar və görülmüş işlər bunun əyani sübutudur. Bizə inanan tərəfdaşlarımızın, dost olan ölkələrin ümidlərini də doğruldacağıq. Biz dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasında sadiq olduğumuz prinsipləri müdafiə edəcəyik. İlk növbədə ədaləti müdafiə edəcəyik. Biz bütün işlərə ədalət nöqteyi-nəzərdən yanaşırıq. Həm ölkə daxilində gedən proseslər, həm də xarici siyasətimizlə bağlı təşəbbüslər ədalət prinsipləri əsasında qurulubdur.
Biz Təhlükəsizlik Şurasında beynəlxalq hüququn keşiyində duracağıq. Biz bütün məsələlərin beynəlxalq hüquq əsasında həll olunmasının tərəfdarıyıq. Dünyada ikinci mexanizm yoxdur, ola da bilməz. Beynəlxalq hüquq prinsipləri ona görə dünya ictimaiyyəti tərəfindən qəbul edilir ki, bunlar ədalətli prinsiplərdir. Bizim ədalətli işimiz, Qarabağ münaqişəsi, torpaqlarımızın işğal altına düşməsi məsələsi də yalnız beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır.
Bu yaxınlarda üzv olduğumuz BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dörd qətnamə qəbul etmişdir. Ədalətli qərarlar qəbul etmişdir. Ancaq əfsuslar olsun ki, bu qərarlar icra edilmir.
Artıq biz bu mötəbər qurumun üzvüyük. Artıq dünya miqyasında seçilmiş ölkələrin sırasındayıq. Əlbəttə ki, öz maraqlarımızı müdafiə edəcəyik, Azərbaycanla, bölgə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdıracağıq. Ancaq onu da qeyd etməliyik ki, bu səsvermə bizim üçün nə qədər sevindirici və qürurverici olsa da, məsuliyyətimizi də bir o qədər artırır. Biz bu məsuliyyəti üzərimizə götürməyə hazırıq. Əks təqdirdə namizədliyimizi irəli sürməzdik. Eyni zamanda, bu səsvermə onu göstərir ki, Azərbaycan haqqında dünyada kifayət qədər məlumatlar vardır. Bəzi hallarda müxtəlif məsələlərdə dünya birliyinin fikrinə, rəyinə istinad edilir. Dünya birliyi bütün ölkələrdir. Onların mütləq əksəriyyəti Azərbaycanın yanındadır. Yəni, dünya birliyi bizimlədir. Gələcəkdə dünya birliyinə istinad edərkən hər hansı bir fikri, yaxud da ideyanı irəli sürmək istəyəndə bəzi dairələr bilməlidirlər ki, dünya birliyinin rəyi bax bu səsvermədə öz əksini tapıbdır. Azərbaycan dünya birliyi tərəfindən təqdirlə qeyd edilən ölkədir. Bu böyük nailiyyətdir, böyük uğurdur. Bu bir də onu göstərir ki, son illər ərzində Azərbaycan düzgün yol seçmişdir. Yenə də deyirəm, bu yolu bizə ulu öndər göstərmişdir. Biz son illər ərzində onun siyasi və mənəvi irsinə sadiq qalaraq, islahatları apararaq ölkəmizi böyük dərəcədə gücləndirə bilmişik.
Biz həmişə konkret işlərlə məşğul olmuşuq və bu gün də məşğuluq. Bütün bölgələrin abadlaşması, bölgələrdə yeni iş yerlərinin açılması və belə gözəl sarayların tikintisi bugünkü Azərbaycan reallıqlarıdır. Dünya üçün ən çətin, ən böhranlı illərdə iqtisadiyyatımız artır, maaşlar, pensiyalar artırılır, infrastruktur layihələrinin icrasında heç bir yubanma, geriləmə yoxdur. Verilmiş bütün vədlər yerinə yetirilir.
Eyni zamanda, xarici siyasətimizlə bağlı ölkə daxilində fikir ayrılığı yoxdur. Ancaq özlərini ekspert adlandıran insanlar bəzi hallarda həm ölkə daxilində, həm də xaricdə bizim xarici siyasətimizlə bağlı müxtəlif fikirlər səsləndirirdilər. Bəzi hallarda tənqidi xarakterli fikirlər səsləndirirdilər ki, Azərbaycanın tarazlaşdırılmış siyasəti yanlış siyasətdir. Azərbaycan hansısa bir qüvvəyə yaxın olmalıdır, hansısa qüvvənin qanadı altına keçməlidir. Bax bu səsvermə bütün bu yanlış və zərərli fikirləri bir daha alt –üst etdi. Bu səsvermə göstərdi ki, yeganə düzgün siyasət Azərbaycan siyasətidir. Bu, balanslaşdırılmış siyasət deyil. Mən bunu bir daha demək istəyirəm ki, bu, müstəqil siyasətdir. Biz müstəqil ölkə kimi özümüzə hörmət edirik, xalqımıza, dövlətimizə hörmət edirik. Siyasətimizi yalnız Azərbaycan xalqının maraqları üzərində qururuq. Bütün ölkələrlə onların ölçülərindən, qüdrətindən asılı olmayaraq bərabərhüquqlu münasibətlər qurmuşuq. Bu münasibətlər artıq oturuşmuş münasibətlərdir. Azərbaycanı dünyada etibarlı tərəfdaş və ləyaqətli ölkə kimi tanıyırlar. Ona görə xarici siyasətlə bağlı bundan sonra əminəm ki, fikir ayrılığı olmayacaqdır. Siyasətimizin uğurlu olmasını ən yaxşı şəkildə göstərən bu səsvermədir. Nə üçün mən bu məsələyə bu qədər diqqət verirəm. Təkcə ona görə yox ki, bu, bizim böyük qələbəmizdir və haqlı olaraq fəxr edirik ki, bu qələbəni biz qazanmışıq. Ona görə ki, artıq bu qələbə 20 illik müstəqillik dövrünə yekun vurur. Bu, bir mərhələdir. Ən yüksək səviyyədir ki, biz çatmışıq. Ancaq bu bizi sakitləşdirməməlidir. Biz gələcəyə inamla baxırıq. Gələcək haqqında konkret planlarımız, proqramlarımız vardır və onlar icra edilir. Bundan sonra 20 il ərzində Azərbaycan hansı nailiyyətlərə çatacaqdır?! Əlli il bundan sonra Azərbaycan necə inkişaf edəcəkdir?! Bax o 50 il bundan sonrakı inkişafın təməlini biz bu gün qoyuruq.
Mən bu yaxınlarda Nazirlər Kabinetinin toplantısında demişəm ki, son səkkiz ildə iqtisadiyyatımız üç dəfə artıbdır. Heç bir ölkədə buna bənzər mənzərə yoxdur. Bundan sonrakı 10 il ərzində daha iki dəfə də artmalıdır. Bu, çox ciddi bir siqnaldır və böyük bir öhdəlikdir. Bunu icra etmək asan olmayacaqdır. Nəzərə alsaq ki, bugünkü iqtisadi potensialımız kifayət qədər güclüdür və bunu iki dəfə artırmaq böyük məharət və peşəkarlıq tələb edəcəkdir. Ancaq mən inanıram və bilirəm ki, qəbul edilmiş proqramların düzgün icrası nəticəsində biz buna bəlkə də artıqlaması ilə nail olacağıq. Biz bu inkişafı ilk növbədə qeyri-neft sektorunun hesabına və bölgələrin hesabına təmin etməliyik. Ona görə hər bir bölgədə quruculuq–abadlıq işləri ilə bərabər, investisiya layihələri icra edilir, yeni müəssisələr yaradılır, iş yerləri açılır və ölkə iqtisadiyyatı sürətlə inkişaf edir.
Bir daha demək istəyirəm ki, bugünkü tədbir də, bu möhtəşəm Heydər Əliyev Sarayı, bu gözəl meydan, əslində Azərbaycanın inkişafını təcəssüm etdirir. Bu gün inkişaf edən, çiçəklənən Azərbaycan üçün belə binalar lazımdır. Məktəblər, binalar, xəstəxanalar, yollar, abadlıq-quruculuq göz oxşayır. Bu binalar yaraşıq verir. Bu binalar Azərbaycanın uğurlu inkişafını əks etdirir.
Əziz dostlar, mən sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Bütün ucarlılara cansağlığı və yeni uğurlar arzu edirəm.
Sağ olun.
X X X
Rayon ictimaiyyəti adından çıxış edən Gülzar İSRAYILOVA dövlətimizin başçısına ucarlılar adından minnətdarlıq edərək dedi:
- Möhtərəm cənab Prezident, Sizi bütün Ucar ictimaiyyəti adından salamlayır və rayonumuza “Xoş gəlmisiniz!” deyirəm.
Bu gün biz müstəqil Azərbaycan adlı şah əsərin müəllifi olan dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan möhtəşəm bir mərkəzin açılışına toplaşmışıq. Ucarlılar 1978-ci ilin iyun ayında ulu öndərimizin rayonumuza gəlişini çox yaxşı xatırlayırlar. O zaman ulu öndərimizin rayonumuzun bir sıra kəndlərində olması, zəhmət adamları ilə görüşməsi ucarlıların yaddaşında dərin iz buraxmışdır. Ulu öndərimizin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə xalqımız üçün gördüyü işlər, qurub-yaratdıqları indi də hamı tərəfindən böyük minnətdarlıqla yad edilir. Ölkəmizdə anarxiyanın, xaosun, özbaşınalığın hökm sürdüyü 1990-cı illərin əvvəllərində Azərbaycanımız müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldıqda da xalqımız ulu öndərimizə müraciət etmişdir. O zaman ulu öndərimizin cəsarəti, qətiyyəti bütün Azərbaycanımızın, xalqımızın taleyində həlledici rol oynadı. Ulu öndərimiz müstəqil Azərbaycanı ayağa qaldırdı, Azərbaycanın bir dövlət kimi formalaşmasını, möhkəmləndirilməsini, iqtisadi təhlükəsizliyini təmin etdi. Bundan sonra daim yaşayacaq bir Azərbaycan dövlətini yaratdı. O ildən bu günə kimi Azərbaycan bu yolla uğurla irəliləyir.
Bu gün hər birimizdə bir arxayınlıq vardır. Çünki Siz ən dürüst yolla – ulu öndərimizin yolu ilə gedir, onun ölməz ideyalarını çox yüksək səviyyədə həyata keçirirsiniz. Mən bir təhsil işçisi kimi bilirəm ki, Heydər Əliyev nümunəsi şagirdlərimizə Vətənə sədaqət, torpağa sonsuz məhəbbət və vətənpərvərlik ruhunda tərbiyə olunmalarına necə müsbət təsir göstərir. Bu əzəmətli mərkəz bu sahədə apardığımız işlərimizə güclü təkan verəcəkdir.
Mərkəzdə müxtəlif sahələr üzrə yaradılmış dərnəklər gənclərimiz arasında sıx ünsiyyətin qurulmasına xidmət edəcəkdir. Buradakı elektron kitabxananın köməyi ilə gənclərimiz dünya kitabxanalarının imkanlarından istifadə edə biləcək, intellektual səviyyələrini, dünyagörüşlərini artıracaqlar.
Möhtərəm cənab Prezident, bu günlərdə xalqımız Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. Ötən 20 ildə Azərbaycan özünü bütün dünyaya inkişaf etmiş bir ölkə, etibarlı tərəfdaş kimi tanıtdırmışdır. Bu gün Azərbaycanın dünya dövlətləri arasında nüfuzu artır. 155 dövlətin dəstəyini qazanmaqla Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Sizin gərgin əməyinizin nəticəsi, Heydər Əliyev ideyalarının qələbəsidir.
Möhtərəm cənab Prezident, Sizin diqqət və qayğınız sayəsində bütün ölkəmiz kimi, Ucar rayonu da sürətlə inkişaf edir, müasirləşir. Burada gözəl istirahət parkları salınır, çoxsaylı təhsil və səhiyyə müəssisələri inşa edilir. Müqəddəs Qurban bayramı ərəfəsində ən müasir tələblərə cavab verən uşaq xəstəxanasının, şahmat məktəbinin, eləcə də digər sosial obyektlərin açılışı bizim üçün böyük hədiyyədir. Bütün bunlara görə Sizə və çox hörmətli Mehriban xanıma bütün ucarlıların təşəkkürünü və dərin ehtiramını çatdırıram.
Möhtərəm cənab Prezident, biz inanırıq ki, yalnız Sizin müdrik rəhbərliyinizlə xalqımızın taleyüklü problemləri tezliklə öz həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Bu yolda bütün ucarlılar adından Sizə uzun ömür, cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Çox sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.