İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatı

25 oktyabr 2011, 12:00
İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatı

- Əziz dostlar, hörmətli xanımlar və cənablar!

Bir neçə saat bundan əvvəl ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisə baş vermişdir. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilmişdir. Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, həqiqətən də böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür.

Bildiyiniz kimi, iki gün ərzində keçirilən seçkilərdə Azərbaycan bütün turlarda, bütün mərhələlərdə üstünlük əldə etmişdir. Birinci turda 3 namizədin arasında 1-ci yeri Azərbaycan tutmuşdur. Ondan sonra keçirilən səsvermələrdə həmişə bizim ölkəmizə çox böyük dəstək verilmişdir. Nəticədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək bizi bu mötəbər təşkilata üzv seçdi. Mən fürsətdən istifadə edərək bizə inanan, bizə güvənən, bizə böyük hörmət göstərmiş bütün ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət edəcəkdir.

Uğurlarımız kifayət qədər çoxdur. Bu il biz müstəqilliyimizin 20 illiyini qeyd edirik. Biz bu böyük yubileyi böyük təntənə ilə və böyük uğurlarla qeyd edirik. Yubiley ərəfəsində keçirilmiş tədbirlər, verilmiş bəyanatlar ölkənin dinamik və uğurlu inkişafını əks etdirir. Yəni, ölkəmiz bütün sahələrdə inkişaf edir. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Ölkəmizdə dünyada analoqu olmayan inkişaf yaşanır. Bu inkişaf bütün sahələrdə özünü göstərir. Azərbaycan həm sosial məsələlərin həllində, iqtisadi inkişafda, infrastruktur layihələrinin icrasında uğurla irəliyə gedir. Bütün bu uğurlarla, ölkə daxilində aparılan islahatlarla bərabər bizim xarici siyasətimiz də çox çevik və uğurludur. Bizim xarici siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin edir. Bu siyasət əməkdaşlığı genişləndirmək, artırmaq üçün aparılan siyasətdir.

Bizim dünyadakı dostlarımızın sayı artmaqdadır. Mən dəfələrlə bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyətinə fikirlərimi bildirmişdim. Bu gün də demək istəyirəm ki, dünyada dostlarımız kifayət qədər çoxdur. Əgər əvvəlki dövrlərdə belə bəyanatlar konkret nəticələrlə təsdiqlənmirdisə, bu səsvermə verilən bütün bu bəyanatların əyani sübutudur. Dünya miqyasında 155 ölkə Azərbaycana inanır, Azərbaycana hörmət edir, Azərbaycana rəğbətlə yanaşır və Azərbaycanı dəstəkləyir.

Müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi doğrudan da tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib.

Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir. Bu böyük qələbə münasibətilə mən öz sevincimi Azərbaycan vətəndaşları ilə bölüşmək istəyirəm. Bir daha bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək, bundan sonra da qələbələrimizin sayı çox olacaqdır. Əziz dostlar, bu tarixi hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun. 

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10