24 aprel 2019, 11:55

Rasimə Sadıqovadan, Göygöl, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Bu məktubu yazmaqda əsas məqsədim budur ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan addımlara, imzalanan fərman və sərəncamlara görə öz adımdan Sizə dərin minnətdarlığımı bildirim.

Mən Göygöl şəhərində tək yaşayıram, ahıl insanam. Dövlət tərəfindən qayğı ilə əhatə edilmişəm. Bu, məni çox sevindirir. Tək yaşasam da, yada salınmağım cəmiyyətdən təcrid olunmadığımı göstərir. Mən Sizə təşəkkür edirəm ki, bizi düşünürsüz, ahılları diqqətdən kənarda qoymursunuz.

Siz ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısısınız. Biz ahıllar Sizin qayğınızı daim hiss edirik, Siz həmişə xalqın sevimli Prezidenti olmusunuz, problemləri ilə yaxından maraqlanmısınız və rifah halının yaxşılaşdırılması üçün zəruri işlər görmüsünüz. Bütün bu addımlarınızı, xalqımızın xoş rifahı və sosial müdafiəsi üçün görülən tədbirləri yüksək qiymətləndirirəm. Mən Sizi və birinci xanım Mehriban Əliyevanı həmişə dəstəkləyirəm. Əminəm ki, digər ahıllar da bizə övlad qədər can yandıran əziz Prezidentimizin yürütdüyü siyasətə, gördüyü tədbirlərə dəstək verirlər. Mən Sizinlə qürur duyuram. Mənim övladım olmasa da, Sizi özümə övlad bilirəm. Ulu Tanrım Sizi qorusun!

Hörmətlə,

Sadıqova Rasimə İdris qızı.

Azərbaycan Respublikası, Göygöl rayonu.