24 aprel 2019, 11:40

Əbil Zeynalovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə müstəqil Azərbaycanda dinamik inkişafın yeni mərhələsi uğurla davam edir. Ötənilki prezident seçkilərində elan etdiyiniz islahatlar xəttini qətiyyətlə həyata keçirməyiniz nəticəsində dövlətimiz güclənir, xalqımızın rifahı yüksəlir, vətəndaşların yaşayış səviyyəsi daha da yaxşılaşır. Biz – “Qobu park” yaşayış kompleksində məcburi köçkün kimi yeni mənzillərlə təmin olunmuş müharibə veteranları və əlilləri bütün bunları görür, öz şəxsi həyatımızda hiss edirik. Sizin diqqət və qayğınız sayəsində bu gün layiqli və rahat həyata qovuşmuşuq. Eyni zamanda, torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyinə inanırıq və Sizin bu istiqamətdə apardığınız məqsədyönlü, qətiyyətli siyasəti ürəkdən dəstəkləyirik. Son vaxtlar Sizin sosial sahədə apardığınız islahatlar, qəbul etdiyiniz qərarlar ölkəmizdə milyonlarla insanın sosial müdafiəsini gücləndirib. Pensiya və müavinətlərin artırılması barədə sərəncamlarınız həm müharibə veteranı və əlili, həm də məcburi köçkün kimi bizim hər birimizin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Cənab Prezident, biz bilirik ki, dünyanın heç bir ölkəsində vətəndaşlara, xüsusən məcburi köçkün vəziyyətində olan insanlara Azərbaycanda olduğu qədər diqqət, qayğı və himayədarlıq göstərilmir. Sizin bu sahədə fəaliyyətiniz bütün dünya üçün nümunədir. Bu gün xalqımız dinc şəraitdə yaşayır. Siz hər zaman deyirsiniz ki, sülh yolu ilə mümkün olmasa Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək. Sizin komandanlığınız altında şanlı ordumuz 2016-cı ilin Aprel döyüşlərində bunu bir dəfə sübuta yetirib. Biz döyüş təcrübəsi olan veteranlar da Sizin - Ali Baş Komandanın əmrini hər an yerinə yetirməyə hazırıq. Ölkə vətəndaşlarına, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, xalqımızın xoşbəxtliyi, dövlətimizin qüdrətlənməsi naminə şərəfli fəaliyyətinizdə bundan sonra da yeni-yeni uğurlar arzulayırıq.

Qarabağ müharibəsi veteranları və əlilləri adından dərin hörmət və ehtiramla,

Zeynalov Əbil Cahangir oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.