19 fevral 2019, 18:00

Səidə Zeynalovadan, Bakı, Azərbaycan

Cənab Prezident.

Sizin xalqımıza göstərdiyiniz diqqət və qayğı danılmazdır. Bunun ən bariz nümunəsi, xüsusilə son günlərdə imzaladığınız yeni sərəncamlar, həyata keçirilən quruculuq işləri, açılan yeni təhsil və təlim ocaqları, millətimizin daha yaxşı, daha suveren və daha sabit bir dövlətdə yaşamağı üçün qəbul edilən yeni qanunlardır.

Bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsinə də göstərdiyiniz diqqət təqdirəlayiqdir. Xüsusilə qədim mədəniyyət mərkəzi olan dahi Nizaminin yurdu Gəncə şəhərində yerləşən “Xan bağı”nda Sizin tapşırığınıza əsasən yenidənqurma işləri aparılmışdır. Sizin tapşırığınızın icrasından sonra Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhərə gəlmiş, sakinlərlə görüşərək quruculuq işləri ilə əyani şəkildə tanış olmuş, bir neçə təhsil ocağının əsaslı şəkildə təmir olunacağını bildirmişdir. Buna çox şadıq. Qədim Gəncəmizin müasir siması bizə xüsusi sevinc yaşadır. Eyni zamanda, Beyləqan sakinləri ilə görüşünüz, onlarla olan səmimi ünsiyyətiniz hər zaman millətimizin yanında olduğunuzu hiss etdirir. Bu, ulu öndər Heydər Əliyev siyasətinin əsas qayəsidir.

Cənab Prezident, Sizə cansağlığı arzulayır, xalqımıza göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür edirik.

Hörmətlə,

Zeynalova Səidə Hənifə qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.