12 noyabr 2018, 15:00

Ceyran Əliyevadan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Ağdama hər gəlişiniz bizim üçün unudulmaz görüşlərlə, hadisələrlə yadda qalır. Cəbhə bölgəsində yerləşən Ağdam bu gün Sizin diqqət və qayğınız sayəsində qaynar həyatı, abadlığı və gözəlliyi ilə respublikamızın digər şəhər və rayonlarından heç də geri qalmır.

Siz bizim ən çətin günlərimizdə daim yanımızda olmusunuz. Biz 2016-cı ilin aprel döyüşlərindən dərhal sonra Sizin və Mehriban xanımın Ağdama gəlişini heç vaxt unutmuruq. Noyabrın 5-də növbəti səfəriniz zamanı Siz Ağdamda Qarabağı dünyada məşhurlaşdıran muğam, xalçaçılıq və atçılıq üzrə yeni mərkəzlərin açılışında iştirak etdiniz. Bu, Sizin tarixən Qarabağda mövcud olmuş bu sahələrin yenidən inkişaf etdirilməsinə verdiyiniz qiymətdir.

Siz Qarabağda “Azərxalça” ASC-nin filiallarını yaratmaqla qarabağlıların xalça toxumaq, bu müqəddəs ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək arzusunu gerçəkləşdirirsiniz. “Azərxalça”nın Ağdam filialında çalışanların hamısı Azərbaycan xalçaçılığının keşiyində sayıq dayanmış əsgərlərdir. Arzu edirik ki, Azərbaycan qadınının yaraşığı olan xalçaçılıq sənəti daim inkişaf etsin, Şuşa, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Xocalı işğaldan azad olunsun və bu rayonlarda da Azərbaycanın bayrağı dalğalansın və xalçaçılıq müəssisələri yaradılsın. Dövlətimizin adı, xalçaçılıq sənətimiz daim zirvələrdə olsun.

“Azərxalça” ASC-nin Ağdam filialının kollektivi adından dərin minnətdarlıq hissi ilə,

Əliyeva Ceyran Müzəffər qızı, Əməkdar mədəniyyət işçisi.

Azərbaycan Respublikası, Ağdam rayonu.