Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması QAYDALARI

29 mart 2018, 18:54

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 29 mart tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20.10-cu maddəsinə uyğun olaraq daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (bundan sonra – reyestr) fəaliyyətinin təşkili, habelə onun aparılması, istifadəsi və məlumatların mühafizəsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Reyestr daşınar əmlakın yüklülüyünün yaranması, yüklülüyə dəyişiklik edilməsi, ona xitam verilməsi və yüklülüyə etiraz edilmə ilə bağlı bildirişlərin sistemləşdirilmiş məcmusundan ibarət dövlət informasiya sistemidir.

1.3. Reyestr elektron informasiya sistemi formasında təşkil olunur, bildirişlərin daxil edilməsi və bildirişlər üzrə axtarış aparılması üçün fasiləsiz fəaliyyət göstərir.

1.4. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.4.1. operator – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası;

1.4.2. istifadəçi – yüklülük sahibi, yüklülük verən, borclu və ya reyestrdə axtarış aparan şəxs.

1.5. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunda nəzərdə tutulmuş mənaları ifadə edir.

2. Reyestrin aparılması prinsipləri

2.1. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır. Reyestrin interfeysi Azərbaycan, ingilis və rus dillərində tərtib edilir.

2.2. Reyestr vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır.

2.3. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında qarşılıqlı məlumat mübadiləsini təmin edən informasiya sistemi vasitəsilə həyata keçirilir.

2.4. İnformasiya sistemi aşağıdakıları təmin etməlidir:

2.4.1. informasiyanın məlumat bazasına operativ daxil edilməsini, orada dəyişilməz və oxunaqlı vəziyyətdə saxlanılmasını və emalını;

2.4.2. reyestrə daxil edilən bildirişlərin qeydiyyatının aparılmasını;

2.4.3. digər aidiyyəti dövlət və bələdiyyə informasiya sistemlərinə inteqrasiyanı.

2.5. Reyestrə daxil edilən məlumatların itirilməsinin, təhrif edilməsinin və qanunsuz əldə olunmasının qarşısının alınması üçün onun mühafizə sistemi yaradılır.

2.6. Reyestrin informasiya sisteminin yaradılması, idarə olunması, təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsi məqsədi ilə texniki-proqram kompleksinin formalaşdırılması və ona texniki xidmət göstərilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət palatası tərəfindən təşkil olunur.

2.7. Reyestrin informasiya sistemində yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir.

3. Operatorun funksiyaları

3.1. Operatorun funksiyaları aşağıdakılardır:

3.1.1. reyestrin fəaliyyətini və idarə olunmasını təşkil etmək, reyestr vasitəsilə dayanıqlı, fasiləsiz, operativ və təhlükəsiz xidmət göstərilməsini təmin etmək, onun funksional imkanlarının artırılması və təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

3.1.2. informasiya sistemlərinin reyestrə təhlükəsiz inteqrasiyasını və onların qarşılıqlı əlaqəsini təmin etmək;

3.1.3. reyestrə daxil edilən məlumatların etibarlılığını və əlçatanlığını, habelə onların saxlanmasını və mühafizəsini təmin etmək;

3.1.4. reyestrin texniki-texnoloji infrastrukturunun təyinatı üzrə istismarını, ona texniki xidməti, təmirini və saxlanmasını təmin etmək, tərtib olunmuş qrafik üzrə profilaktik işlər aparmaq;

3.1.5. reyestrin təhlükəsizliyinin pozulduğu, əsas avadanlıqlarda qəza (xəta) baş verdiyi hallarda onun ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək, istifadəçiləri, habelə bu Qaydaların 3.1.2-ci yarımbəndinə nəzərdə tutulmuş informasiya sistemlərinin sahiblərini bu barədə məlumatlandırmaq, baş vermiş qəzanın (xətanın) aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

3.1.6. reyestrə inteqrasiya olunan informasiya sistemlərinin dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;

3.1.7. normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada informasiya təhlükəsizliyini, o cümlədən əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyanın qorunmasını təmin etmək;

3.1.8. reyestr vasitəsilə bildirişlərə verilmiş qeydiyyat nömrələrinin ardıcıllığına nəzarət etmək;

3.1.9. reyestrdən istifadə ilə bağlı texniki dəstək məlumatlarının və istifadəçilərə kömək edəcək digər məlumatların, həmçinin tez-tez verilən suallara cavabların reyestrin səhifəsində yerləşdirilməsini təmin etmək;

3.1.10. qeydə alınmış bildirişlərin və onlarda əks olunan açıqlanması nəzərdə tutulmuş məlumatların hər bir axtarış aparan şəxs üçün açıq olmasını təmin etmək;

3.1.11. reyestrdə məlumat axtaran şəxsin sorğusu əsasında ona axtarışın nəticəsinə dair elektron sənəd formasında hesabatın və ya bu Qaydaların 11.2-ci bəndində müəyyən olunmuş qaydada kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsini təmin etmək;

3.1.12. bu Qaydalardan irəli gələn digər funksiyaları yerinə yetirmək.

4. Reyestrə daxil edilən bildirişlər

4.1. Reyestrə aşağıdakı bildirişlər daxil edilir:

4.1.1. yüklülük haqqında bildiriş;

4.1.2. yüklülüyə dəyişiklik edilməsi haqqında bildiriş;

4.1.3. yüklülüyə xitam vermə haqqında bildiriş;

4.1.4. yüklülüyə etiraz etmə haqqında bildiriş.

4.2. Dövlət və bələdiyyə yüklülükləri üzrə bildirişlər reyestrə inteqrasiya olunmuş digər elektron informasiya sistemləri vasitəsilə daxil edilə bilər.

4.3. Reyestrə yüklülük haqqında müqavilədən əhəmiyyətli dərəcədə fərqlənən məlumatı əks etdirən bildirişin daxil edilməsinə və ya Qanunun 25.1-ci maddəsində müəyyən olunmuş hallarda və müddətdə bildirişin daxil edilməməsinə görə vurulan zərər həmin bildirişi reyestrə daxil edən və ya daxil etməli olan qurum və ya şəxs tərəfindən ödənilir.

4.4. Reyestrin fəaliyyəti Qanunun 27-ci maddəsinə uyğun olaraq reyestrdən istifadəyə görə toplanan istifadə haqları və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşir.

5. Yüklülük haqqında bildirişin reyestrə daxil edilməsi

5.1. Qanunun 21.1-ci maddəsinə əsasən reyestrə daxil edilən yüklülük haqqında bildirişdə (bundan sonra – yüklülük bildirişi) aşağıdakı məlumatlar göstərilir:

5.1.1. yüklülük sahibi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və qeydiyyat ünvanı, fərdi identifikasiya nömrəsi (FİN) və ya vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), əlaqə məlumatları, əcnəbi olduqda isə onun pasportunun seriyası, nömrəsi və əlaqə məlumatları;

5.1.2. yüklülük sahibi dövlət və ya bələdiyyə orqanı, habelə hüquqi şəxs olduqda onun adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və əlaqə məlumatları, xarici hüquqi şəxs olduqda isə latın hərfləri ilə tam adı və əlaqə məlumatları;

5.1.3. borclu və ya yüklülük verən fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, FİN və ya vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), əlaqə məlumatları, əcnəbi olduqda isə onun pasportunun seriyası, nömrəsi və əlaqə məlumatları;

5.1.4. borclu və ya yüklülük verən dövlət və ya bələdiyyə orqanı, habelə hüquqi şəxs olduqda onun adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və əlaqə məlumatları, xarici hüquqi şəxs olduqda isə latın hərfləri ilə tam adı və əlaqə məlumatları;

5.1.5. yüklülük predmetinin təsviri;

5.1.6. yüklülük bildirişinin etibarlılıq müddəti;

5.1.7. yüklülük verənin məlumatların reyestrə daxil edilməsinə razılığının müvafiq xananın işarələnməsi yolu ilə təsdiqi;

5.1.8. yüklülüyün təmin etdiyi əsas öhdəliyin həcmi;

5.1.9. borclunun cinsi (fiziki şəxs olduqda);

5.1.10. borclunun yeni və ya təkrar müştəri olması;

5.1.11. borclunun fəaliyyət dairəsi;

5.1.12. daşınar əmlakın növü;

5.1.13. yüklülük qanun əsasında yarandığı halda borclu tərəfindən öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi faktının aşkarlandığının müvafiq xananın işarələnməsi yolu ilə təsdiqi;

5.1.14. yüklülüyün yaranmasının əsası (müqavilə, dövlət orqanının, bələdiyyənin və ya məhkəmənin qərarı, qanun) və müvafiq əsas barədə məlumatlar.

5.2. Bu Qaydaların 5.1.8 – 5.1.14-cü yarımbəndlərində göstərilənlər istisna olmaqla, reyestrə daxil edilən bildirişdə göstərilən məlumatlar reyestrdə axtarış aparan bütün şəxslər üçün açıqdır.

5.3. Bu Qaydaların 5.1.8 – 5.1.12-ci yarımbəndlərində göstərilən məlumatlar rəsmi statistikanın aparılması məqsədi üçün istifadə olunur.

5.4. Bu Qaydanın 5.1.6 – 5.1.12-ci yarımbəndlərində göstərilən məlumatların dövlət orqanının, bələdiyyənin və ya məhkəmənin qərarı əsasında Qanunun 4.2-ci maddəsində müəyyən edilmiş yüklülüklər üzrə bildirişlərə daxil edilməsi tələb olunmur.

5.5. Qanunun 21.3-cü maddəsinə uyğun olaraq yüklülük bildirişi reyestrə aşağıdakı hallarda və şəxslər tərəfindən daxil edilir:

5.5.1. yüklülük müqavilə əsasında yarandığı halda həmin müqavilə əsasında və ya Qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həmin müqavilənin qüvvəyə minməsindən əvvəl yüklülük sahibi tərəfindən;

5.5.2. yüklülük dövlət orqanının, bələdiyyənin və ya məhkəmənin qərarı əsasında yarandığı halda qərarın qüvvəyə minməsindən sonra həmin qərarı qəbul etmiş dövlət orqanına, bələdiyyəyə və ya məhkəməyə bu barədə müraciət etmiş şəxs tərəfindən və ya yüklülük bu qurumların təşəbbüsü ilə tətbiq edildiyi halda həmin qurumların özləri tərəfindən;

5.5.3. yüklülük qanun əsasında yarandığı halda borclu tərəfindən öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi faktı aşkar olunduqdan sonra yüklülük sahibi (kreditor) tərəfindən.

5.6. Müqavilə əsasında yaranan yüklülük bildirişi yüklülük yaradan müqavilə tərəflər arasında imzalanmamışdan əvvəl yüklülük verənin yazılı razılığı əsasında yüklülük sahibi tərəfindən reyestrə daxil edilə bilər. Bu halda yüklülük sahibi yüklülük bildirişinin qeydiyyata alındığı tarixdən 30 (otuz) gün ərzində yüklülük verənlə müqavilə bağlamalı və ya yüklülük bildirişinə dərhal xitam verməlidir. Bu zaman yüklülük verənlə yüklülüyün təmin etdiyi əsas öhdəliyi yaradan müqavilənin bağlanması barədə məlumatları yüklülük sahibi reyestrə daxil etmədikdə, yüklülük bildirişinin qeydiyyata alındığı tarixdən sonrakı 30-cu (otuzuncu) gün saat iyirmi dörddə yüklülük bildirişi reyestrdən avtomatik qaydada ləğv olunur.

5.7. Müqavilə əsasında yaranan yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün yüklülük verənin yazılı razılığı tələb olunur. Belə razılıq müqavilədə və ya ayrıca tərtib olunmuş sənəddə göstərilməlidir.

5.8. Dövlət orqanının, bələdiyyənin və ya məhkəmənin qərarı, habelə qanun əsasında yaranan yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün yüklülük verənin razılığı tələb olunmur.

5.9. Reyestrdə yüklülüyün predmetinin təsviri elə verilməlidir ki, həmin təsvir əsasında daşınar əmlakı, hüquqları və tələbləri (əvəzedilən və ya əvəz edilməyən əşyalar, istehlak malları, mürəkkəb əmlak, habelə onların ləvazimatları və ya tərkib hissələri və s.) yüklülük predmeti kimi ağlabatan dərəcədə eyniləşdirmək mümkün olsun.

5.10. Yüklülük predmetinin təsvirində yüklülük predmetinin yüklülük verənin bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər.

5.11. Yüklülük predmetinin təsvir edilməsi qaydası barədə Operator tərəfindən reyestrdə izahedici qeydlər yerləşdirilir.

6. Yüklülüyə etiraz etmə haqqında bildirişin reyestrə daxil edilməsi

6.1. Əgər yüklülük verən reyestrə daxil edilmiş bildirişdə göstərilən məlumatların düzgün olmadığını hesab edirsə və yüklülük sahibi həmin bildirişi xəbərdarlığı aldığı tarixdən 5 (beş) iş günü müddətində dəyişdirməkdən və ya ona xitam verməkdən imtina edərsə və ya edilmiş dəyişikliklər yüklülük verəni və ya borclunu qane etməzsə, borclu və ya yüklülük verən reyestrə yüklülüyə etiraz etmə haqqında bildiriş (bundan sonra – yüklülüyə etiraz bildirişi) daxil etmək hüququna malikdir.

6.2. Yüklülüyə etiraz bildirişində aşağıdakı məlumatlar göstərilməlidir:

6.2.1. etiraz olunan yüklülük bildirişinin qeydiyyat nömrəsi;

6.2.2. yüklülüyə etiraz bildirişini reyestrə daxil edən şəxs barədə bu Qaydaların 5.1.3-cü və 5.1.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatlar;

6.2.3. etiraz olunan yüklülük haqqında bildirişin dəyişdirilməsinə və ya ona xitam verilməsinə əsas olan hallara dair əsaslandırılmış məlumatlar;

6.2.4. bildirişdə göstərilən məlumatların düzgün olmaması barədə yüklülük sahibinə xəbərdarlıq edilməsinin və yüklülük sahibinin xəbərdarlığı aldığı tarixdən 5 (beş) iş günü müddətində bildirişi dəyişdirməkdən və ya ona xitam verməkdən imtina etməsinin müvafiq xananın işarələnməsi yolu ilə təsdiqi.

6.3. Yüklülüyə etiraz bildirişinin reyestrə daxil edilməsi etiraz olunan yüklülük bildirişinin xitamına səbəb olmur və reyestrdə etiraz bildirişləri axtarış aparan bütün şəxslər üçün açıq saxlanılır.

6.4. Yüklülüyə etiraz bildirişindən, habelə yüklülük bildirişinin dəyişdirilməsindən və ya xitamından imtinadan şikayətlərə məhkəmələrdə baxılır.

7. Yüklülüyə dəyişikliklər edilməsi haqqında bildirişin

reyestrə daxil edilməsi

7.1. Aşağıdakı hallarda yüklülük sahibi müvafiq dəyişiklik ona məlum olduğu andan yüklülüyə dəyişikliklər edilməsi haqqında bildirişi (bundan sonra – yüklülüyə dəyişiklik bildirişi) reyestrə daxil edilir.

7.2. yüklülük predmeti əvəz edildikdə və ya yüklülük predmetinin tərkibində hər hansı dəyişiklik edildikdə, o cümlədən bir növ daşınar əmlak digər növ daşınar əmlaka çevrildikdə, habelə yüklülük predmetinin təsvirində dəyişiklik edildikdə.

7.3. qanun və müqavilə əsasında yüklülük sahibi, yüklülük verən və ya borclu başqası ilə əvəz edildikdə.

7.4. bu Qaydaların 5.1.1 – 5.1.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatlarda dəyişiklik baş verdikdə.

7.5. qanun və müqavilə əsasında yüklülük bildirişinin etibarlılıq müddəti dəyişdirildikdə.

7.6. qanunla və müqavilə ilə müəyyən edilmiş digər hallarda.

7.7. Yüklülüyə dəyişiklik bildirişində aşağıdakılar göstərilir:

7.7.1. dəyişiklik olunan yüklülük bildirişinin qeydiyyat nömrəsi;

7.7.2. yüklülüyə dəyişiklik bildirişini reyestrə daxil edən qurum və ya şəxs barədə bu Qaydaların 5.1.1-ci və 5.1.2-ci yarımbəndlərində nəzərdə tutulan məlumatlar;

7.7.3. reyestrə inteqrasiya olunmuş digər elektron informasiya sistemləri vasitəsilə daxil edilən dövlət və bələdiyyə yüklülükləri üzrə bildirişlər istisna olmaqla, yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsinə əsas olan hallar haqqında məlumatlar;

7.7.4. yüklülüyün predmetində dəyişikliklər edildikdə və ya borclu əvəz edildikdə, yüklülük verənin məlumatların reyestrə daxil edilməsinə razılığının müvafiq xananın işarələnməsi yolu ilə təsdiqi (yüklülük sahibinin dövlət orqanı və ya bələdiyyə olduğu hallar istisna olmaqla).

7.8. Bu Qaydaların 7.7.4-cü yarımbəndində göstərilən təsdiq üçün bu Qaydaların 5.7-ci bəndində nəzərdə tutulan qaydada razılıq tələb olunur.

7.9. Yüklülüyə dəyişiklik bildirişi reyestrə daxil edildikdən sonra dəyişiklik edilməsi nəzərdə tutulan yüklülük bildirişi avtomatik olaraq yenisi ilə əvəzlənir və dəyişikliyə uyğun olaraq yüklülük sahibi tərəfindən köhnə məlumatlar yeniləri ilə əvəz edilir.

8. Yüklülüyə xitam vermə haqqında bildirişin

reyestrə daxil edilməsi

8.1. Borclu reyestrə daxil edilmiş yüklülüklə bağlı öhdəliyi tam həcmdə icra etdikdən sonra yüklülük sahibi 5 (beş) iş günü ərzində yüklülüyə xitam vermə haqqında bildirişi (bundan sonra – yüklülüyə xitam bildirişi) reyestrə daxil etməlidir, bu şərtlə ki, yüklülük bildirişi onda nəzərdə tutulan müddət bitdikdən sonra və ya reyestrə inteqrasiya olunmuş digər elektron informasiya sistemləri vasitəsilə avtomatik qaydada reyestrdə görünən məlumatların siyahısından silinməmiş olsun.

8.2. Əgər bir yüklülük bildirişində bir neçə yüklülük sahibi varsa (birgə kreditorlar) və onlardan birinin yüklülük hüququna xitam verilirsə, yüklülüyə xitam bildirişi yalnız buna razılıq vermiş yüklülük sahibinin hüququ ilə bağlı tətbiq olunur.

8.3. Yüklülüyə xitam bildirişində aşağıdakı məlumatlar göstərilməlidir:

8.3.1. xitam olunan yüklülük bildirişinin qeydiyyat nömrəsi;

8.3.2. yüklülüyə xitam bildirişini reyestrə daxil edən şəxs barədə bu Qaydaların 5.1.1-ci və 5.1.2-ci yarımbəndlərində nəzərdə tutulan məlumatlar;

8.3.3. bu Qaydaların 8.2-ci bəndində göstərilənlər nəzərə alınmaqla yüklülüyün qüvvədən düşməsinin müvafiq xananın işarələnməsi yolu ilə təsdiqi.

8.4. Yüklülük sahibi bu Qaydaların 8.1-ci bəndində göstərilən müddətdə yüklülüyə xitam bildirişini reyestrə daxil etməzsə, borclu bu barədə yüklülük sahibinə yazılı müraciət edə bilər.

8.5. Yüklülüyə xitam bildirişinin yüklülük sahibi tərəfindən reyestrə daxil edilməsindən imtinadan şikayətlərə məhkəmədə baxılır və reyestrdə olan yüklülüyə məcburi qaydada xitam verilməsinə yalnız qüvvəyə minmiş məhkəmə qərarı əsasında yol verilir.

8.6. Yüklülüyə xitam bildirişi reyestrə daxil edildikdən dərhal sonra yüklülük bildirişi avtomatik qaydada reyestrdə görünən məlumatların siyahısından silinir.

9. Bildirişlərin qeydiyyatı və dərci

9.1. Bildiriş onlayn rejimdə məlumatların reyestrə daxil edilməsi yolu ilə qeydiyyata alınır və ona rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsi həmin bildirişə istinad edən sonrakı bildirişlərin reyestrə daxil edilməsi üçün tələb olunur.

9.2. Reyestrin proqram təminatı bildirişə daxil edilən məlumatların tamlığını yoxlayır.

9.3. Reyestrə daxil edilən məlumatlarda çatışmazlıqlar (reyestrdən istifadə haqqının ödənilmədiyi, yüklülüyə dəyişiklik, xitam və ya etiraz bildirişlərində qüvvədə olmayan və ya yanlış bildirişlərə istinad edildiyi, bildirişdəki xanalar tam doldurulmadığı hallar) olduqda bildirişin qeydiyyata alınmasından imtina edilir və real vaxt rejimində istifadəçiyə çatışmazlıqlar barədə məlumat verilir.

9.4. Reyestrin proqram təminatı tərəfindən bildirişin reyestrə daxil edildiyi təsdiqləndikdən sonra bildiriş reyestrə daxil edilir və istifadəçiyə bildirişin reyestrə daxil edilməsinin təsdiqi barədə qəbz göndərilir.

9.5. Bildirişin reyestrə daxil edilməsinin təsdiqi barədə qəbzdə bildirişin qeydiyyat tarixi və vaxtı (saat, dəqiqə və saniyə), qeydiyyat nömrəsi və həmin bildirişə dair bu Qaydalarda nəzərdə tutulmuş məlumatlar əks olunur.

9.6. Bildiriş onun reyestrə daxil edilməsinin təsdiqi barədə qəbzin istifadəçiyə göndərildiyi andan reyestrdə görünməlidir və həmin tarix və vaxt (saat, dəqiqə, saniyə) dərc olunmuş bildirişin üzərində qeyddə göstərilir.

9.7. Bildirişi qeydə alan və ya qeydə almaqdan imtina edən reyestr həmin bildirişdə olan məlumatın düzgünlüyünü və həqiqiliyini müəyyənləşdirmir və yalnız bu Qaydaların 9.3-cü bəndində nəzərdə tutulmuş meyarları əsas tutur.

9.8. Bildirişdəki məlumatların düzgünlüyünə görə bildirişi reyestrə daxil edən şəxs məsuliyyət daşıyır.

10. Bildirişin qüvvəyə minməsi və qüvvədən düşməsi

10.1. Bildiriş axtarış aparan şəxslər üçün reyestrdə göründüyü andan qüvvəyə minmiş hesab olunur.

10.2. Yüklülük bildirişi onda göstərilmiş müddətədək qüvvədədir və reyestrdə yüklülüyə xitam bildirişi daxil edilmədən yüklülük bildirişinə onda göstərilən müddət bitənədək qabaqcadan, bu Qaydanın 5.6-cı bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xitam verilə bilər.

10.3. Yüklülük bildirişinin etibarlılıq müddəti həmin bildirişdə göstərilmiş müddət başa çatanadək istənilən vaxt qanun və ya müqavilə əsasında reyestrə bir və ya bir neçə dəfə yüklülüyə dəyişiklik bildirişi daxil edilməklə uzadıla bilər.

10.4. Müddətin uzadılmasını nəzərdə tutan yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi yüklülük bildirişinin müddətini dəyişiklikdə göstərilmiş müddətə uzadır. Bu zaman müddətin uzadılması yüklülük bildirişinin əvvəlki müddətinin başa çatmasından sonra hesablanır.

10.5. Reyestrin proqram təminatı qüvvədən düşmüş bildirişlər barədə məlumatları onların qüvvədən düşdüyü tarixdən sonra 10 (on) il müddətində saxlanılmasını təmin edir.

11. Reyestrdə məlumat axtarışı və reyestrdən çıxarışın

verilməsi

11.1. Reyestrdə borclu və ya yüklülük verən barədə məlumat axtarışı aşağıdakı göstəricilərdən biri və ya bir neçəsi əsasında aparılır:

11.1.1. dövlət və ya bələdiyyə orqanı, habelə hüquqi şəxslə bağlı onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

11.1.2. xarici hüquqi şəxslə bağlı onun latın hərfləri ilə tam adı;

11.1.3. fiziki şəxslə bağlı onun FİN-i;

11.1.4. əcnəbi ilə bağlı onun pasportunun seriyası və nömrəsi;

11.1.5. yüklülüklə bağlı reyestrdə olan bildirişin unikal qeydiyyat nömrəsi.

11.2. Reyestr məlumat axtaran şəxsin reyestr vasitəsilə sorğusu əsasında ona axtarışın nəticəsinə dair elektron sənəd formasında və ya kağız daşıyıcıda Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının möhürü və Baş icraçı direktorunun (və ya onun tərəfindən səlahiyyət verilmiş başqa vəzifəli şəxsin) imzası ilə təsdiqlənmiş hesabat təqdim edir.

11.3. Reyestrdə axtarışın nəticələrinə dair hesabatda aşağıdakı məlumatlar göstərilir:

11.3.1. bu Qaydaların 11.1-ci bəndində qeyd olunan göstəricilərə uyğun bildirişin mövcud olub-olmadığı barədə məlumat;

11.3.2. bildirişin qeydiyyat nömrəsi, tarixi və vaxtı barədə məlumat;

11.3.3. bu Qaydanın 5.1.8 – 5.1.14-cü yarımbəndlərində göstərilənlər istisna olmaqla, reyestrə daxil edilən bildirişdə göstərilən və axtarış aparan bütün şəxslər üçün açıq olan məlumatlar.

11.4. Reyestr axtarışın nəticələrinə dair təsdiqlənmiş hesabatın elektron nüsxəsini və axtarışın aparıldığı tarix və vaxt, habelə axtarışın meyarları barədə məlumatları arxivdə saxlayır.

11.5. Axtarışın nəticələrinə dair rəsmi hesabat yalnız bu Qaydaların 11.2-ci bəndinə uyğun olaraq kağız daşıyıcıda təsdiqlənmiş hesabatdır.

12. Reyestrdən istifadə haqqı

12.1. Yüklülük və yüklülüyə dəyişiklik bildirişlərinin reyestrə daxil edilməsinə, habelə reyestrdə məlumat axtaran şəxsin sorğusu əsasında ona axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə istifadə haqqı ödənilir.

12.2. Yüklülüyə etiraz bildirişlərinin, dövlət və ya bələdiyyə yüklülüyü barədə bildirişlərin reyestrə daxil edilməsi, habelə reyestrdə məlumat axtarışı və məlumat axtaran şəxsin reyestr vasitəsilə sorğusu əsasında ona axtarışın nəticələrinə dair elektron sənəd formasında hesabatın verilməsi ödənişsiz həyata keçirilir.

12.3. Reyestrdən istifadə haqqı Operatorun reyestrdə göstərilən bank hesabına nağdsız qaydada ödənilir.