19 mart 2018, 15:00

Nazim Şirinovdan, İmişli, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan təbii imkanlarına görə qabaqcıl ölkələrdəndir. Bərəkətli, məhsuldar torpağımız var, çaylarımız bol sulu, insanlarımızın əməyə sevgisi tükənməzdir. Təbiətimiz və vətəndaşlarımız ölkəmizin ən böyük sərvətləridir.

Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkənin hər yerində əsl işgüzar mühit yaranıb, bütün sahələrdə canlanma var. Biz bu mühiti, bu canlanmanı uzun illər istifadəsiz qalan, yalnız heyvandarlıq üçün yararlı hesab olunan torpaqlarımızın dövriyyəyə cəlb edilməsində aydın görür və buna görə Sizə minnətdarlıq hissi ilə qəlbən sevinirik.

İmişli, Saatlı və Biləsuvar rayonlarında min hektarlarla əkinə yararlı torpaqlara daim narahatlıq duyğuları ilə baxır, bu torpaqların nə vaxt əkin dövriyyəsinə daxil ediləcəyini səbirsizliklə gözləyirdik. İqtisadiyyatımızın inkişafına böyük töhfə ola biləcək bu işdən ötrü əraziyə, ilk növbədə, suvarma suyunun gətirilməsi vacib məsələ idi.

Sizin Sərəncamınızla 2017-ci ildə yuxarıda qeyd etdiyim əraziyə yeni kanalın çəkilişinə start verildi. Mənbəyini Araz çayından götürən kanalın tikintisi sürətlə aparıldı. Hazırda kanala beton örtük çəkilir. İnşaat işlərində İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarının sakinləri çalışırlar. Görülən işlərin sürəti və keyfiyyəti bizdə belə deməyə əminlik yaradır ki, yeni kanal bu ilin suvarma mövsümünədək hazır olacaq, əkin dövriyyəsinə daxil olan yeni torpaqlara suvarma suyu veriləcək.

Möhtərəm cənab Prezident, Sizin qayğı və diqqətiniz sayəsində həyata keçirilən tədbirlər, boş və istifadəsiz torpaqların əkilib becərilməsi, bu torpaqlardan məhsul götürülməsi, bizim uzun illərdən bəri ürəyimizdə bəslədiyimiz arzumuz idi. Həmin arzuları reallığa çevirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

İmişli, Saatlı, Biləsuvar fermerləri adından dərin hörmətlə,

Şirinov Nazim Mirəziz oğlu.

Azərbaycan Respublikası, İmişli rayonu, Çahar kəndi.