Prezident İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən dördtərəfli görüşündən məmnunluğunu bildirdi.
Azərbaycan-İran Hökumətlərarası Birgə Komissiyasının işinə toxunan Məhəmməd Cavad Zərif bu komissiyanın fəaliyyətinin çox yaxşı nəticələr verdiyini dedi və yaxın vaxtlarda iqtisadi sahədə əməkdaşlığa dair mühüm sənədlərin imzalanacağını qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən görüşünün regional əməkdaşlıq baxımından əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan-İran Hökumətlərarası Birgə Komissiyasının işinin uğurlu nəticələrini də məmnunluqla vurğuladı.
Görüşdə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin yaxın zamanlarda Azərbaycana nəzərdə tutulan səfərinin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.