14 mart 2018, 16:45

Rəayət Abdalovdan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz altında Azərbaycan əsl idman ölkəsi kimi tanınmağa başlayıb və bu sahədə uğurlarını artırmaqdadır. Əgər 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən Olimpiadada idmançılarımız cəmi bir medal qazanmışdılarsa, “Rio-2016” Yay Olimpiya Oyunlarında medallarımızın sayı 18 olub. Respublikamızın müxtəlif bölgələrində tikilib istifadəyə verilmiş Olimpiya İdman kompleksləri idmançıların daha yüksək nəticələr qazanmasına zəmin yaradır. Birinci Avropa Oyunlarının, Formula-1 yarışlarının, Şahmat Olimpiadasının, IV İslam Həmrəyliyi Oyunlarının və digər mötəbər tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir.

İdmançılara göstərilən diqqət və qayğı onların beynəlxalq yarışlarda daha inamla mübarizə aparmasına şərait yaradır.

Hörmətli cənab Prezident, Sizin 2018-ci il 3 mart tarixli Sərəncamınızla idman müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması biz məşqçilər tərəfindən yüksək qiymətləndirilir. Sizi əmin edirik ki, bizə göstərilən diqqət və qayğıya cavab olaraq, Qazax idmançıları və məşqçiləri Sizin ətrafınızda daha sıx birləşəcək, yürütdüyünüz uğurlu daxili və xarici siyasətinizi daim dəstəkləyəcəklər.

Hörmət və ehtiramla,

Abdalov Rəayət, ağır atletika üzrə məşqçi.

Azərbaycan Respublikası, Qazax rayonu.