Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07 mart 2018, 18:25

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2018-ci il.