02 mart 2018, 15:50

Fəttah Heydərovdan, Bakı, Azərbaycan

Xalqa xidmətin İlham Əliyev nümunəsi.

Şəxsən Sizin tərəfinizdən dövlətimizin ali mükafatı – “İstiqlal” ordeni ilə təltif olunarkən sevinc hissi ilə yanaşı, böyük fəxarət hissi də keçirdim. Gözlərimin önündə ömür yolum canlandı. Tariximizin ən şərəfli səhifələrini qürurla yazan, müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli liderimiz Heydər Əliyevi xatırladım. Ulu Öndər Tanrının Azərbaycana bir lütfü idi. Ulu öndər Heydər Əliyev idarəçilik məktəbinin bir nümayəndəsi kimi mənə də dahi Liderimizin Azərbaycana sabitlik, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf bəxş etdiyi prosesin iştirakçısı olmaq xoşbəxtliyi nəsib olmuşdur. Mən fəxr edirəm ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasi kurs bu gün Sizin tərəfinizdən böyük uğurla davam və inkişaf etdirilir. Sizin rəhbərliyiniz ilə iri layihələr real həyata vəsiqə alır, şəhərlərimiz, rayonlarımız, hətta kəndlərimiz sürətlə abadlaşaraq göz oxşayır, insanların yaşayış səviyyəsi ildən-ilə yaxşılaşır.

Bu gün Azərbaycanda heç də bütün ölkələrdə mövcud olmayan ictimai-siyasi sabitlik və inkişaf hökm sürür ki, bunun da əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət strategiyasının tərəfinizdən müasir dövrün reallıqlarına və tələblərinə uyğun şəkildə qətiyyətlə davam etdirilməsi, həmçinin müdriklik və uzaqgörənliklə reallaşdırılan daxili və xarici kurs dayanır. Ölkə Prezidenti kimi Sizin bu uğurlu siyasətiniz Azərbaycan Respublikasını dünyanın lider dövlətləri sırasına çıxarıb, ölkəmizə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb.

Azərbaycan xalqı Ümummilli Liderimizin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz və sabit şəraitdə inkişafına imkan verən yeganə strateji seçim olduğunu qəbul edir. Bu gün Azərbaycan vətəndaşları bu fikirdə yekdildirlər ki, Prezidentimiz cənab İlham Əliyev də ulu öndərimiz Heydər Əliyev kimi, Azərbaycanın ən böyük vətənpərvəri, ən mərhəmətli insanı, ən məsuliyyətli məmuru, ən layiqli rəhbəri və nəhayət, onların ən yaxın dostudur. Yalnız Heydər Əliyev kimi böyük dühanın ailəsində yetkinləşən, zəngin dövlətçilik məktəbi əxz edən, müasir bilik və təcrübəyə yiyələnən kamil şəxsiyyət – güclü lider İlham Əliyev xalqdan dəstək ala bilər. Bu səbəbdən də mən əminəm ki, hər zaman Azərbaycanın gələcək uğurlarının təntənəsinə, Vətənimizin çiçəklənməsinə səs verən xalqımız qarşıdan gələn prezident seçkilərində də ən layiqli namizədi dəstəkləyəcək və güclü Azərbaycan naminə güclü liderə - Sizə səs verəcəklər. Çünki Sizə səs vermək ölkəmizin uğurlu gələcəyinə, davamlı inkişafa, sabitlik və əmin-amanlığa səs vermək deməkdir.

Hörmətli cənab Prezident, mənə böyük diqqət və qayğı göstərərək Azərbaycanın ali dövlət mükafatı – “İstiqlal” ordeni ilə təltif etdiyinizə və ölkənin ictimai-siyasi həyatındakı xidmətlərimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Ulu Öndərimizin şah əsəri olan müstəqil Azərbaycanı daha da inkişaf etdirmək üçün qarşımızda hələ böyük hədəflər, ülvi məramlar var. Əmin olun ki, bundan sonra da dövlətçiliyə layiqincə xidmət göstərəcək, uğurlu daxili və xarici siyasətinizi ürəklə dəstəkləyəcək, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə var qüvvəmi, bilik və bacarığımı əsirgəməyəcəm.

Ölkəmizin hər bir vətəndaşının sosial-maddi rifahını daha da yüksəltmək üçün apardığınız siyasəti bəyənərək və dəstəkləyərək, xeyirxah və ülvi məqsədlərə xidmət edən bu fəaliyyətinizdə Sizə cansağlığı, uzun ömür və xoşbəxtlik diləyir, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi, ölkəmizin tərəqqisi, rifahı və ali məqsədlərimizin reallaşdırılması yolunda gördüyünüz bütün işlərdə yeni-yeni uğurlar arzulayıram.

Allah Sizi qorusun.

Böyük hörmət və səmimiyyətlə,

Heydərov Fəttah,

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat.

Azərbaycan Respublikası, Bakı şəhəri.