12 fevral 2018, 14:15

Elxan Səfərovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz altında ölkəmiz gündən-günə, ildən-ilə inkişaf edir. Xüsusilə regionların inkişafına dair Dövlət proqramları uğurla həyata keçirilir. Bütün Azərbaycan xalqı kimi, biz Ağdam rayonunun sakinləri də Sizin qayğınızı hər an hiss edirik. Mənfur ermənilərlə döyüşlər zamanı tankların və digər zirehli texnikanın hərəkəti nəticəsində yollarımızın dağılıb bərbad vəziyyətə düşməsi üzündən kəndlərimizin əhalisi çox əziyyət çəkirdilər. Bu ilin əvvəlində Sizin müvafiq Sərəncamınıza əsasən Əfətli-Hacıturalı-Həsənxanlı kəndlərini birləşdirən yolun yenidən qurulması istiqamətində işlərə başlanılması sakinlərimizin Sizə və dövlətimizə inamını bir daha artırdı. Bu, Sizin bizə göstərdiyiniz qayğının bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, bu qayğınıza görə Sizə minnətdarlığımızı bildiririk. Bu il keçiriləcək prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcək və Sizə səs verəcəyik.

Bir daha Sizə “Çox sağ ol, çox yaşa əziz Prezidentimiz” deyirik.

Hörmətlə,

Səfərov Elxan.

Azərbaycan Respublikası, Ağdam rayonu, Hacıturalı kəndi.