Gerb

08 fevral 2018, 15:50

Hörmətli Mehriban xanım,

Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət iqtisadiyyatımızın sürətli inkişafını təmin edib, vətəndaşlarımızın sosial-iqtisadi rifahını daha da yüksəldib. Qazanılan uğurlarda ölkənin Birinci vitse-prezidenti, birinci xanım və Heydər Əliyev Fondunun prezidenti olaraq Sizin də əməyiniz danılmazdır. Özünüzü bütövlükdə ölkəmizin inkişafına, xalqın sosial rifahının yüksəlməsinə, təhsilinə, sağlamlığına, mədəniyyətimizin və musiqimizin beynəlxalq aləmdə tanıdılmasına həsr etmisiniz. Bununla bərabər, xeyirxah, nəcib işlər görməklə kifayətlənmir, daim xəstələrə, köməksizlərə, əlillərə, ahıllara, qocalara dayaq olursunuz.

Şəhid atası olsam da, bu illər ərzində heç kimdən heç nə ummamışam. Dövlətimiz tərəfindən ailəmiz ev də daxil olmaqla hər şeylə təmin edib. Amma bu yaxınlarda düşdüyüm vəziyyət məni Sizə müraciət etməyə vadar etdi. İkinci oğlum ağır xəstələndi, ayaqları tutuldu, yeriyə, işləyə bilmədi. Onu Bakı şəhərinə müayinəyə göndərdim. Xəstəxanada həkimlər bildirdilər ki, oğlumun hər iki ayağı əməliyyat olunmalıdır. Əməliyyat üçün mənim imkanım daxilində olmayan vəsait tələb olunurdu.

Ona görə də Sizə müraciət edərək oğlumun müalicəsinə kömək göstərməyinizi xahiş etdim. Müraciətimdən 10 gün keçməmiş evimizə zəng edildi və bildirildi ki, tezliklə müayinə və müalicəsi üçün oğlum Bakı şəhərinə dəvət olunacaq. Bir müddətdən sonra oğlumu Bakıya dəvət etdilər. Sizin tapşırığınız, diqqətiniz və nəzarətinizlə oğlumu Bakıdakı klinikaların birinə yerləşdirdilər. Oğlum sol ayağından əməliyyat olundu. Hazırda o, evdədir və sağ ayağının əməliyyat olunması üçün iki aydan sonra yenidən Bakıya aparılacaq.

Hörmətli Mehriban xanım, ailəmizə etdiyiniz köməyə, verdiyiniz dəstəyə, bəxş etdiyiniz sevincə görə Sizə, ailənizə və komandanıza minnətdarlığımı bildirirəm. Allah Sizin kimi nəcib işlər görən bir insanı bizə çox görməsin.

Arzu edirəm ki, 2018-ci il Sizə, xalqımıza uğurlar gətirsin, torpaqlarımız işğaldan azad olunsun.

Hörmətlə,

Qasımov Cəlil Məmmədəli oğlu.

Azərbaycan Respublikası, Şəki rayonu.