Gerb

08 fevral 2018, 15:30

Hörmətli Mehriban xanım.

Mən Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etdiyim vaxtlarda şəkər xəstəliyinə tutulmuşam. Bu xəstəliyin yaratdığı fəsadlar səbəbindən gözlərimin nurunun itməsi ilə bağlı Sizə müraciət etmişdim.

Mən ulu öndər Heydər Əliyev tərəfindən təhsil almağa göndərilən tələbələrdən biri olmuşam və Leninqrad Politexnik İnstitutunu bitirmişəm. 1993-1994-cü illərdə Ağdam rayonunda, 1994-1996-cı illərdə isə Murovdağ istiqamətində hərbi xidmət keçmişəm. 1995-ci ildə dövlət çevrilişinin qarşısının alınmasında fəal iştirak etmişəm. “Şah İsmayıl Xətai” adına fəxri fərmanla təltif olunmuşam. Kapitan rütbəsində ehtiyata buraxılmışam. İyirmi ilə yaxındır ki, dövlət qulluğunda çalışıram.

Bir neçə dəfə göz müayinəsindən keçməyimə və müalicə olunmağıma baxmayaraq, gözlərimdə korlaşma gedirdi və əməliyyat qaçılmaz idi. Bu əməliyyat üçün isə maddi imkanım yox idi.

Çox hörmətli Mehriban xanım, biz Sizin xalqımıza olan sevginizin, qayğınızın, mərhəmətinizin bir daha şahidi olduq. Mənim müraciətimi nəzərə alaraq gözlərimin Heydər Əliyev Fondunun vəsaiti hesabına əməliyyat olunacağını eşidəndə sevincimin həddi-hüdudu olmadı. Çox sevinirəm ki, Sizin mütərəqqi fəaliyyətinizi bundan sonra öz gözlərimlə görəcəyəm.

Allah Sizi qorusun. Çox sağ olun.

Hörmətlə,

Mustafayev Faiq Xanış oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.