Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin NİZAMNAMƏSİ

07 fevral 2018, 18:12


Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 7 fevral tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (bundan sonra – Agentlik) “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən yaradılmış, bu Nizamnaməyə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil edən, yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən təyinatı üzrə və səmərəli istifadə edilməsini təşkil və təmin edən, habelə bunlarla əlaqədar onun sərəncamına verilmiş torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində (bundan sonra – müvafiq sahə) siyasətin həyata keçirilməsində iştirak edən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.

1.5. Agentlik sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Agentliyin fəaliyyəti nəticəsində əldə olunan vəsaitlər (gəlirlər) onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.

1.6. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) vardır.

1.7. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.8. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyətinin əsas məqsədi və istiqamətləri

2.1. Agentliyin əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaq üçün onun sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil etmək, habelə həmin torpaq sahələrində ərazi planlaşdırılması, layihələndirmə və memarlıq sahələrində siyasətin həyata keçirilməsində iştirak etmək və fəaliyyəti əlaqələndirməkdir.

2.2. Agentlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.2.1. müvafiq sahədə siyasətin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsində iştirak;

2.2.2. müvafiq sahədə nəzarətin həyata keçirilməsi və onun inkişafının təmin edilməsi;

2.2.3. müvafiq sahənin tənzimlənməsi ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak;

2.2.4. vətəndaşların yaşayış sahələrinə ehtiyacının güzəştli qaydada ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Agentliyin sərəncamına verilmiş torpaq sahələrində müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının inşasının təşkil edilməsi;

2.2.5. investisiyaların təşviqi və cəlb edilməsi ilə sərəncamına verilmiş torpaq sahələrində yaşayış binalarının, habelə yaşayış zonalarında, ictimai-işgüzar zonalarda tikintisi nəzərdə tutulan digər tikinti obyektlərinin inşasının təşkil edilməsi;

2.2.6. şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə olunmasının, habelə şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasının aidiyyəti icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə təmin edilməsi;

2.2.7. Agentliyin sərəncamına verilmiş torpaq sahələrində tikinti obyektlərinin və onların komplekslərinin memarlıq planlaşdırma və layihələndirmə həllinə nəzarət edilməsi və onun səviyyəsinin yüksəldilməsinin təmin edilməsi;

2.2.8. Agentliyin sərəncamına verilmiş torpaq sahələrində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi;

2.2.9. vahid informasiya sisteminin yaradılması və onun fəaliyyətinin təmin edilməsi;

2.2.10. müvafiq sahə üzrə mövcud vəziyyətin təhlilinin həyata keçirilməsi.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında və onların həyata keçirilməsində iştirak edir;

3.1.2. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahədə nəzarəti həyata keçirir;

3.1.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak edir;

3.1.4. Agentliyin sərəncamına verilmiş torpaq sahələrinin əhatə etdiyi ərazilərin (ərazi hissələrinin) müfəssəl planlarının sifarişçisi qismində çıxış edir, onların hazırlanması və təsdiq olunması barədə qərar qəbul edir;

3.1.5. aidiyyəti dövlət orqanları və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhər və rayonlarda aparılan abadlıq işlərində, yeni inşa olunan obyektlərdə estetik gözəlliyi, müasirliyi, milli memarlıq üslubunu təmin edir;

3.1.6. Agentliyin sərəncamına verilmiş və fəaliyyəti nəticəsində əldə etdiyi əmlakı səmərəli idarə etməklə, vətəndaşların yaşayış sahələrinə olan ehtiyacının güzəştli qaydada ödənilməsini və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müasir memarlıq üslubunda, ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən yaşayış binalarının inşası və həmin binaların tikinti işlərinin maliyyələşdirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirir;

3.1.7. investisiyaları təşviq və cəlb etməklə Agentliyin sərəncamına verilmiş torpaq sahələrində yaşayış binalarının, habelə yaşayış zonalarında, ictimai-işgüzar zonalarda tikintisi nəzərdə tutulan digər tikinti obyektlərinin inşası üçün tədbirlər görür;

3.1.8. Agentliyin sərəncamına verilmiş torpaq sahələrində inşa ediləcək tikinti obyektlərinin tikinti sahəsinədək mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin (elektrik enerjisi, su, kanalizasiya, qaz, rabitə və s.), yolların dövlət büdcəsinin vəsaiti hesabına çəkilməsi, habelə tikinti sənədlərinə əsasən tələb olunduğu hallarda bu torpaq sahələrində mövcud mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin köçürülməsi, yol-nəqliyyat infrastrukturunun yaradılması, ərazinin abadlaşdırılması, layihədə nəzərdə tutulduğu halda, sosial obyektlərin (uşaq bağçası, məktəb və s.) tikinti-quraşdırma işləri üzrə xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edir;

3.1.9. Agentliyin sərəncamına verilmiş torpaq sahəsini investisiya müsabiqələri vasitəsilə həmin torpaq sahəsində müvafiq tikinti layihəsi əsasında tikinti obyektinin inşasını öhdəsinə götürmüş investorun ümumi paylı mülkiyyətinə keçməsini, yaxud bununla əlaqədar onun xeyrinə yüklü edilməsini nəzərdə tutan digər əqdlər bağlayır, eyni hərəkətlər tabeliyində olan hüquqi şəxs tərəfindən həyata keçirildikdə isə bu əqdlərin həmin hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan məqsədlərə uyğunluğunu müəyyən edir və belə əqdlərin bağlanılmasına razılıq verir;

3.1.10. tabeliyində olan hüquqi şəxsin sərəncamında olan, habelə fəaliyyəti nəticəsində əldə etdiyi daşınar əmlak, eləcə də bina və qurğulardan ibarət daşınmaz əmlak üzərində sərəncam verilməsi barədə əqdlərin həmin hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan məqsədlərə uyğunluğunu müəyyən edir və uyğun olduqda, həmin əqdlərin bağlanılmasına razılıq verir;

3.1.11. Agentliyin sərəncamına verilmiş torpaq sahələrində inşa edilən tikinti obyektlərinin tikintisinə və istismarına icazələr verir;

3.1.12. sərəncamında olan mənzillərin onların tərkib hissəsi olduqları çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsində müvafiq paylarla birlikdə satışının həyata keçirilməsini təmin edir;

3.1.13. Agentliyin sərəncamına verilmiş torpaq sahələrində aparılmış mühəndis-axtarış işlərinin nəticələrinə dair aidiyyəti dövlət orqanlarında aktual məlumat olmadığı hallarda, həmin işlərin yerinə yetirilməsini təşkil edir;

3.1.14. Agentliyin sərəncamında olan torpaqlara aid müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunu müəyyən edir, şəhərsalma əsaslandırılmasını sifariş edir və onu təsdiq edir;

3.1.15. fəaliyyəti ilə bağlı malların (işlərin və xidmətlərin) satın alınması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmasını təmin edir, tabeliyində olan hüquqi şəxsə onun sərəncamına verilmiş torpaq sahələrində həmin Qanunla müəyyən edilmiş qaydada seçilən podratçılarla podrat müqaviləsi bağlamağa razılıq verir;

3.1.16. Agentliyin sərəncamına verilmiş torpaq sahələrini əhatə edən ərazidə abadlaşdırılma barədə qərar qəbul edir və həmin qərarı təsdiq edir;

3.1.17. Agentliyin sərəncamına verilmiş torpaq sahələrində məskunlaşma ərazilərinin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərinin və memarlıq-planlaşdırma strukturlarının müəyyən olunmasında iştirak edir;

3.1.18. müvafiq sahədə qanunvericiliyin tələblərinə uyğun standart, norma və qaydaların hazırlanmasını təmin edir;

3.1.19. müvafiq sahədə layihələrin xərclər smetaları üçün normativ bazanın yaradılmasında iştirak edir;

3.1.20. müvafiq sahədə layihə və elmi tədqiqat işlərini yerinə yetirir, məqsədli və elmi-texniki proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.21. əhalinin müvafiq sahədə hüquqlarının həyata keçirilməsini təmin edir və onların pozulmasının qarşısını alır;

3.1.22. şəhərsalma sahəsində infrastrukturun yaradılmasında və inkişafında iştirak edir;

3.1.23. yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin və digər yaşayış məskənlərinin kompleks inkişafı məqsədi ilə onların mühəndis təminatı, nəqliyyat və kommunikasiya infrastrukturunun (qurğuların və şəbəkələrin) yaradılmasında iştirak edir;

3.1.24. müvafiq sahədə layihələndirmə prosesində müəssisə və təşkilatlar arasında yaranan fikir ayrılığını araşdırır və müvafiq qərar qəbul edir;

3.1.25. müvafiq sahədə Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitlərindən təyinatı üzrə istifadə olunmasını təmin edir;

3.1.26. qanunvericiliyə uyğun olaraq məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görür;

3.1.27. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın (o cümlədən sərəncamında olan torpaq sahələrində hüquqi şəxsin fəaliyyəti ilə bağlı məlumatları əks etdirən hesabatın) həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

3.1.28. müvafiq sahədə mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün müvafiq tədbirlər görür;

3.1.29. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

3.2.30. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görür;

3.1.31. “Güzəştli mənzil” sisteminin fəaliyyətinin təşkilini və inkişafını təmin edir;

3.1.32. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifələri yerinə yetirir.

3.2. Agentlik bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı hüquqları həyata keçirir:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktların hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflər verir, bu sahənin vəziyyəti və inkişafı ilə əlaqədar analitik materiallar və təkliflər təqdim edir;

3.2.2. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış edir, Azərbaycan Respublikasının bu sahədə iştirakı ilə bağlı materiallar toplayır, onları ümumiləşdirir və təhlil edir;

3.2.3. ümumi və baş planlarda dəyişikliklər edilməsi tələb olunduğu hallarda, bu dəyişikliklərə dair təkliflər verir;

3.2.4. müvafiq sahənin inkişafı ilə bağlı hazırlanmış normativ hüquqi aktların layihələrinə rəy verir;

3.2.5. fəaliyyət istiqamətlərinə uyğun digər rəylər verir, təhlillər və ümumiləşdirmələr aparır, analitik materiallar hazırlayır, elmi tədqiqat işləri aparır və müvafiq təkliflər verir;

3.2.6. müvafiq sahə üzrə şəhərsalma ilə bağlı qanunvericiliyin pozulması halları aşkar edildikdə aidiyyəti üzrə məlumat verir;

3.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq edir, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənir;

3.2.8. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu verir və onlardan məlumatlar (sənədlər) alır;

3.2.9. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir;

3.2.10. müvafiq sahənin elmi-texniki informasiya təminatını yaxşılaşdırmaq üçün normativ sənədlər bazası, informasiya şəbəkəsi yaradır, xüsusi bülletenlər və digər nəşrlər buraxır;

3.2.11. müvafiq sahədə norma, qayda və standartların tətbiqi ilə bağlı öz səlahiyyətləri daxilində məsləhət verir;

3.2.12. Agentliyin və onun tabeliyində olan qurumların fəaliyyətini təhlil və müzakirə edir, müvafiq qaydada aidiyyəti üzrə qərarlar qəbul edir;

3.2.13. “Güzəştli mənzil” elektron sistemi vasitəsilə uyğun qiymətə satılacaq mənzillərin inşasının təşkil edilməsi məqsədi ilə sərəncamında olan torpaq sahələrini və maliyyə vəsaitlərini tabeliyində olan hüquqi şəxslərin sərəncamına verir;

3.2.14. Agentliyin sərəncamına verilmiş torpaq sahəsini həmin torpaq sahəsində yaşayış binalarının tikintisini həyata keçirmək və bu binaların tərkib hissələri olacaq mənzilləri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə uyğun qiymətə satmaq niyyətində olan investorun ümumi paylı mülkiyyətinə verir;

3.2.15. mənzillərin güzəştli qaydada vətəndaşlara satılması üçün Agentliyin sifarişi əsasında inşa edilmiş çoxmənzilli binaların Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq idarə edilməsi üçün tədbirlər görür;

3.2.16. tikilməkdə və istismarda olan bina və qurğularda qəza vəziyyəti yarandığı hallarda, aidiyyəti dövlət orqanları ilə birlikdə onun səbəblərinin araşdırılmasında və bərpa işləri üçün tədbirlərin hazırlanmasında iştirak edir;

3.2.17. müvafiq sahənin inkişafını kompleks təhlil edir və onun davamlı inkişafını təmin etmək üçün təkliflər hazırlayır;

3.2.18. Agentliyin ehtiyacları üçün işlərin yerinə yetirilməsi, xidmətlər göstərilməsi, mal və materialların alınması, həmçinin müvafiq sahədə ehtiyacların ödənilməsi üçün layihə və elmi tədqiqat işləri aparılması məqsədi ilə qanunla müəyyən edilmiş qaydada tenderlər (müsabiqələr) keçirir və müqavilələr bağlayır;

3.2.19. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir və bu məqsədlə müvafiq sərgi, seminar və konfranslar keçirir;

3.2.20. mənzilləri güzəştli qaydada satılması nəzərdə tutulan yaşayış binalarının tikintisinin maliyyələşdirilməsi və vətəndaşların yaşayış sahələrinə ehtiyacının ödənilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə təkliflər verir;

3.2.21. ərazi planlaşdırılması sənədləri üzrə yaşayış məntəqələrində və onların perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazilərdə torpaqların yaşayış və ictimai-işgüzar zonalara aid hissələrdə mənzil tikintisinə cəlb edilməsi ilə bağlı təkliflər verir;

3.2.22. müvafiq sahə üzrə tikinti prosesinin sənayeləşdirilməsi ilə bağlı təkliflər verir;

3.2.23. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirir.

4. Agentliyin idarə olunması

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyi İdarə Heyəti idarə edir.

4.3. İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və onun iki müavinindən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

4.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

4.5.1. Agentliyin inkişaf istiqamətlərini müəyyən edir;

4.5.2. Agentliyin strukturunu, işçilərinin say həddini, Agentlikdə əməyin ödənilməsi formaları və miqdarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edir;

4.5.3. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir və sənədlər təqdim edir;

4.5.4. bu Nizamnamənin 7.2-ci bəndində nəzərdə tutulan hesabatı hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

4.5.5. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır, həmin layihələri aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim edir;

4.6.6. bu Nizamnamənin 3.1.25-ci (büdcə vəsaiti, kreditlər, qrantlar və digər maliyyə vəsaitləri) yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

4.6.7. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

4.6.8. Agentliyin idarə, filial və nümayəndəliklərinin işçilərinin əməkhaqqı fondunu müəyyən edir;

4.6.9. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir, Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyən edir;

4.6.10. Agentliyin büdcəsinin, illik gəlir və xərclər bölgüsünün və fəaliyyət planlarının icrasına, Agentliyin vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti təmin edir;

4.6.11. Agentliyin fəaliyyətinə dair daxili qaydaları, habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir, onun əmlakından istifadə barədə qərar qəbul edir;

4.6.12. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;

4.6.13. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;

4.6.14. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.6.15. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

4.6.16. Agentliyin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

4.6.17. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

4.6.18. Agentliyin yaratdığı təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq edir.

4.7. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında hər üzv bir səsə malik olmaqla qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən İdarə Heyəti sədrinin müavininin) səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.

4.8. İdarə Heyətinin sədri:

4.8.1. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;

4.8.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.8.3. öz təşəbbüsü və ya İdarə Heyətinin hər hansı digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.8.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.8.5. İdarə Heyətinin üzvləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

4.8.6. Agentliyin Aparatının struktur bölmələrinin əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Nizamnamə ilə İdarə Heyətinin səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə qərarlar qəbul edir;

4.8.7. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.8.8. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.8.9. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial, nümayəndəlik və tabeliyində olan digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;

4.8.10. Agentliyin işçilərinin əməyinin ödənilməsini və onların peşəkarlıq səviyyəsinin artırılmasını təşkil edir;

4.8.11. bu Nizamnamə ilə İdarə Heyətinin səlahiyyətlərinə aid edilməyən hissədə Agentliyin əmlakına və maliyyə vəsaitlərinə dair sərəncam verir;

4.8.12. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.8.13. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.8.14. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır, onların yerinə yetirilməsini təmin edir, etibarnamələr verir;

4.8.15. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

4.8.16. Agentliyin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.8.17. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür;

4.8.18. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlarına, hüquqi və fiziki şəxslərinə, habelə beynəlxalq təşkilatlara münasibətdə Agentliyi təmsil edir, danışıqlar aparır;

4.8.19. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.8.20. Agentlikdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.

4.9. İdarə Heyətinin üzvləri:

4.9.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

4.9.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.9.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.9.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılması barədə təkliflər verirlər;

4.9.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.10. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

5. Agentliyin nizamnamə fondu, əmlakı
və maliyyə fəaliyyətinin əsasları

5.1. Agentliyin nizamnamə fondu “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.13.1.2-ci yarımbəndində nəzərdə tutulmuş vəsait hesabına formalaşır və 100,0 (yüz) milyon manat təşkil edir.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.

5.4. Agentliyin sərəncamına verilmiş torpaq sahələri və digər əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqları Agentliyə məxsusdur.

5.5. Agentliyin əmlakının dəyəri onun balansında göstərilir.

5.6. Agentlik sərəncamına verilmiş, habelə fəaliyyəti nəticəsində əldə etdiyi torpaq sahələri və digər daşınmaz əmlak üzərində müstəqil qaydada sərəncam verə bilər.

5.7. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, həmçinin tabeliyində olan digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

5.8. Agentlik özünün daxilomalarını, yaratdığı və ya iştirakçısı olduğu təsərrüfat cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş vəsaitləri (gəliri) mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək hüququna malikdir.

5.9. Agentliyin göstərdiyi xidmətlərin qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.

5.10. Maliyyə ilinin sonuna Agentliyin hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

5.11. Agentlik mülkiyyətində və istifadəsində olan əmlakın qorunub saxlanılmasını, təyinatı üzrə və səmərəli istifadə edilməsini təmin edir.

5.12. Agentlik sərəncamında olan vəsaitdən bu Nizamnaməyə uyğun olaraq Agentliyin xərclər smetası əsasında istifadə edir.

6. Agentlikdə uçot və hesabat

6.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

6.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

6.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, həmçinin tabeliyində olan digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

6.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

7. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

7.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

7.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

8. Agentliyin yenidən təşkili və ləğvi

Agentliyin yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.