03 fevral 2018, 16:05

Dürrə Hacıyevadan, Zaqatala, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycanın ucqar rayonlarından olan Zaqatala Sizin diqqətinizdən heç vaxt kənarda qalmayıb.Siz ümummilli liderimiz Heydər Əliyevin əbədiyaşar ideyalarını Vətənimizin hər bir bölgəsində olduğu kimi, bizim doğma rayonumuzda da həyata keçirmisiniz. Zaqatalamız Sizin hər gəlişinizdən sonra daha da gözəlləşib, bu tarixi məkanda mühüm yeniliklər baş verib. Sizin uğurlu siyasətiniz sayəsində Zaqatala ən müasir infrastruktura malik bir məkana çevirib, dinamik inkişafa nail olub.  

Möhtərəm Prezidentimiz, Sizin Zaqatalaya bəxş etdiyiniz yeniliklərdən rayonumuzun tarixi kökləri çox qədimlərə dayanan Kəpənəkçi kəndinə də pay düşüb. Sizin Sərəncamınızla 2 ədəd subartezian quyusunun  qazılaraq içməli su sarıdan əziyyət çəkən kənd əhalisinə təhvil verilməsi insanlarımızı sevindirir. Kənd sakinləri bu quyulardan evlərinə su aparanda hər dəfə “Allah cənab Prezidentimizə su qədər ömür versin” deyirlər.  

Həmçinin kəndimizdə yerləşən ikipilləli “Alazan” nasos stansiyası yenidən bərpa olunub. Bizim kəndimizlə bərabər, daha bir neçə kəndin susuz çöllərinə sanki yeni həyat, əkib-becərmək eşqində olan insanlarımıza yeni ruh bəxş edilib. 

Hörmətli cənab Prezident, bu günlərdə kəndimizdə daha bir möhtəşəm layihəyə start verilib. Toz-torpaqlı yollarımız asfalt yollarla əvəzlənir. Kəndimizin girəcəyində, Qaraçay çayının üzərində müasir standartlara cavab verən böyük körpü tikilir. Bütün bunlar kəndimizin hər bir sakini üçün yeni həyat deməkdir. 

Bu həyatı bizə bəxş edən Sizsiniz, Sizin vətənpərvərlik və dövlətçilik siyasətinizdir, cənab Prezident! Sizin Vətənimizin ən kiçik yaşayış yerlərinin belə abadlaşmasına aparan siyasi xəttinizi, dərin zəka və möhkəm iradə ilə gördüyünüz işləri dəstəkləyir, Sizə təşəkkürümüzü bildiririk. 

Hörmətlə, 

Hacıyeva Dürrə.

Azərbaycan Respublikası, Zaqatala rayonu, Kəpənəkçi kəndi.