15 yanvar 2018, 18:30

Arzu Daşpoladova və başqalarından, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan vətəndaşlarının firavan yaşamasını təmin etmək üçün gördüyünüz işlərin sayı-hesabı yoxdur. Sizin Salyan rayonuna hər səfəriniz həyatımızın ən yaddaqalan, ən əziz günlərindən birinə çevrilir. Sizin hər sözünüzü, hər kəlmənizi diqqətlə dinləyən rayon sakinləri bir daha əmin olurlar ki, Azərbaycan xalqı həqiqətən də çox bəxtəvərdir. Dövlətimizin başçısının xalqa bu qədər yaxın olması, hər zaman onun rifahının yaxşılaşdırılmasını düşünməsi insanlarda Sizə olan güvəni, etibarı möhkəmləndirir. Ölkənin hər bir vətəndaşı Sizi özünə ən güclü dayaq bilir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş etibarlı təməl əsasında Sizin apardığınız uğurlu daxili və xarici siyasətin yalnız bir amalı var: dövlətimiz öz qüdrəti ilə tanınsın, xalqımız azad, firavan yaşasın.

Sizin regionlara səfərləriniz yerlərdə yeni iş yerlərinin, insanların həyat şəraitinin yaxşılaşdırılması üçün obyektlərin, məktəb, xəstəxana və digər yeni tikililərin açılması, yeni infrastrukturun yaradılması ilə yadda qalır. Salyana hər səfərinizdə də biz bunun şahidi olmuşuq. Sizin qayğınız nəticəsində içməli su layihəsi istifadəyə verildi. İndi bütün həyətlərə, evlərə gələn sudan rahatlıqla istifadə olunur. Uzun illərdən bəri içməli su sarıdan əziyyət çəkən sakinlərin sevinci yerə-göyə sığmır. “Su qədər ömrünüz olsun, möhtərəm Prezidentimiz!”, – deyən insanlar Sizə dualar edirlər.

Cənab Prezident, rayon sakinləri adından Sizə möhkəm cansağlığı arzulayır, görəcəyiniz işlərdə uğurlar diləyirik.

Hörmətlə,

Daşpoladova Arzu Zülal qızı

Mehdiyeva Elvira Əkrəm qızı

Miriyev Hüseyn Əhmədağa oğlu

Əhmədova Tamella Rafiq qızı və başqaları.

Azərbaycan Respublikası, Salyan rayonu.