“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin NİZAMNAMƏSİ

04 dekabr 2017, 20:40

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 4 dekabr tarixli Fərmanı ilə

təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanına əsasən yaradılmış, tabeliyindəki müəssisələrdə aqrar və sənaye, o cümlədən aqrar-sənaye sahələrinin (bundan sonra – müvafiq sahə) davamlı inkişafını təmin edən, sənayeləşmə prosesini sürətləndirməklə müvafiq sahədə malların (işlərin, xidmətlərin) istehsalını, onların ölkə daxilində və xaricdə satışını təşkil edən, həmin malların (işlərin, xidmətlərin) istehsalında qabaqcıl texnologiyaların tətbiqini, habelə Cəmiyyətin mülkiyyətinə (balansına) verilmiş əmlakın idarə edilməsini həyata keçirən hüquqi şəxsdir.

1.2. Cəmiyyətin təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyətidir və bütün səhmləri dövlətə məxsusdur.

1.3. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.4. Cəmiyyət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Cəmiyyətin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Cəmiyyətin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.

1.7. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərərə görə dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliyə görə cavabdeh deyildir.

1.8. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

1.8.1. tam halda – “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti;

1.8.2. qısaldılmış halda – “ASK” ASC;

1.8.3. ingilis dilində tam adı – “Azerbaijan Industrial Corporation” Open Joint Stock Company;

1.8.4. ingilis dilində qısaldılmış adı – “AIC” OJSC.

1.9. Cəmiyyət Bakı şəhərində yerləşir.

2. Cəmiyyətin fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları

2.1. Cəmiyyətin fəaliyyətinin əsas məqsədi Cəmiyyətə məxsus dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, tabeliyindəki müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılması və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması yolu ilə müvafiq sahədə malların (işlərin, xidmətlərin) istehsalını və satışını təşkil etməkdir.

2.2. Cəmiyyət aşağıdakı vəzifələri yerinə yetirir:

2.2.1. tabeliyindəki müəssisələrdə müasir texnologiyaların tətbiqi ilə yerli və xarici bazarlarda təchizatçı və istehlakçıların tələbatına cavab verən, müvafiq sahəyə aid rəqabətqabiliyyətli malların (işlərin, xidmətlərin) istehsalını və satışını təşkil edir;

2.2.2. tabeliyindəki müəssisələrdə rəqabətədavamlı yüksək texnoloji sənaye məhsullarının yaradılması və aqrar istehsalın təşkili məqsədilə ölkəyə xarici investisiyaların cəlbi üçün tədbirlər görür;

2.2.3. investisiyaların cəlb edilməsi yolu ilə tabeliyindəki müəssisələrin inkişafına nail olmaq, həmin müəssisələrin istifadəsində olan əmlakın qorunub saxlanmasını və səmərəli istifadəsini təmin etmək, habelə mülkiyyətindəki (balansındakı) dövlət əmlakının idarə edilməsi sahəsində mükəmməl tənzimləmə mexanizmi yaratmaq məqsədilə tədbirlər görür;

2.2.4. tabeliyindəki müəssisələrin səmərəli fəaliyyət göstərməsi üçün investisiya mühitinin yaxşılaşdırılması və investisiyaların stimullaşdırılması ilə bağlı təkliflər hazırlayır və tədbirlər görür;

2.2.5. tabeliyindəki müəssisələrdə xarici investorlar və yerli istehsalçılar arasında kommersiya əlaqələrinin genişlənməsi istiqamətində tədbirlər görür;

2.2.6. beynəlxalq və yerli sənaye müəssisələri ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün tədbirlər görür, təcrübə və informasiya mübadiləsi aparır və bu barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

2.2.7. öz səlahiyyətləri daxilində müvafiq sahədə dövlət və özəl sektor arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı tədbirlər görür və bu barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

2.2.8. tabeliyindəki müəssisələrin restrukturizasiyası ilə bağlı tədbirlər görür;

2.2.9. mütəmadi olaraq tabeliyindəki müəssisələrin fəaliyyət göstəricilərini araşdırır və monitorinqini aparır;

2.2.10. müvafiq sahədə malların (işlərin, xidmətlərin) istehsalına sərf olunan vaxtın və xərclərin azaldılması məqsədilə istehsalatda qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı tədbirlər görür;

2.2.11. müvafiq sahədə keyfiyyətin idarə olunması sistemlərinin effektiv tətbiqini təmin edir;

2.2.12. müvafiq sahədə uğurlu təcrübəsi olan beynəlxalq və transmilli şirkətlərlə birgə müəssisələr yaradılmasına dair təkliflər verir;

2.2.13. tabeliyindəki müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi və infrastruktur təminatının yaxşılaşdırılması, mərkəzləşdirilmiş qaydada müasir menecment və korporativ idarəetmə standartları əsasında idarə olunması, beynəlxalq təcrübə nəzərə alınmaqla, onların fəaliyyətinin əlaqələndirilməsi və səmərəliliyinin artırılması ilə bağlı tədbirlər görür;

2.2.14. tabeliyindəki müəssisələrdə investisiya müsabiqələrinin dövlətin strateji maraqlarına uyğun şərtlərlə və daha səmərəli keçirilməsi üçün nüfuzlu məsləhətçi şirkətlərin cəlb edilməsi ilə əlaqədar tədbirlər görür;

2.2.15. müvafiq sahədə məhsulların istehsalı, emalı, saxlanması və satışı mərhələlərini əhatə edən səmərəli təsərrüfatçılıq sistemi yaradır, tabeliyindəki müəssisələrlə digər subyektlər arasında təchizat, tədarük və satış mərhələlərində koordinasiyanı təmin edir;

2.2.16. tabeliyindəki müəssisələrdə aqrar-sənaye məhsulları istehsalının effektivliyini təşkil edir, gəlirlərin artırılması, mənfəətlilik normasının yüksəldilməsi, kənd təsərrüfatı xammalının emalı və satışı mərhələlərində əlavə dəyərin yaradılması istiqamətində tədbirlər görür;

2.2.17. tabeliyindəki müəssisələrin istehsal etdiyi malların (işlərin, xidmətlərin), habelə aqrar-sənaye məhsullarının daxili bazarda satış qiymətlərinin əlçatanlığının, həmin malların (işlərin, xidmətlərin) rəqabətədavamlılığının təmin edilməsi məqsədilə bu malların (işlərin, xidmətlərin) və aqrar-sənaye məhsullarının maya dəyərini təşkil edən xərc elementlərinin optimallaşdırılmasının təmin edilməsi ilə bağlı tədbirlər görür;

2.2.18. müvafiq sahədə məhsulların satışı prosesində risklərin azaldılmasına, istehsalın səmərəliliyinin təmin edilməsinə, istehsal, emal və xidmət sahələri arasında çevik əlaqə qurulmasına şərait yaradan tənzimləmə mexanizmlərini işləyib hazırlayır;

2.2.19. müvafiq sahədə rentabelliyi daha yüksək olan fəaliyyət istiqamətlərini müəyyən edir və bu istiqamətlər üzrə yeni istehsal sahələrinin yaradılmasına investisiyaların cəlbini təmin edir;

2.2.20. müvafiq sahənin inkişaf etdirilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən tabeliyindəki müəssisələrlə maliyyə institutları arasında maliyyə resurslarına əlverişli çıxış imkanlarının yaradılması ilə bağlı kompleks tədbirlər görür;

2.2.21. tabeliyindəki müəssisələrdə müştərilərə keyfiyyətli xidmətlər göstərilməsini və işlər görülməsini təmin edir;

2.2.22. özəl sektorun iştirakı ilə son məhsul istehsalınadək texnoloji zəncirlərin qurulması (iri sənaye müəssisələrinin köməkçi sənaye müəssisələrinin yaradılması), habelə tabeliyindəki müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi yolu ilə istehsal zənciri həlqələrini optimallaşdırmaqla xərclərin aşağı salınması üçün tədbirlər görür;

2.2.23. tabeliyindəki müəssisələrdə yeni sənaye sahələrinin, o cümlədən enerjidən səmərəli istifadə edən, ekoloji cəhətdən əlverişli və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılması ilə bağlı tədbirlər görür;

2.2.24. tabeliyindəki müəssisələrdə innovasiya fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi və təşviqi ilə bağlı tədbirlər görür;

2.2.25. tabeliyindəki müəssisələrin fəaliyyət istiqamətləri daxilində sənayenin inkişafını onun sektorları (aqrar sənaye, yüngül sənaye, qida sənayesi, elektron sənayesi, əlvan və qara metallurgiya və s.) və respublikanın bölgələri üzrə bərabər təmin etmək məqsədilə həmin istiqamətlərdə regionların sənaye potensialının gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

2.2.26. xammala qənaət, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunması üçün tullantıların zərərsizləşdirilməsi və təkrar emalı, həmçinin aztullantılı və ya tullantısız texnologiyaların tətbiqi yolu ilə müvafiq sahədə yeni müəssisələrin yaradılmasına dair tədbirlər görür, habelə bu barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

2.2.27. tabeliyindəki müəssisələrin rəqabət qabiliyyətinə və ixrac potensialına təsir edən amillərin araşdırılmasını təmin edir və bu istiqamətdə həyata keçiriləcək tədbirlərə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

2.2.28. tabeliyindəki müəssisələrdə mövcud resursların təsərrüfat dövriyyəsinə intensiv cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər görür;

2.2.29. tabeliyindəki müəssisələrin fəaliyyəti barədə məlumatları özündə əks etdirən vahid elektron informasiya sistemi yaradır və onun aktuallığını təmin edir;

2.2.30. tabeliyindəki müəssisələrin maliyyə mənbələrinə çıxış imkanlarının yaxşılaşdırılması ilə bağlı tədbirlər görür;

2.2.31. tabeliyində yeni emal sənayesi müəssisələrinin yaradılması ilə bağlı tədbirlər görür;

2.2.32. müvafiq sahədə yüksək texnologiya əsasında yeni şirkətlərin (“startup”ların) inkişafı ilə bağlı tədbirlər görür;

2.2.33. Cəmiyyətin mülkiyyətində (balansında) olan aktivlərin (əmlak komplekslərinin) işlək vəziyyətə gətirilməsi məqsədilə tədbirlər görür;

2.2.34. Cəmiyyətin, onun törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin iqtisadi və maliyyə vəziyyətini təhlil edir və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görür;

2.2.35. Cəmiyyətin borc öhdəlikləri üzrə yaranan ödənişlərin vaxtında həyata keçirilməsini təmin edir;

2.2.36. mülkiyyətindəki (balansındakı) əmlakdan səmərəli istifadə olunmasını təmin edir;

2.2.37. elm və texnikanın perspektivli inkişaf sahələri üzrə tədqiqatlar aparılmasına yardım göstərir;

2.2.38. sənaye sahəsi üzrə istehsalın texnoloji cəhətdən müasirləşdirilməsinə, bu sahədə ölkənin elm və kadr potensialının inkişaf etdirilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

2.2.39. tabeliyindəki sənaye müəssisələrinin rəhbər işçilərinin xaricdə innovativ sənaye müəssisələrinə təlim və təcrübə mübadiləsi səfərlərini təşkil edir;

2.2.40. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, sənaye sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;

2.2.41. Cəmiyyətə ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

2.2.42. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

2.2.43. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

2.2.44. tabeliyindəki müəssisələrdə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;

2.2.45. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

2.2.46. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır;

2.2.47. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

2.3. Cəmiyyətin aşağıdakı hüquqları vardır:

2.3.1. fəaliyyət istiqamətlərinə aid hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflər vermək;

2.3.2. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

2.3.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) və reklam yayıcıları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

2.3.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar və texniki ekspertizalar aparılması, məsləhət xidmətləri göstərilməsi üçün elmi tədqiqat və təhsil müəssisələri ilə əməkdaşlıq etmək, işçi qruplar, komissiyalar və elmi-texniki şura yaratmaq;

2.3.5. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

2.3.6. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;

2.3.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

2.3.8. vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

2.3.9. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

3. Cəmiyyətin idarəetmə orqanları

3.1. Cəmiyyətin idarəetmə orqanları aşağıdakılardır:

3.1.1. səhmdarların Ümumi Yığıncağı;

3.1.2. Müşahidə Şurası;

3.1.3. Baş direktor.

3.2. Cəmiyyət öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4. Səhmdarların Ümumi Yığıncağı

4.1. Səhmdarların Ümumi Yığıncağı Cəmiyyətin ali idarəetmə orqanıdır.

4.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmiş məsələləri Azərbaycan Respublikasının Prezidenti həll edir.

5. Müşahidə Şurası

5.1. Cəmiyyətin Müşahidə Şurası (bundan sonra – Şura) Cəmiyyətə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

5.2. Şura 5 üzvdən ibarətdir. Şuranın sədrini və digər 4 üzvünü Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

5.3. Bu Nizamnamədə nəzərdə tutulan hallar istisna olmaqla, Şura qərar qəbul etməkdə müstəqildir.

5.4. Şura aşağıdakı vəzifələri yerinə yetirir:

5.4.1. Baş direktorun təklifləri əsasında Cəmiyyətin strateji məqsəd və planlarını, habelə inkişaf istiqamətlərini müəyyən edir;

5.4.2. Baş direktorun təklifləri əsasında Cəmiyyətin strukturunu, əməkhaqqı sistemini, əməkhaqqı fondunu və işçilərin say həddini təsdiq edir;

5.4.3. Şura üzvlərinin və Baş direktorun müraciətlərinə baxır və qərar qəbul edir;

5.4.4. Cəmiyyətin fəaliyyətinə dair Baş direktorun hesabatını dinləyir;

5.4.5. Baş direktorun təklifləri əsasında Cəmiyyətin fəaliyyətinə dair daxili qaydaları, o cümlədən Cəmiyyətə işə qəbul, əməkdaşların qiymətləndirilməsi, daxili intizam qaydalarını, habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir;

5.4.6. Cəmiyyətin Nizamnaməsində, o cümlədən nizamnamə kapitalının miqdarında dəyişiklik edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələləri ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

5.4.7. bu Nizamnamədə nəzərdə tutulmuş hallarda təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını təmin edir;

5.4.8. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Cəmiyyətin törəmə müəssisələrinin yaradılması, yenidən təşkili və ləğvi, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması və ya ləğvi barədə qərar qəbul edir;

5.4.9. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

5.4.10. aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

5.4.11. Baş direktorun təqdimatı əsasında Cəmiyyətin büdcəsini və investisiya proqramını təsdiq edir;

5.4.12. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

5.4.13. Cəmiyyətin kənar auditorunu təyin edir;

5.4.14. yeni texnologiyaların tətbiqi ilə bağlı qərar qəbul edir;

5.4.15. Baş direktorun təqdimatı əsasında Cəmiyyətin aparatının struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;

5.4.16. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir;

5.4.17. Baş direktorun təklifləri əsasında Cəmiyyətin xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluğu barədə məsələlərə baxır;

5.4.18. Baş direktorun təklifləri əsasında investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı qərarlar qəbul edir;

5.4.19. Şuranın öz funksiyalarını yerinə yetirməsi üçün lazım olan şifahi və yazılı hesabatların, eləcə də hər hansı digər sənədin təqdim edilməsini Baş direktordan və Cəmiyyətin digər vəzifəli şəxslərindən tələb edir;

5.4.20. daxili audit xidmətinin, eləcə də kənar auditorun yoxlamalarının nəticələrinə baxır və bu yoxlamaların yekunları ilə əlaqədar tədbirlər görür;

5.4.21. bu Nizamnamənin 2.2.29-cu yarımbəndində nəzərdə tutulan informasiya sisteminin yaradılması barədə qərar qəbul edir;

5.4.22. Baş direktorun təqdimatı əsasında Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə bu Nizamnamənin 6.4.20-ci yarımbəndində nəzərdə tutulmuş məsələ ilə bağlı razılıq verir.

5.5. Şuranın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həllini və kargüzarlıq işinin aparılmasını Şura sədrinin ofisi həyata keçirir.

5.6. Şuranın sədri Şura sədrinin ofisinin fəaliyyətinə dair təlimatları təsdiq edir və onun tərkibini müəyyən edir.

5.7. Şura sədrinin ofisi:

5.7.1. Şuranın iclaslarının gündəliyi, tarixi və keçiriləcəyi yer haqqında məlumatları Şuranın üzvlərinə çatdırır;

5.7.2. müvafiq tapşırıq əsasında aidiyyəti dövlət orqanları və qurumlarının, hüquqi şəxslərin nümayəndələrini və mütəxəssisləri Şuranın iclaslarına dəvət edir;

5.7.3. Şuranın müzakirəsinə çıxarılacaq məsələlər üzrə zəruri sənədlərin layihələrini hazırlayır və Şuranın üzvlərinə çatdırır;

5.7.4. Şuranın üzvlərindən daxil olan məlumatlar haqqında arayışı Şuranın sədrinə təqdim edir;

5.7.5. Şuranın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Şuranın sədrinə təqdim edir;

5.7.6. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

5.7.7. Şuranın iclaslarında qəbul olunmuş qərarlar haqqında Şura üzvlərini məlumatlandırır;

5.7.8. Şura sədrinə təqdim edilmək üçün Cəmiyyətin idarə, filial və nümayəndəliklərindən, habelə törəmə cəmiyyətlərindən hesabatlar alır, təhlillər, ümumiləşdirmələr aparır, metodik və analitik materiallar hazırlayır;

5.7.9. müvafiq sahə üzrə tövsiyələr hazırlayır və təkliflər verir;

5.7.10. Şura sədrinin digər tapşırıqlarını icra edir;

5.7.11. Şuranın fəaliyyəti ilə əlaqədar digər funksiyaları həyata keçirir.

5.8. Şuranın iclaslarını Şura sədri 3 (üç) ayda bir dəfədən az olmayaraq çağırır. Şuranın növbədənkənar iclaslarını onun üzvünün və Baş direktorun təşəbbüsü ilə Şura sədri çağırır.

5.9. Şuranın tələbi ilə onun iclaslarında Cəmiyyətin digər vəzifəli şəxsləri də iştirak etməlidir.

5.10. Şuranın iclasları Şura üzvlərinin azı üçü iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında hər üzv bir səsə malikdir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər bölünərsə, sədrin səsi həlledici sayılır.

5.11. Şuranın qərarlarının qəbul olunması və iş qaydası onun təsdiq etdiyi əsasnamə ilə müəyyən edilir.

5.12. Şura bu Nizamnamə ilə onun müstəsna səlahiyyətlərinə aid edilmiş məsələləri həll edilmək üçün Baş direktora həvalə edə bilməz.

5.13. Şuranın sədri:

5.13.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

5.13.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

5.13.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya Baş direktorun xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;

5.13.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

5.14. Şuranın üzvləri:

5.14.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

5.14.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

5.14.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

5.14.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər verirlər;

5.14.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

5.15. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

6. İcra orqanı

6.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirir.

6.2. Cəmiyyətin Baş direktorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

6.3. Baş direktorun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini vardır. Baş direktorun müavinləri Baş direktorun onlara həvalə etdiyi vəzifələri yerinə yetirirlər. Baş direktor müvəqqəti olmadıqda, müvafiq əmrlə müavinlərindən biri onu əvəz edir.

6.4. Baş direktor aşağıdakı vəzifələri yerinə yetirir:

6.4.1. Cəmiyyətin fəaliyyətini təşkil edir, onun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

6.4.2. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;

6.4.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Cəmiyyətin Aparatının, idarə, filial və nümayəndəliklərinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

6.4.4. Cəmiyyətin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

6.4.5. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün öz səlahiyyətləri daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

6.4.6. Şuranın razılığı ilə Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;

6.4.7. Cəmiyyətin (bu Nizamnamənin 6.3-cü, 8.3-cü bəndləri və 6.4.6-cı yarımbəndi nəzərə alınmaqla), o cümlədən onun idarə, filial və nümayəndəliklərinin digər işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;

6.4.8. Cəmiyyətin inkişaf istiqamətlərini, büdcəsini və investisiya proqramını hazırlayır və Şuraya təqdim edir;

6.4.9. bu Nizamnamənin 5.4.11-ci, 5.4.15-ci və 5.4.22-ci yarımbəndlərində göstərilən məsələlərlə bağlı Şuraya təqdimat verir;

6.4.10. bu Nizamnamənin 2.2.29-cu yarımbəndində nəzərdə tutulan informasiya sisteminin yaradılmasını və aktuallığını təmin edir;

6.4.11. Cəmiyyətin Nizamnaməsində, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi və mənfəətin (zərərin) bölüşdürülməsi məqsədilə Şuraya təkliflər verir;

6.4.12. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin (kənar auditorun rəyi əlavə olunmaqla), habelə Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması barədə Müşahidə Şurasına təkliflər verir;

6.4.13. Cəmiyyətin fəaliyyətinə dair hesabatları (illik və yarımillik) və mühasibat balansını hazırlayır və qeyd olunan sənədləri kənar auditorun rəyi ilə birlikdə Şuraya təqdim edir;

6.4.14. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyə tapşırıqlarını imzalayır;

6.4.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq, komissiyalar, komitələr və işçi qruplar yaradır;

6.4.16. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin təsdiq olunmuş gəlir və xərclər smetaları üzrə xərclərin ödənilməsini təmin edir, yaranan mübahisələri həll edir;

6.4.17. Cəmiyyətin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

6.4.18. Cəmiyyətin cari fəaliyyəti ilə bağlı bu Nizamnamə ilə ona həvalə edilmiş vəzifələrin icra vəziyyəti barədə ildə iki dəfə Şuraya hesabat verir;

6.4.19. Cəmiyyətin saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunda nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlər görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) Cəmiyyətin sərəncamına daxil olan vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir;

6.4.20. Şuranın razılığı ilə Cəmiyyət tərəfindən digər müəssisələrin səhmlərinin (paylarının) əldə olunması, istiqrazların emissiyası barədə qərar qəbul edir;

6.4.21. Cəmiyyətin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

6.4.22. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

7. Cəmiyyətin nizamnamə kapitalı, əmlakı və maliyyə fəaliyyətinin əsasları

7.1. Cəmiyyətin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı hesabına formalaşır.

7.2. Cəmiyyətin nizamnamə kapitalı 500 000 000 (beş yüz milyon) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 1 manat olan 500 000 000 (beş yüz milyon) ədəd sənədsiz, adi, adlı səhmdən ibarətdir.

7.3. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam (bu Nizamnamənin 7.8-ci və 7.9-cu bəndləri nəzərə alınmaqla) vermək hüquqlarına malikdir.

7.4. Cəmiyyətin əmlakı nizamnamə kapitalına daxil olan əmlak, dövlət büdcəsindən ayırmalar, öz fəaliyyətindən əldə edilən daxilolmalar, Cəmiyyətin emissiya etdiyi istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlər, alınmış xarici kreditlər, yardımlar, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

7.5. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7.6. Cəmiyyət qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra özünün, törəmə cəmiyyət, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Cəmiyyət xərclərini öz gəlirləri hesabına maliyyələşdirir.

7.7. Cəmiyyət öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.

7.8. Cəmiyyət mülkiyyətində (balansında) olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

7.9. Cəmiyyətin mülkiyyətində (balansında) olan əmlakın özəlləşdirilməsi ilə bağlı məsələlər, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada həyata keçirilir.

8. Daxili və kənar audit

8.1. Cəmiyyət daxili audit xidmətini təsis edir. Daxili audit və bu xidmətin işini icra edən şəxslər öz fəaliyyətlərində müstəqildirlər və öz funksiyalarını icra edərkən onların müstəqil qiymət vermək, nəticələr çıxarmaq hüququ vardır.

8.2. Cəmiyyətin daxili audit xidmətinin əməkdaşları “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tələblərə cavab verməlidirlər.

8.3. Cəmiyyətin daxili audit xidmətinin əməkdaşlarını Şura vəzifəyə təyin və vəzifədən azad edir.

8.4. Daxili audit xidmətinin əsas funksiyaları aşağıdakılardan ibarətdir:

8.4.1. Cəmiyyətin, onun struktur bölmələrinin, idarə, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarına uyğunluğunu yoxlamaq;

8.4.2. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi auditini həyata keçirmək;

8.4.3. daxili audit yoxlamalarının nəticələri haqqında, habelə ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması üçün təkliflər barədə Şuraya məlumat vermək;

8.4.4. “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda və bu Nizamnamədə nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirmək.

8.5. Cəmiyyətin bütün müvafiq bölmələri və əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri sənədləri onlara təqdim etməyə, onların vəzifələrinin icrası üçün zəruri şərait yaratmağa borcludurlar.

8.6. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin auditi Şuranın qərarı ilə həyata keçirilir.

8.7. Cəmiyyət öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8.8. Eyni kənar auditorla ardıcıl 3 ildən artıq müddətə müqavilə bağlamaq olmaz.

9. Cəmiyyətin öz törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri

9.1. Cəmiyyətin öz törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının qanunlarına, bu Nizamnaməyə, habelə onların nizamnamələrinə (əsasnamələrinə) və Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq tənzimlənir.

9.2. Cəmiyyətin öz törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətləri vardır:

9.2.1. Cəmiyyətin törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin idarəetmə orqanlarını formalaşdırmaq;

9.2.2. bu Nizamnamənin 6.4.6-cı və 6.4.7-ci yarımbəndlərində nəzərdə tutulan məsələlərlə bağlı qərar qəbul etmək;

9.2.3. Azərbaycan Respublikasının qanunlarına və bu Nizamnaməyə uyğun olaraq, törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin balansında olan əmlakın hüquqi və fiziki şəxslərə icarəyə verilməsinə razılıq vermək;

9.2.4. Cəmiyyətin törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşdırılmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, müzakirələrdə iştirak etmək;

9.2.5. Cəmiyyətin törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətinin yekunlarına baxılmanı təmin etmək;

9.2.6. Cəmiyyətin törəmə cəmiyyətlərindən, idarə, filial və nümayəndəliklərindən onların təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək;

9.2.7. Cəmiyyətin törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətini təhlil və təftiş etmək.

10. Cəmiyyətdə uçot və hesabat

10.1. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin il dekabrın 31-də başa çatır. Növbəti hesabat ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.

10.2. Cəmiyyət “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

10.3. Cəmiyyət “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, statistik uçot aparır və statistik hesabatları tərtib edir.

10.4. Cəmiyyətin illik hesabatını Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.

11. Cəmiyyətin yenidən təşkili və ləğvi

Cəmiyyətin yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10