Azərbaycan, İran və Rusiya prezidentlərinin mətbuata bəyanatları

01 noyabr 2017, 21:09
Azərbaycan, İran və Rusiya prezidentlərinin mətbuata bəyanatları

Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü başa çatdıqdan sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

İran Prezidenti Həsən Ruhaninin bəyanatı

-Hörmətli qonaqlar.

Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Mənim dəvətimi qəbul edib Tehrana gəliblər ki, ikinci üçtərəfli görüşümüzü keçirə bilək. Bu görüş üç ölkənin dostluğuna və qonşuluğuna əsaslanır. Bu dostluq, səmimiyyət və coğrafi qonşuluğumuz, mədəni əlaqələr bu üç ölkə arasında səbəb olub ki, biz əlaqələrin genişləndirilməsi üçün daha əzmkar olaq və mövcud imkanlardan istifadə edək.

Həm Bakı, həm də Tehran görüşündə çox mühüm məsələləri müzakirə etdik. Biz o məsələləri bundan sonra da həll etməyə çalışacağıq.

Birinci məsələ üç ölkə arasında tranzit məsələsidir. Eləcə də Asiya regionu ilə Avropa regionu arasında tranzitin yaradılmasıdır. Əslində bu iki qitəni “Şimal-Cənub” nəqliyyat dəhlizi birləşdirəcək. Biz qərar qəbul etmişik ki, Bəndər-Abbas limanı Helsinkiyə birləşsin və Asiyanı Avropaya birləşdirək. Bu tranzit marşrutu Azərbaycan, Rusiya, Şərqi və Şimali Avropadan keçir. Eləcə də avtomobil yolları və dəniz nəqliyyatı sahəsində də əməkdaşlığın genişləndirilməsini istəyirik. Biz Xəzərin sahilində yerləşən üç ölkə bu dənizin regionda sülh dənizi olaraq imkanlarından istifadə edib ölkələrimizin inkişafına nail olmalıyıq.

Eləcə də qərar qəbul etmişik ki, iqtisadi sahədə üç ölkənin əlaqələrini daha da gücləndirək. Biz bu sahədə çox önəmli bir addım atmışıq. Avrasiya İttifaqına birləşmək üçün biz mühüm bir addım atmışıq. Bu, İran ilə Avrasiya İttifaqı arasında əlaqələrin genişləndirilməsi üçün çox mühüm bir addımdır.

Həmçinin biz üç ölkə arasında yaşıl gömrük zonasının yaradılmasını və vahid gömrük standartlarının tətbiq edilməsini istəyirik.

Bankçılıq sahəsində də əməkdaşlığın genişləndirilməsi, milli valyutadan istifadə olunması məsələsinə toxunduq. Biz İran ilə Azərbaycan, İran ilə Rusiya, eləcə də üç ölkənin bir-biri ilə ikitərəfli və üçtərəfli ticari mübadilələrdə özlərinin milli valyutalarından istifadə imkanlarını müzakirə etdik.

Enerji sahəsində əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Hər üç ölkə neft və qaz ehtiyatlarına, regionda çox imtiyazlı bir mövqeyə malikdir. Bizim bir-birimizlə texnoloji sahədə, neft-qaz istehsalı və ixracı sahələrində əməkdaşlığımız və bu sahələrə müştərək investisiyaların yatırılması çox önəmlidir. Biz üç ölkənin elektrik enerjisi şəbəkələrinin bir-birinə birləşdirilməsini çox vacib hesab edirik. Biz üç ölkənin elektrik enerjisindən qarşılıqlı olaraq istifadə etməliyik. Biz Xəzər dənizində ekoloji sahədə əməkdaşlığı da çox istəyirik. Xəzər dənizinin üç sahil ölkəsi olaraq biz əməkdaşlığı genişləndirməliyik. Eləcə də Xəzər dənizinin hüquqi statusunun təyin olunmasını tezliklə sona çatdırmalıyıq ki, bu dənizin imkanlarından istifadə edək.

Cənab Vladimir Putin təklif etdi ki, növbəti görüş Rusiyada keçirilsin və biz bunu qəbul etdik. Biz cənab Putinin bu təklifinə görə təşəkkür edirik. Bizim növbəti görüşümüz gələn il Rusiyada keçiriləcək.

Biz üç ölkə arasında əməkdaşlıqdan əlavə regional əməkdaşlıq, regional təhlükəsizlik sahəsində əməkdaşlıq barədə də danışdıq. Hər üç ölkənin regionun təhlükəsizliyində, xüsusən də terrorizm və radikalizmlə mübarizədə rolu çox önəmlidir. Xüsusilə də Rusiya ilə bizim əməkdaşlığımız çox səmərəli olub. İranın, Türkiyənin və Rusiyanın Astanada keçirilən müzakirələri Suriyada sülhün bərqərar olması üçün çox önəmli idi. Bu görüşümüzdə də hər üç ölkənin regional təhlükəsizlik, terrorizmlə, radikalizmlə, narkotik qaçaqmalçılığı ilə mübarizə sahələrində əməkdaşlığı ilə bağlı müzakirələr apardıq.

Biz mehriban qonşuluq siyasətimizlə, öz imkanlarımızdan istifadə etməklə ölkələrimizin və xalqlarımızın inkişafı üçün bir-birimizə kömək etməliyik. Sağ olun.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Hörmətli Prezident Ruhani.

Hörmətli Prezident Putin.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident Ruhaniyə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Yenidən qardaş ölkədə olmağımdan çox məmnunam.

Bu gün biz Azərbaycan-İran və Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafı ilə bağlı Prezident Ruhani və Prezident Putin ilə görüşlər keçirdik. Bir daha gördük ki, bizim əlaqələrimiz çox uğurla, sürətlə inkişaf edir və əlaqələrimiz yüksək səviyyədədir.

Üçtərəfli əməkdaşlıq formatına gəldikdə, bildiyiniz kimi, birinci Zirvə görüşü ötən ilin avqust ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilmişdir. Bugünkü Zirvə görüşü isə onu göstərir ki, bu formatın çox böyük əhəmiyyəti və gözəl gələcəyi vardır. Üçtərəfli əməkdaşlığımız tam təbiidir. Çünki xalqlarımızı ortaq tarix, eyni zamanda, coğrafiya birləşdirir. Əsrlər boyu xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşlar.

Üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti var. Hesab edirəm ki, bizim uğurlu əməkdaşlığımız regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsində çox mühüm rol oynayır. Əlbəttə, bizi birləşdirən bir çox iqtisadi infrastruktur layihələridir ki, Prezident Ruhani bu barədə öz çıxışında söylədi. Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm Rusiya ilə, həm İranla quru sərhədi var və bu coğrafi yerləşmə, əlbəttə, diktə edir ki, biz bütün sahələrdə çox uğurlu əməkdaşlıq edək.

Keçən Zirvə görüşündən ötən dövr ərzində çox önəmli hadisələr baş vermişdir. Cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, ötən il əldə edilmiş razılaşmalar bu gün həyatda öz əksini tapır. Xüsusilə iqtisadi sahədə əməkdaşlığı qeyd etməliyəm. Bu gün də Zirvə görüşü zamanı rəqəmlər səsləndi, bizim Rusiya ilə bu il ticarət dövriyyəmiz 60 faizdən çox artmışdır, İranla 30 faizdən çox artmışdır. Keçən il İran-Azərbaycan ticarət dövriyyəsi isə 70 faiz artmışdır. Bu, ilk növbədə, onu göstərir ki, üç ölkə arasında çox səmimi dostluq münasibətləri var. Təbii ki, iqtisadi sektor, biznes dairələri bunu görür və bundan faydalanır. Eyni zamanda, artan ticarət dövriyyəsi göstərir ki, bizim iqtisadiyyatımız uğurla inkişaf edir və dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim iqtisadiyyatımıza ciddi təsir göstərməmişdir.

Eyni zamanda, keçən Zirvə görüşündən ötən dövrdə Azərbaycan öz dəmir yolu infrastrukturunu təkmilləşdirib və İran sərhədinə qədər qalan hissəni inşa edib. Həmçinin Astaraçay üzərində körpü də tikilib və birinci qatar Azərbaycan-İran sərhədini bu ilin mart ayında keçmişdir. Hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır. Eyni zamanda, mən bunu da Zirvə görüşü zamanı söylədim, mətbuat da bunu bilsin, İran ilə Azərbaycan arasında Astara-Rəşt dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı razılaşmalar əldə edilib, sənəd paraflanıb və indi daxili prosedurlar təşkil ediləndən, o prosedurlardan keçəndən sonra bu məsələ də öz həllini tapacaqdır.

Neft-qaz sahəsində əməkdaşlığımızın tarixi var. Bu əməkdaşlıq da təbiidir. Çünki üç ölkə dünya enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini verir. Eyni zamanda, neftin qiymətinin sabitləşməsində ölkələrimizin çox böyük rolu olmuşdur. Bu gün biz görürük ki, OPEK və qeyri-OPEK ölkələri bir-biri ilə səmimi əməkdaşlıq edirlər və bu əməkdaşlıq nəticəsində hazırda neftin qiyməti məqbul səviyyəyə qalxıbdır.

Biz həm İranla, həm Rusiya ilə elektrik xətlərimizi birləşdirmişik və bu da regional əməkdaşlıq üçün çox gözəl zəmin yaradır. Bir sözlə, bir il ərzində bir çox məsələlər öz həllini tapıb və bu gün əldə edilmiş razılaşmalar və Tehran Bəyannaməsinin icra edilməsi nəticəsində əminəm ki, gələn Zirvə görüşünə qədər biz daha da yaxşı nəticələr haqqında ictimaiyyəti məlumatlandıracağıq.

Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımız təbiidir, səmimidir, dostluq, qarşılıqlı hörmət əsasında qurulubdur və bu əməkdaşlıq xalqlarımız, ölkələrimiz üçün çox önəmlidir və region üçün də çox böyük əhəmiyyət daşıyır.

Bu Zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyi üçün Prezident Ruhaniyə bir daha təşəkkürümü bildirirəm. Sağ olun.

Rusiya Prezidenti Vladimir Putinin bəyanatı

-Hörmətli xanımlar və cənablar. 

Öz tərəfimdən birgə işimizin nəticələri ilə bağlı məmnunluğumu bildirmək istərdim. İran rəhbərliyinə dəvətə görə, Tehran sakinlərinə isə şəhərdə bizim gediş-gəlişimizə səbirlə dözdüklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Biz bunun heç də asan olmadığını gördük. Amma ümidvaram ki, bizim bugünkü işimiz hədər getmədi. Biz həqiqətən üçtərəfli formatın çox mühüm məsələlərini müzakirə etdik. Amma əminəm ki, bu minvalla işimiz aşkar xoşniyyətli, müsbət nəticəyə doğru səylərlə ölkələrimizə, dövlətlərimizə və xalqlarımıza fayda gətirəcək.

Biz sabitlik, cinayətkarlıqla, terrorizmlə mübarizə sahələrində mühüm məsələləri müzakirə etdik, amma əsas diqqət iqtisadi xarakterli problemlərə yönəlib. Mənim həmkarlarım artıq bu barədə danışıblar. Mən təkrarlamaq istəməzdim. Yalnız əlavə etmək istərdim ki, burada haqqında danışılan çox mühüm “Şimal-Cənub” dəhlizi artıq sınaq rejimində işləyir. Ötən il Hindistandan İran vasitəsilə Rusiyaya və digər ölkələrə yüklər göndərilib. Bu marşrut öz iqtisadi məqsədyönlülüyünü və səmərəliliyini nümayiş etdirib.

Yaxşı məlumdur ki, Rusiya, İran və Azərbaycan iri karbohidrogen istehsalçılarıdır. Amma bu, o demək deyil ki, biz rəqabət aparmalıyıq. Bu, o deməkdir ki, biz öz səylərimizi əlaqələndirməliyik. Yeri gəlmişkən, OPEK çərçivəsində əlaqələndirmə artıq öz müsbət nəticələrini verib. Amma bu kartelə üzv olmayan ölkələr həmin işə qoşulmasaydılar bu, mümkün olmazdı. Qaz istehsalçıları təşkilatı çərçivəsində də eyni hadisə baş verir. Burada da biz əməkdaşlıq edirik və gələcəkdə də əməkdaşlıq edəcəyik. Mən diqqəti ona yönəltmək istərdim ki, bizim ölkələrimizin hər birində karbohidrogenlərin böyük həcmdə istehsalına baxmayaraq, nə qədər qəribə olsa da, bu xammalı bir-birimizə göndərməyə maraq var. Mən daxili logistikanı nəzərdə tuturam. Məsələn, biz İranın şimalına Azərbaycanın boru kəməri nəqliyyat sistemləri ilə qazı göndərməyə hazır olduğumuzu təsdiq edirik. Bu da bizim tərəfdaşlarımız üçün iqtisadi cəhətdən məqsədyönlü ola bilər.

Biz digər sektorlarda münasibətlərin inkişafından da danışmışıq. Bizim nöqteyi-nəzərimizcə humanitar, təhsil, səhiyyə sahələrində əməkdaşlıq, dövlətlərimizin regionları arasında əlaqələr və təbii ki, mədəniyyət sahəsində əlaqələr olduqca mühümdür. Təbii ki, mənim həmkarlarım da bu barədə danışdılar. Biz hamımız Xəzəryanı dövlətlərik. Ümidvaram ki, biz Xəzər problematikası, Xəzərin statusu ilə bağlı yaxın vaxtlarda imzalanacaq razılaşmalarımızın bütün parametrlərini uyğunlaşdıracağıq.

Bugünkü səfər zamanı ikitərəfli danışıqlar da baş tutdu. Azərbaycan Prezidenti ilə biz tez-tez görüşürük. Biz müəyyən, daha mühüm istiqamətlər üzrə mövqelərimizi dəqiqləşdirdik, ikitərəfli formatda əmtəə dövriyyəsinin artımını qeyd etdik və qarşılıqlı fəaliyyətimizin perspektiv istiqamətləri barədə danışdıq. Prezident Ruhani ilə təbii ki, ikitərəfli əlaqələr, o cümlədən iqtisadiyyat sahəsində əlaqələr barədə danışdıq. Bu, həm energetika, həm nəqliyyat maşınqayırması və kənd təsərrüfatıdır. İranın Ali Rəhbəri ilə də ətraflı danışıq baş tutdu. Danışıq çox məzmunlu, çox faydalı idi. Hər iki görüşdə biz regionda təhlükəsizliklə bağlı vəziyyəti, İranın nüvə problematikası ilə əlaqədar müqavilə və təbii ki, Suriyadakı vəziyyət məsələlərini ətraflı müzakirə etdik. Mən qeyd etmək istərdim ki, biz İranla olduqca məhsuldar işləyirik. Biz Suriya problematikası ilə bağlı məsələləri razılaşdıra bilirik, bizim birgə səylərimiz, həmçinin Türkiyənin səyləri sayəsində. Bildiyiniz kimi, terrorizmlə mübarizədə ərazinin özündə vəziyyət, Astanada keçirilən və növbəti raundu yenicə başa çatan, həm də müsbət yekunlaşan danışıqlar prosesi uğurla inkişaf edir. Burada hələ çox məsələlər, problemlər var. Bunlardan heç birini birtərəfli qaydada həll etmək mümkün deyil. Bu problemi heç bir tərəf, heç bir ölkə birtərəfli qaydada həll edə bilməz. Biz iranlı tərəfdaşlarımız və dostlarımızla gələcək müsbət əməkdaşlığa bel bağlayırıq və bugünkü səfərin nəticələrini çox yüksək qiymətləndiririk. Bugünkü iş zamanı yaradılan ab-havaya görə Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Diqqətə görə minnətdaram.

x x x

Sonra rəsmi ziyafət verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi ziyafətdə iştirak etdi.

x x x

Azərbaycan Prezidenti İlham Əliyevin İrana işgüzar səfəri noyabrın 1-də başa çatdı.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50