İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edib

30 oktyabr 2017, 14:30
İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirak edib

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Mən sizin hamınızı səmimiyyətlə salamlayıram və Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bugünkü təntənəli mərasimdə qardaş, dost ölkələrdən qonaqlar gəlmişlər. Mən xüsusilə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Gürcüstanın, Qazaxıstanın, Özbəkistanın Baş nazirlərini, Tacikistanın, Türkmənistanın nazirlərini salamlayıram və bu mərasimdə iştirak etdiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm.

Əziz qonaqlar, sizin bu gün bu mərasimdə iştirakınız Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha əyani şəkildə göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq.

Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti var. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanmışdır, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilmişdir və nəhayət, bu gün biz Azərbaycanda, burada, Ələtdə bu yolun açılışını qeyd edirik. Bu yolun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birini dəstəkləyirlər, ölkələrimiz, xalqlarımız üçün önəmli olan, dünya üçün önəmli olan layihələri icra edirlər. Bakı-Tbilisi-Qars bu layihələrin arasında öz layiqli yerini tutmuş bir layihədir.

Ondan əvvəlki dövrdə biz böyük tarixi əhəmiyyətə malik olan Bakı–Tbilisi-Ceyhan neft kəmərinin açılışını bərabər qeyd etmişdik. Ceyhan şəhərində o təntənəli mərasim mənim xatirimdədir, 2006-cı ildə əziz qardaşım Prezident Ərdoğanla birlikdə o kəməri açmışdıq. Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir və bu gün bu kəmərlə, eyni zamanda, Xəzərin şərq hissəsindən də neft nəql edilir. Yəni, bizim ölkələrimiz, eyni zamanda, başqa ölkələr üçün də tranzit imkanları təmin ediblər. Ondan bir il sonra - 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum kəməri yenə də Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı əməkdaşlıq hesabına inşa edilmişdir. Bu layihə də həm Azərbaycanın, həm Gürcüstanın, həm Türkiyənin enerji təhlükəsizliyini təmin edir və 10 ildir ki, uğurla fəaliyyət göstərir. Üç ölkə, eyni zamanda, öz elektrik xətlərini birləşdirmiş və bu gün bu sahədə də əməkdaşlıq uğurla inkişaf edir. Təbii ki, dünya miqyaslı, Avropanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi də məhz Azərbaycan, Gürcüstan, Türkiyənin və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır. Bu layihənin icrası uğurla gedir. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizinin 4 hissəsi var. “Şahdəniz-2” layihəsi 98 faiz icra edilib. Cənubi Qafqaz kəməri Azərbaycanı Gürcüstanla birləşdirən qaz xəttidir, orada icra səviyyəsi 99 faizdir. Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən TANAP layihəsinin də icrası 84 faiz səviyyəsindədir. TAP layihəsinin icrası isə təqribən 60 faizə yaxındır. Yəni, Bakı-Tbilisi-Qars dəmir yolu da əvvəl icra edilmiş layihələrin əsasında yaradılıb. Təbii ki, əgər biz əvvəlki dövrlərdə enerji, neft-qaz sahəsində bu nəhəng, böyük miqyaslı layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars haqqında ancaq danışa bilərdik.

Onu da qeyd etməliyəm ki, bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir.

Bu dəmir yolu layihəsinə Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan böyük maraq göstərir. Həmin ölkələrdən gəlmiş nümayəndə heyətlərinin, yüksək vəzifəli şəxslərin bu mərasimdə iştirakı bunu əyani şəkildə göstərir. Biz əminik ki, yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və bizim ölkələrimizin Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək. Avropa üçün bu yolun böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə artıq müvafiq danışıqlar aparmışdır. Avropa ölkələri də bu yolun tikintisinə çox böyük maraq göstərirlər.

Onu da qeyd etməliyəm ki, Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli addımlar atır. Azərbaycan ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər tamamlanıb, yəni, bütün infrastruktur hazırdır. Eyni zamanda, Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur. Biz indi Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq və hesab edirəm ki, bu, mümkündür. Əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək.

Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir.

Bütövlükdə deyə bilərəm ki, Azərbaycan nəqliyyat sektoruna çox böyük önəm verir. Azərbaycanda bu sahəyə çox böyük sərmayə qoyulur. 2004-cü ildən bu günə qədər Azərbaycanda 11 min kilometr avtomobil yolu tikilmişdir, 6 beynəlxalq hava limanı istifadəyə verilmişdir. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycanda 20-yə yaxın iri yük təyyarəsi fəaliyyət göstərir. Azərbaycanın Xəzər dənizində ən böyük dəniz donanması var – 270 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Azərbaycanda bir neçə il bundan əvvəl böyük gəmiqayırma zavodu tikilmişdir. Bu zavod bütün növ gəmiləri istehsal edir. Gələcəkdə Xəzərdə yükdaşımaların gözlənilən artımı ilə bağlı bu zavod daha böyük həcmlə işləyəcək. Əlbəttə ki, nəqliyyat infrastrukturumuzun önəmli hissəsi bax, bu gün burada toplaşdığımız Ələt Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bu limanın tikintisi uğurla gedir, artıq liman fəaliyyət göstərir. Ancaq limanın birinci fazasının istismara verilməsi gələn ilin ortalarında nəzərdə tutulur. Ondan sonra ildə 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci mərhələsinin başa çatması nəticəsində isə Ələt limanının imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olacaq. Yəni, son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərmayə artıq çox güclü infrastruktura gətirib çıxarıb. Bu infrastruktur həm ölkəmiz, həm bölgə və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir.

Bir daha qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Əlbəttə, bir daha demək istəyirəm ki, bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olmuşdur. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk.

Əziz dostlar, bu gözəl tarixi hadisə münasibətilə sizi bir daha təbrik etmək istəyirəm. Əminəm ki, Bakı-Tbilisi-Qars yolu həmişə açıq olacaq. Sağ olun.

                                                                                                   X X X

Mərasimdə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili çıxış etdi.

Baş nazir Giorgi Kvirikaşvilinin çıxışı

- Çox hörmətli Prezident Əliyev.

Çox hörmətli Prezident Ərdoğan.

Çox hörmətli Baş nazir Saqintayev.

Çox hörmətli Baş nazir Aripov.

Tacikistandan və Türkmənistandan olan hörmətli hökumət üzvləri, hörmətli xanımlar və cənablar.

İcazə verin, əvvəlcə bu mötəbər mərasimə təşrif buyurduğunuz üçün hamınızı salamlayım. Bugünkü toplantımız həm ölkələrimiz və bütövlükdə region üçün əlamətdar hadisəyə həsr olunur. Biz bu gün rəsmən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını elan edirik. Bu da öz növbəsində, birgə layihələrin uğurla həyata keçirilməsinin bariz nümunəsidir.

Bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə və qonşu, dost ölkələrin rəsmilərini dəvət etdiyinə görə mən, ilk növbədə, Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Bu da birgə baxışların və maraqların nümayişidir.

Mən fürsətdən istifadə edərək Prezident Ərdoğanı və bütövlükdə türk xalqını Respublika Günü münasibətilə təbrik etmək istəyirəm. Türkiyə, Azərbaycan və Gürcüstanın bu layihədə birgə iştirakı, Qazaxıstanın və Özbəkistanın Baş nazirlərinin, həmçinin Türkmənistan və Tacikistanın hökumət üzvlərinin mərasimdə iştirakı layihənin mühüm əhəmiyyətini, cəlbediciliyini və onun strateji önəmini nümayiş etdirir.

Bu gün region və dünya bir çox təhlükələrlə üz-üzədir. Təəccüblü deyil ki, bizim ölkələrin inkişafına, ölkələr arasında ticari və iqtisadi əlaqələrin genişlənməsinə və bundan irəli gələn sabitliyə yönələn layihə belə yüksək diqqətə layiqdir. Ölkələrimizin geostrateji mövqeyi bizə Avropanı Asiya ilə birləşdirən körpü olmağa nadir imkan yaradır. Əminəm ki, yeni dəmir yolu xətti təkcə bizim regionda deyil, onun ətrafında da mövcud iqtisadi şəraiti dəyişəcək və inkişafın yeni mərhələsini yaradacaq. Əminliklə demək olar ki, bu gün yeni Avrasiya körpüsünün təməli qoyulur. Bu, təkcə bizim iqtisadiyyatlarımızı deyil, həmçinin vətəndaşlarımızı bir-birinə bağlayacaq, onların rifah halını daha da yaxşılaşdıracaq.

Yeni dəmir yolu marşrutunun tam işə düşməsi ölkələrimizin tranzit və logistik potensialından daha səmərəli istifadə etməyə imkan yaradacaq, regionun nəqliyyat və ticari statusunu möhkəmləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu yük daşımalarından başqa ildə 1 milyon sərnişinə xidmət göstərəcək. Yeni dəmir yolunun istismarı müasir infrastrukturun inkişafına da töhfə verəcək, yeni bazarlar mənimsənilənəcək, turizm və emal sektoru inkişaf edəcək, yeni iş yerləri yaradılacaq. Bu, bizim regionumuzun iqtisadi inkişafı üçün mühüm amildir.

Son illər ölkələrimiz arasında əldə olunan uğurları alqışlayırıq. Qeyd etmək istərdim ki, hər bir ölkənin uğuru digər ölkələrin inkişafına, sabitliyinə və təhlükəsizliyinə təminatdır. Bu gün biz nəinki ticari potensialımızı, eyni zamanda, dünyanın ən iri bazarlarına çıxışımızla ölkələrimizi bir-birinə bağlayırıq. Həm dünya bazarlarının məhsulları, həm öz məhsullarımız yeni kommunikasiyanın yaradılmasını tələb edir. Beynəlxalq yükdaşımaların stimullaşdırılması və ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün bizim ölkələrimiz yeni nəqliyyat infrastrukturu layihələrinin həyata keçirilməsinə, mövcud olan infrastrukturun modernləşdirilməsi və səmərəli işləməsinə böyük əhəmiyyət verir.

Dəmir yolunun tikintisi və modernləşdirilməsindən başqa, biz liman infrastrukturunu da inkişaf etdiririk və nəqliyyat infrastrukturuna da maliyyə dəstəyi göstəririk. Bu da Gürcüstan ərazisində tranzit dəhlizin dördzolaqlı magistral yolunun inşasına yönəldilib. Bundan əlavə, Gürcüstan İpək Yolunun dirçəlişinə və “Bir kəmər - bir yol” layihəsinin reallaşmasına təşəbbüs göstərir.

Bakı-Tbilisi-Qars dəmir yolunun uğuru öz növbəsində Çinlə ticari əlaqələrin genişlənməsinə kömək edəcək. Biz şadıq ki, Çin və Avropa İttifaqının ticari tranzit xəritəsində bu marşrut yeni “Orta Dəhliz” rolunu oynayır. Bu dəhlizi məhz Prezident Ərdoğan belə adlandırmışdı. Ərdoğan bu sözləri Çində keçirilən sammitdə söyləmişdi. Bu gün konteyner qatarı Çindən Gürcüstana Qazaxıstan və Azərbaycan ərazisindən keçməklə 8 günə çatır. Mən fürsətdən istifadə edib şəxsi diqqətinə görə Prezident Nazarbayevə təşəkkürümü bildirmək istəyirəm. O, həmişə bu marşruta böyük diqqət ayırıb. Mən əminəm ki, “Bir kəmər - bir yol”un nikbin effekti Orta Asiyanın digər ölkələrinə də yayılacaq. İndi artıq imkan var ki, konteynerlər Türkiyə istiqamətinə bu dəmir yolu ilə daşınsın. Biz istəyirik ki, bu yol vasitəsilə Gürcüstan və region maksimal dərəcədə Avropa İttifaqının Transavropa nəqliyyatı şəbəkəsi ilə inteqrasiya olunsun. Əminəm ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu marşrutu bu məqsədə çatmaqda müstəsna rol oynayacaq.

Diqqətinizə çatdırmaq istəyirəm ki, bu il noyabrın 28-29-da Tbilisidə Böyük İpək Yoluna həsr olunan yüksək səviyyəli beynəlxalq forum keçiriləcək. Bu, artıq Gürcüstanda ikinci görüş olacaq. Burada 40-dan çox ölkənin hökumət və özəl sektorunun nümayəndələri iştirak edəcəklər. Belə miqyaslı görüş bizə bir daha yuxarıda qeyd etdiyimiz dəhlizin əhəmiyyətini nümayiş etdirməyə imkan verəcək. Əlbəttə ki, bu dəmir yolunun əhəmiyyəti çox böyükdür və burada ölkələrin fəal təmsil olunması da çox vacibdir.

Bugünkü tədbirə görə Prezident İlham Əliyevə, eyni zamanda, öz dostlarımıza, dost ölkələrin liderlərinə, hökumət nümayəndələrinə, bu illər ərzində öz fədakar və yorulmaz əməyi ilə bu mürəkkəb layihənin reallaşmasına dəstək verən insanlara bir daha təşəkkürümü bildirmək istəyirəm. Ən əsası isə odur ki, bu layihədə burada təmsil olunan ölkələrin mütəşəkkilliyi və birliyi nümayiş olundu. Əminəm ki, bu cür layihələr və bir-birimizin yanında olmağımız əlaqələrimizi daha da dərinləşdirəcək və təkcə bizim ölkələrimizə deyil, eyni zamanda, regionumuza uğur gətirəcək. Bir daha sizə təşəkkür edirəm. Diqqətinizə görə sağ olun, hamınıza uğurlar diləyirəm.

                                                                                                          X X X

Sonra Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev çıxış etdi.

Baş nazir Bakıtjan Saqintayevin çıxışı

-Hörmətli Azərbaycan və Türkiyə prezidentləri. 

Hörmətli Gürcüstan və Özbəkistanın Baş nazirləri.

Hörmətli tədbir iştirakçıları.

Biz bu gün tarixi bir hadisəyə şahidlik edirik. Bu gün gerçəkləşən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Türkiyəyə və Şərqi Avropaya, Aralıq dənizinə çıxışı təmin edir. O, həm də Avropaya qədər uzanacaq və Transxəzər beynəlxalq daşımalarında əsas təməl layihələrdən biri olacaq. Bu yeni dəmir yolu ölkələrimizin nəqliyyat və logistik imkanlarının inkişaf etdirilməsinə töhfə verəcək.

Hörmətli dostlar, Avrasiyanın düz mərkəzində yerləşən Qazaxıstan Avropa ilə Asiya arasında transkontinental daşımaların inkişafi üzrə fəal iş aparır. Biz Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılmasını dəstəkləyən ilk ölkə olmuşuq. Bu qərar Qazaxıstanın və Çinin dəstəyi ilə Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən 2016-cı ildə qəbul edilib. Bu mühüm qərarın paytaxtımız Astanada qəbul edilməsi bizim üçün rəmzi xarakter daşıyır. Layihə Qazaxıstanın Xəzər infrastrukturunda yük axını layihələrini stimullaşdırır, optimal logistikanı formalaşdırır, regionda iqtisadi artımı və ticarəti genişləndirir. Öz tranzit, nəqliyyat potensialının inkişafı və “qızıl körpü” qismində Avrasiyanın qitələrarası sisteminə qoşulması Qazaxıstanın strateji vəzifəsidir. Biz bu vəzifənin yerinə yetirilməsi ilə “Nurlu yol” Dövlət Proqramının reallaşdırılması çərçivəsində səylə məşğuluq. Son 9 il ərzində Qazaxıstanın nəqliyyat-logistik sisteminə yatırılan sərmayə 28 milyard ABŞ dolları həcminə yaxın olub.

Biz Transxəzər dəhlizinə dəstək göstərmişik, 1700 kilometr yeni dəmir yolu və 3500 kilometr avtomobil yolu inşa etmişik, Aktau limanının modernləşdirilməsi həyata keçirilib, Kurık bərə limanı tikilib. Bu yeni strateji layihə artıq öz zəruriliyini və səmərəliliyini təsdiq edib. Bu yaxınlarda həmin liman vasitəsilə 1 milyon ton yükün daşınması göstəricisi qeydə alınıb. Perspektivdə Xəzərdə Qazaxıstan limanlarının iş qabiliyyəti ildə 25 milyon ton yükdən artıq olacaq. Qazaxıstan Transxəzər istiqamətində optimal marşrutların formalaşdırılmasına vəsait ayırıb. Həmin investisiyaların həcmi 10 milyard ABŞ dollarından çox olub. Beləliklə, Çindən, Mərkəzi Asiya ölkələrindən, Rusiyanın Ural-Sibir regionundan Transxəzər dəhlizinə yük axınının ən qısa yolunu təmin etmişik. 2020-ci ilə qədər Qazaxıstanın nəqliyyat-logistika sisteminin inkişafına qoyulacaq əlavə investisiyalar 8 milyard ABŞ dollarından çox olacaq. Bu isə böyük İpək Yolunun ticari axınına yeni impuls verəcək. Beləliklə, Qazaxıstanın formalaşmış səmərəli nəqliyyat-logistika infrastrukturu optimal logistik bəndin istifadəsi ilə Şərq-Qərb, Çin-Avropa istiqamətləri üzrə yük axınını təmin edir. Bu bənd yükləri Xəzərdən keçməklə Çinin Lyanyunqan limanından Türkiyəyə, Cənubi Avropaya dəniz nəqliyyatına nisbətən iki dəfə az vaxtda çatdırmağa imkan verir.

Hörmətli mərasim iştirakçıları. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi regional ticarətin inkişafına hiss olunacaq təkan verəcək. O, iqtisadi artım üçün əlavə potensial yaradacaq. Dəhliz bütün Cənubi Qafqaz regionunun sabit və təhlükəsiz inkişafına stimul olacaq.

Bu gün Qazaxıstanın Kurık limanından bərə ilə Bakının Ələt limanına Qazaxıstanda və Çində formalaşmış ilk konteyner qatarları gəlib. Daha sonra qatarlar Bakı-Tbilisi-Qars marşrutu ilə Türkiyədə yükü qəbul edən məntəqəyə qədər yollarını davam etdirəcək.

Bu tarixi hadisə münasibətilə dövlət başçılarını, bu təntənəli mərasimin bütün iştirakçılarını təbrik etmək istəyirəm. Diqqətinizə görə sağ olun.

                                                                                                       X X X

Daha sonra Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov çıxış etdi.

Baş nazir Abdulla Aripovun çıxışı

- Salam Türkiyə və Azərbaycanın möhtərəm prezidentləri, Gürcüstan və Qazaxıstanın Baş nazirləri. 

Salam hörmətli xanımlar və cənablar.

İcazənizlə bizi bu açılışa dəvət etdiyinə görə İlham Heydər oğlu Əliyevə minnətdarlığımızı bildirək. Məmnunluqla Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını sizə çatdırıram.

Hörmətli xanımlar və cənablar. Zənnimizcə, bu mühüm dəmir yolu xəttinin açılması tarixi Böyük İpək Yolunun bərpası istiqamətində görülən işlərə çox qiymətli töhfədir. Bu yol vaxtilə bizim ölkələrimizin ərazisindən keçib və xalqlarımız arasında ticari, mədəni və mənəvi mübadiləyə təkan verib.

Özbəkistan Respublikasının rəhbərliyi Mərkəzi Asiya və qonşu regionların nəhəng tranzit və nəqliyyat-kommunikasiya potensialının istifadəsi sahəsində bizim xarici tərəfdaşlarımızla əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirir. Bu gün Özbəkistanda bu istiqamətdə genişmiqyaslı işlər görülür. Belə ki, 2016-cı ildə Kamçi yüksək dağ aşırımından keçən 19 kilometrlik dəmir yolu tuneli ilə Anqreyen Pap dəmir yolu magistralının tikintisi layihəsi yekunlaşıb. Bu layihə Özbəkistanın vahid dəmir yolu - nəqliyyat sisteminin formalaşdırılması prosesini başa çatdırmağa imkan verib və nəqliyyat infrastrukturunun yeni perspektivlərini açıb.

Hörmətli dostlar, biz həmişə böyük diqqətlə və nikbinliklə xarici tərəfdaşlarımızın dəmir yolu, avtomobil, dəniz və hava nəqliyyatı da daxil olmaqla multimodal tipli şaxələnmiş infrastruktur layihələrinin reallaşdırılmasını müşahidə edir və həmişə onların uğurlarına səmimi qəlbdən sevinirik. Ürəkdən əminik ki, qarşılıqlı əlverişli və səmərəli nəqliyyat dəhlizlərinin işə salınması qlobal iqtisadi inkişaf prosesində ölkələrimizin uğurlu inteqrasiyasına hər cür şərait yaradacaq. Bu layihələr xarici investisiyaların cəlb olunması, ixrac potensialının davamlı təminatının uğurlu inkişafı və ölkələrimizdə istehsal olunan məhsulların satışının coğrafiyasının genişləndirilməsi baxımından olduqca vacibdir.

Bu gün zamanın özü gömrük prosedurlarının sinxronlaşdırılmasını, tranzitin və yüklərin gətirilməsinin təşkili zamanı uzunmüddətli əsasda tarif və qeyri-tarif üstünlüklərinin təqdim edilməsi təcrübəsinin davamını diktə edir. Bütün bunlar bizim ölkələrimizdən keçən tranzit dəhlizlərinin cəlbediciliyinin artırılmasına, nəqliyyat infrastrukturunun səmərəli işlənilməsinə və müxtəlif istiqamətlərdə yük daşımaları həcminin artırılmasına təkan verəcək. Bu cəhətdən bu gün genişmiqyaslı Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm bəndinə çevriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun həm Mərkəzi Asiya ölkələri, həm də bütövlükdə qitənin müvafiq hissəsi üçün əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Şübhə yoxdur ki, regionda işə salınan iri dəmir yolu magistralı Çin ilə Avropa arasında ən qısa dəmir yolu dəhlizi yaratmağa imkan verəcək. Öz növbəsində Özbəkistan tərəfi bu dəhlizdən fəal istifadə etməkdə və oradan öz xarici ticarət yüklərinin daşınma həcmlərinin artırılmasında maraqlıdır.

Yekunda əminliyimi bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması bizim ticarət-iqtisadi münasibətlərimizin daha da möhkəmlənməsinə, ölkələrimizin tranzit və iqtisadi potensialının əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq, bütövlükdə bütün regionun tərəqqisinə təkan verəcək.

İcazə verin, Sizi - Azərbaycan Respublikasının hörmətli Prezidenti İlham Heydər oğlu, Türkiyə Respublikasının Prezidenti cənab Ərdoğan və Gürcüstanın Baş naziri Georgi Camaloviçi və bütün qonaqları bugünkü tarixi hadisə münasibətilə bir daha təbrik edim, eləcə də qardaş Azərbaycan, Gürcüstan və Türkiyə xalqlarına firavanlıq və tərəqqi arzulayım. Diqqətinizə görə təşəkkür edirəm.

                                                                                                          X X X

Çıxışlardan sonra Türkiyənin Baş naziri Binəli Yıldırımın müraciəti oxundu.

Türkiyə hökumətinin başçısı müraciətində Azərbaycan paytaxtında yaşanan tarixi gün - Bakı-Tbilisi-Qars dəmir yolunun açılması münasibətilə təbriklərini çatdırıb və bu layihəni ölkələrimiz arasındakı münasibətlərin göstəricisi kimi qiymətləndirib. Bundan əlavə, o, Çindən başlayaraq bütün Orta Asiya ölkələrini əhatə etməklə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirərək Avropaya uzanan, tarixi İpək Yolunun önəmli hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avrasiya coğrafiyasında mədəniyyətlərin birləşməsinə xidmət etdiyini bildirib. Layihənin hər üç ölkənin birgə səyləri ilə ərsəyə gəldiyini deyən Binəli Yıldırım bu dəmir yolu xəttinin xalqlarımıza və ölkələrimizə səmərə verəcəyinə əminliyini ifadə edib.

                                                                                                        X X X

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı

- Hörmətli Prezident.

Hörmətli Baş nazirlər, hörmətli nazirlər, dəyərli qonaqlar.

Sizləri sevgi ilə salamlayıram.

Əvvəlcə, əziz dostum İlham Əliyevə və bu mühüm tədbirə ev sahibliyi edən Azərbaycanın aidiyyəti qurumlarına qonaqpərvərliyə görə təşəkkür edirəm.

Qazaxıstanın, Gürcüstanın və Özbəkistanın Baş nazirlərinə də bu gün bu sevincimizə şərik olduqları üçün xüsusilə təşəkkür edirəm.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə siz dostlarımla, qardaşlarımla bir yerdə olmağımdan böyük məmnunluq duyduğumu xüsusi qeyd etmək istəyirəm.

Bu gün yaşadığımız dövrlə yanaşı, gələcəyimiz üçün də çox mühüm addım atırıq. Bu mərasimlə Asiyanı, Avropanı və Afrikanı bir-biri ilə birləşdirmək məqsədilə başladılan yeni “İpək Yolu” təşəbbüsünün vəsilələrindən birini istifadəyə veririk. Bakı-Tbilisi-Qars dəmir yolunda ilk səfərin reallaşması ilə “Orta dəhliz” layihəsinin ən önəmli mərhələsi başa çatdırılmış olur. Beləliklə, Londondan Çinə birbaşa dəmir yolu xəttinin qurulduğunu da bəyan edirik.

Qətiyyətimizin və uzaqgörənliyimizin əsəri olan bu layihə hamımızın birgə uğurudur. Azərbaycanlı qardaşlarım “Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir” deyirlər. Məhz bu baxımdan bu layihə zəhmətlə, fədakarlıqla, alın təri ilə reallaşdırıldığı üçün həqiqətən çox önəmlidir. Ölkəm və xalqım adından layihənin bütün bölgəmiz və bütün xalqlarımız üçün xeyirli olmasını Allahdan arzu edirəm.

Dəyərli qardaşlarım, biz dünyanın qəlbi olan, son dərəcə strateji coğrafiyada yaşayırıq. Regionumuz nəqliyyatdan ticarətə, turizmdən enerjiyə qədər böyük potensiala malikdir. Türkiyə, xüsusilə son 15 ildə yatırdığımız sərmayələrlə bu potensialı həyata keçirməyə çalışır. Bu günədək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin davamı olaraq, bir çox xidməti xalqımızın istifadəsinə verdik. “Marmaray” sürətli qatar xətlərinin inşası, mövcud dəmir yolu xətlərinin yenilənməsi, İstanbulda inşa etdiyimiz və üzərindən dəmir yolu xəttinin də keçəcəyi üçüncü körpü bu layihələrdən bəziləridir. Yatırdığımız bu sərmayələrlə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin üstünlüyünü və cəlbediciliyini daha da artırdıq. Azərbaycanın Ələt limanı ilə də yalnız üç ölkəni deyil, bütün Orta Asiya respublikalarını Qərb nəqliyyat marşrutları ilə birləşdiririk. Eyni qaydada Türkmənbaşı limanı vasitəsilə Türkmənistanın, Aktau limanı vasitəsilə Qazaxıstanın Avropaya çıxışını təmin edirik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti 1 milyon sərnişin və 6,5 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq. Bu dəmir yolu xəttinin daşıma imkanları 2034-cü ildə isə 3 milyon sərnişin, 17 milyon ton yükə çatacaq. Təbii ki, bu, yükdaşımalarda xərcləri ciddi şəkildə azaldacaq.

Layihənin əhəmiyyəti tarixi İpək Yolu üzərində vaxt və məsafə baxımından nəqliyyatçılarımız üçün ən sərfəli imkanları təqdim etməsindədir. Sürətli qatar xətlərimizin hamısının istifadəyə verilməsindən sonra Çindən gələn yük Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi sayəsində “Orta dəhliz” vasitəsilə 12-15 gündə Avropa İttifaqı ölkələrinə çatacaq. Hazırda Çindən Avropaya gedən yükün həcmi 240 milyon tondan çoxdur. Ölkələrimizdən keçən “Orta dəhliz”lə bu yükün 10 faizi daşınacağı halda, bu, 24 milyon ton əlavə yük daşınması deməkdir.

Hörmətli qonaqlar, əlbəttə, belə bir yolun regionumuza faydası yalnız iqtisadi cəhətdən olmayacaq. Layihə siyasi cəhətdən sülh, təhlükəsizlik və sabitlik, sosial baxımdan rifah gətirəcək, yük və sərnişin daşınması ilə yanaşı, məlumat mübadiləsi ilə də ölkələrimizin qlobal inkişafına töhfə verəcək.

Regionun qədim dövlətləri kimi, biz həmrəylik və əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyimiz müddətdə daha çox böyük layihələrə imza ata bilərik. Bu günədək həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələr bundan sonra da edəcəklərimizin təminatıdır. Bu düşüncələrlə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının və ilk səfərinin bir daha xeyirli olmasını Allahdan diləyirəm. Bu qürur günümüzdə iştirak edən bütün qonaqlarımıza təşəkkürlərimi bildirir, sizi ən səmimi duyğularımla salamlayıram.

                                                                                                         X X X

Çıxışlardan sonra Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı qısa film nümayiş olundu. Filmdə layihənin icrasına başlandığı vaxtdan görülən işlər, onun texniki-iqtisadi əhəmiyyəti, region və dünya üçün önəmi haqqında danışıldı.

Sonra dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurdular və yoldəyişən qurğunu işə saldılar.

Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salındı.

Dövlət və hökumət başçıları memorial daşın üzərindən örtüyü götürdülər və birgə foto çəkdirdilər.

Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşdülər.

                                                                                                             X X X

Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş 2007-ci il fevralın 7-də Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Proqnozlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Bu dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkün olacaq. Bu isə regionda turizmin inkişafına güclü təsir göstərəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Belə ki, bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqi iki dəfəyədək azalacaq.

Müstəqillik tariximizin möhtəşəm layihələrindən birinin reallaşmasına rəhbərlik etməklə Azərbaycan növbəti dəfə təsdiqlədi ki, regional və qlobal əhəmiyyətli layihələri uğurla həyata keçirə bilər. Bunu Bakı-Tbilisi-Qars dəmir yolunun geosiyasi və geoiqtisadi səmərəsinə nəzər saldıqda da görürük. Belə ki, bu dəmir yolu xəttinin işə düşməsi regionda sabitliyə və iqtisadi inkişafa böyük töhfədir və onun imkanları sayəsində Azərbaycan, Gürcüstan və Türkiyə mühüm tranzit qovşağına çevrilir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin perspektivlərindən danışarkən qeyd etməliyik ki, Asiyada yüklərin əsas yaranış ölkəsi olan Çin artıq bu xəttə böyük maraq göstərir. Bu layihə Qazaxıstan üçün də səmərəlidir. Çünki bu yol Türkiyənin Mersin limanı vasitəsilə Aralıq dənizi regionuna çıxışı təmin edir. Odur ki, bu dəmir yolu xətti Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşməsində çatışmayan bağlantını tamamlayır, bununla da Avropa ilə Asiya arasında daşımalarda yekun bənd kimi çıxış edir. Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, bu coğrafiyada yerləşən türkdilli ölkələrin inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu isə iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Digər məsələ, bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq.

Bununla da Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası xüsusi strateji əhəmiyyət daşıyır. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amildir. Bu, həm də layihənin icrasında nadir əməkdaşlıq formatı göstərən üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələrin strateji təzahürünü bütün dünyaya nümayiş etdirir. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12