09 oktyabr 2017, 18:00

Novruz Aslanovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz daim regionlara, müxtəlif şəhər və rayonlara, həmçinin ucqar dağlıq ərazilərdə yerləşən kəndlərə səfərlər edərək aparılan abadlıq, tikinti-quruculuq işləri, infrastruktur layihələrinin icrası ilə yaxından tanış olaraq göstəriş və tövsiyələrinizi verir, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsini daim diqqət mərkəzində saxlayırsınız. Siz bölgələrimizdə ölkə əhəmiyyətli yeni obyektlərin inşası üçün müvafiq sərəncamlar verir və əhalinin yaşayış səviyyəsi, eyni zamanda, onların arzu və fikirləri ilə şəxsən tanış olaraq gələcək işlərdə bütün bunları nəzərə alırsınız. Bu, bir daha xalq ilə Prezident arasında olan inam və etimadın parlaq nümunəsini təcəssüm etdirir.

Mən İsmayıllıdan seçilmiş deputat kimi Sizin bu rayona ayırdığınız diqqətin, sakinlərin istək və arzularını nəzərə alaraq əlaqədar strukturlara verdiyiniz müvafiq tapşırıqların dəfələrlə şahidi olmuşam. Bütün bunlar məni həm vətəndaş, həm də bir deputat kimi qürurlandırır, eyni zamanda, üzərimə böyük məsuliyyət qoyur. Sizin bu istiqamətində məqsədyönlü fəaliyyətiniz, xalqla iqtidar arasında olan birlik və dövlətimizin iqtisadi qüdrətinin artırılması digər ölkələr üçün nümunədir.

Multikultural dəyərlərin və tolerantlıq ənənələrinin qorunaraq təbliği sahəsində əldə edilən uğurlarımız heç şübhəsiz ki, Sizin adınızla bağlıdır. Bu gün multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycan dünyaya çağdaş tolerantlıq və çoxmədəniyyətlilik nümunəsi kimi təqdim olunur.

İsmayıllı rayonu da müxtəlif mədəniyyətlərin qovuşduğu məkanlardandır. Ruslar, malakanlar, ləzgilər, hapıtlar, lahıclılar, yəhudilər və digər etnik qruplar burada əsrlər boyu daim sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Lahıc qəsəbəsi də məhz belə yerlərdəndir. Bu qəsəbə ilə əlaqənin daha da yaxşılaşdırılması məqsədilə Şamaxı rayonunun Dəmirçi kəndindən yeni avtomobil yolunun çəkilişi, Lahıc qəsəbəsinin qazlaşdırılması və yeni ümumtəhsil məktəbinin tikintisi barədə oktyabrın 5-də imzaladığınız sərəncamlar bütün bunların bariz nümunələridir. Bu, həmçinin böyük turizm potensialı olan İsmayıllı rayonuna marağı daha da artıracaq.

Möhtərəm cənab Prezident, bu gün Sizin həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsidir ki, ölkəmizdə əmin-amanlıq mövcuddur. Bütün sahələrdə dinamik inkişaf və nail olduğumuz sabitlik respublikada sosial-iqtisadi mühiti daha da sağlamlaşdırıb. Nəzərə alsaq ki, dünyada qeyri-sabit mühit artıq bütün sahələri əhatə edib və bir çox ölkələr humanitar böhranla üzləşib, əldə etdiyimiz bu inkişaf modelini milli sərvətimiz kimi qəbul edərək qorumalıyıq. Bütün bu nailiyyətlərə çatmaqda ən yaxın sirdaşınız olan respublikamızın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xalqımıza hər zaman dəstək verib, milli-mənəvi dəyərlərimizin qorunmasında, dünyada tanıdılmasında danılmaz rol oynayıb.

Mən bir vətəndaş, həmçinin ismayıllılı olaraq bu qayğıya, səmimiliyə görə Sizə sonsuz təşəkkürümü bildirir və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Allah Sizi və ailənizi qorusun.

Dərin hörmətlə,

Aslanov Novruz, Milli Məclisin deputatı. 

Azərbaycan Respublikası, Bakı şəhəri.