05 oktyabr 2017, 19:12

Rasim Orucovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz - İsmayıllıda Beynəlxalq Müəllim Gününə həsr olunmuş bayram tədbirinin iştirakçıları bölgəmizdə çalışan bütün müəllimlərin və təhsil işçilərinin yekdil fikrini ifadə edərək, göstərdiyiniz qayğıya, diqqətə, dövlət təhsil siyasətinin ən yüksək nəticələrə çatması üçün həyata keçirdiyiniz proqram və layihələrə, hər bir Azərbaycan vətəndaşına layiq olduğu gözəl həyatı bəxş etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Bəyan edirik ki, bundan sonra pedaqoji fəaliyyətimiz daha böyük səmərə verəcək, biliklərə dərindən yiyələnmiş əsl vətənpərvər, əməksevər, yurdsevər vətəndaş yetişdirilməsi üçün var qüvvəmizlə çalışacağıq. Bunun üçün rayonumuzda möhkəm elmi, təcrübi, intellektual və maddi-texniki baza var. Sizin sərəncamlarınızla 22 məktəbimiz “Ən yaxşı məktəb”, 26 müəllimimiz “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi olub. 2017-ci ildə respublika üzrə qrant layihəsində qalib olan 120 müəllimin dördü İsmayıllıdandır. Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsində Şirvan bölgəsi üzrə ən yüksək nəticələri bizim müəllimlər göstəriblər.

Möhtərəm cənab Prezident, bütün bunlar Sizin müəllim əməyinə verdiyiniz ölçüyəgəlməz qiymətin, təhsilin inkişafına göstərdiyiniz hərtərəfli qayğının nəticələridir. İsmayıllı müəllimləri Sizə alqış deyir, uzun ömür, möhkəm cansağlığı və Allah amanında olmağı arzulayır.

Dərin hörmətlə və sonsuz ehtiramla,

Orucov Rasim Hacıbala oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.