28 sentyabr 2017, 15:00

Gülqədəm Mirzəzadədən, Neftçala, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bu il sentyabrın 24-də Neftçala rayonuna səfəriniz bizə xoş təəssürat bəxş etdi. Sizin  2014-cü il mayın 28-də Neftçalaya gəlişinizdən indiyədək rayonda baş verən müsbət dəyişikliklər, rayonumuzun inkişafı üçün imzaladığınız sərəncamlar və verdiyiniz tapşırıqlar əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Neftçala Sənaye Məhəlləsinin istifadəyə verilməsi, Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri və xidmət növlərində yeniliklər, aqrar sektorun inkişafı üçün Neftçala magistral kanalının tikilməsi, yollara asfalt örtüyün çəkilməsi, elektrik xətlərinin yenilənməsi Sizin sakinlərə göstərdiyiniz diqqət və qayğınızın təzahürüdür.

Möhtərəm cənab Prezident, Sizin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışınızı dinlədikcə qürur duyuruq. Azərbaycanın müstəqilliyinin qorunması, dünya ölkələri arasında nüfuzunun artması, sülhün bərqərar olması, xalqımızın rifahının daha da yaxşılaşması istiqamətində uğurlu fəaliyyətinizə görə Sizə minnətdarıq. Biz Neftçala qadınları hər zaman Sizi dəstəkləyir, yorulmaz fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzulayırıq.

Neftçala qadınları adından dərin hörmətlə,

Mirzəzadə Gülqədəm Abdulalı qızı,

“Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri.

Azərbaycan Respublikası, Neftçala rayonu.