11 sentyabr 2017, 12:00

Sona Tarverdiyevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tapşırıqlarınıza, sərəncamlarınıza və təsdiq etdiyiniz Dövlət proqramlarına uyğun olaraq, respublikanın bölgələrində aparılan abadlıq-quruculuq işləri bizim Gəncə şəhərinin simasında özünü daha qabarıq göstərir. Qədim Gəncənin öz tarixi simasını saxlamaqla müasirləşməsi və gözəlləşməsi Sizin xüsusi diqqətiniz sayəsində mümkün olub.

Çoxmərtəbəli yaşayış binalarının əsaslı təmiri və fasadlarının yenilənməsi şəhərimizə ayrı bir yaraşıq verir. Bizim yaşadığımız binada və onun qarşısında görülən işlər də sakinləri sevindirir.

Əziz Prezidentimiz, bu işlərə görə yaşadığımız binanın sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti dəstəkləyir, bu yolda Sizə hər zaman uğurlar arzulayırıq.

Hörmətlə,

Tarverdiyeva Sona Musa qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.