07 sentyabr 2017, 16:00

Araz Yaqubovdan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident,

Aqrar sahənin inkişafı ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strategiya Sizin rəhbərliyinizlə uğurla davam etdirilir. Xüsusən son illər ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilib. Imzaladığınız sərəncam və fərmanlar qeyri-neft sektorunun sürətli inkişafına, əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunmasına, bitkiçiliyin, xüsusən taxılçılığın, meyvəçiliyin, çayçılığın inkişafına şərait yaratmaqla ölkədə ərzaq məhsullarının istehsalında artıma, hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə xidmət edir. Sahibkarlığın inkişafı ilə bağlı sərəncamlar, 2015-ci ilin ölkəmizdə “Kənd Təsərrüfatı Ili” elan edilməsi, ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq məqsədilə güzəştli kreditlərin ayrılması, kənd təsərrüfatı məhsulları üçün subsidiyaların verilməsi, sahibkarlıq subyektlərinin iki il müddətinə yoxlamalardan azad edilməsi, həmçinin məhsul istehsalı ilə məşğul olan iş adamlarının vergilərdən, xaricdən gətirilən avadanlıqlarının isə vergi və gömrük rüsumlarından azad edilməsi biz sahibkarlara göstərilən qayğı və diqqətin bariz nümunəsidir. Həyata keçirilən siyasi kurs respublikanın bütün regionlarında əhali tərəfindən rəğbətlə qarşılanır. Sizin ötən il pambıqçılığın inkişafı ilə bağlı keçirdiyiniz 2  müşavirə, bu il Qax şəhərində baramaçılığın, tütünçülüyün və fındıqçılığın, nəhayət, sentyabrın 3-də Lənkəran şəhərində çayçılığın, çəltikçiliuin və sitrusçuluğun inkişafı ilə bağlı keçirilən müşavirələr aqrar sahənin inkişafına ciddi təkan verməklə bu sahəni yeni mərhələyə qaldıracaqdır.

Sizin avqust ayında Qaxda keçirdiyiniz müşavirədən az müddət sonra cənub bölgəsinə səfəriniz və Lənkəran şəhərində çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı keçirdiyiniz geniş müşavirə Sizin yorulmaz fəaliyyətinizin əyani sübutudur. Bu səfər çərçivəsində təsərrüfatımıza baş çəkməyiniz, çaybecərənlərlə səmimi söhbətiniz bizi daha əzmlə işləməyə ruhlandırdı. Bizim üçün bundan ali, yüksək mükafat ola bilməzdi, cənab Prezident!

Möhtərəm cənab Prezident,  sentyabrın 3-də Lənkəran şəhərində keçirilən müşavirədə mən də iştirak edirdim. Sizin dərin məzmunlu çıxışınızı diqqətlə dinlədim və bir daha əmin oldum ki, Siz hər bir zəhmətkeşin dayağı, qayğıkeşisiniz. Bir daha əmin oldum ki, qarşımızda duran vəzifələrin öhdəsindən Sizin köməyinizlə layiqincə gələcəyik. Aqrar sahənin inkişafı və kənd təsərrüfatı işçilərinin güzəranının yaxşılaşdırılması istiqamətində gördüyünüz bütün işlərə görə Sizə  şəxsən öz adımdan, rəhbərlik etdiyim kollektivin və qəsəbəmizin əməksevər insanlarının adından minnətdarlığımızı bildiririk. 

Hörmətlə,

Yaqubov Araz,

“Yaşıl çay” FT MMC-nin direktoru.

Azərbaycan Respublikası, Lənkəran rayonu, İstisu qəsəbəsi.