06 sentyabr 2017, 18:25

Cahangir Muradov və başqalarından, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sentyabrın 2-də Sizin Cəlilabad rayonuna növbəti tarixi səfəriniz rayonda aparılan quruculuq-abadlıq işləri ilə yaxından tanış olmağınız, bir sıra əhəmiyyətli obyektlərin açılışında iştirak etməyiniz, rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyiniz görüşlərdə sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirməyiniz, dəyərli tövsiyələr verməyiniz bizi hədsiz dərəcədə sevindirdi, hər birimiz ürəyini riqqətə gətirdi və yeni-yeni nailiyyətlərə ruhlandırdı.

Möhtərəm cənab Prezident,  Siz müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyev dühası ilə çiçəklənən Cəlilabadın tərəqqisinə, davamlı sosial-iqtisadi inkişafına, əhalinin maddi rifah halının yüksəldilməsinə həmişə böyük diqqət və qayğı göstərirsiniz. Sentyabrın 4-də imzaladığınız Sərəncamınızla Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, çoxmənzilli binaların əsaslı təmiri üçün vəsait ayırmağınız bu qayğının növbəti bariz nümunəsidir. Həmin tədbirlərin həyata keçirilməsi şəhərin simasının daha da gözəlləşməsinə böyük təsir göstərəcək.

Möhtərəm cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə səmimi minnətdarlığımızı və ən xoş arzularımızı bildirir, ətrafınızda daha sıx birləşdiyimizi, ulu öndər Heydər Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğumuzu bəyan edirik. Vətənimizin tərəqqisi və daha da inkişafı naminə çoxşaxəli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Allah Sizi qorusun.

Hörmətlə,

Muradov Cahangir

Əsədov Əliheydər

Rəhimov Urşan

İskəndərova Gülər və başqaları.

Azərbaycan Respublikası, Cəlilabad rayonu.