11 avqust 2017, 16:30

Hüquq Salmanov və Aelita Frolovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bizim peşənin 255 nümayəndəsinə məhz Milli Mətbuat Günü ərəfəsində hədiyyə etdiyiniz mənzillər əsası görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan jurnalistikasının tarixi ənənələrinə və ümummilli lider Heydər Əliyevin bizə həmişə göstərdiyi diqqət və qayğıya dərin hörmətin göstəricisidir. Bu, Azərbaycan dövlətinin və şəxsən Sizin bizim əməyimizi necə qiymətləndirməyinizin, problemlərə necə anlayışla və həssaslıqla yanaşmağınızın əyani sübutudur.

Siz “Jurnalistlərin Dostu” adını şərəflə daşıyırsınız. Bu, hər cəhətdən nümunəvi olan dövlət başçısının sözləri ilə əməllərinin üst-üstə düşdüyünü, Sizin “Azərbaycanın hər bir vətəndaşının Prezidenti olmaq” vədinizi həyat prinsipi səviyyəsinə qaldırmağınızı xalqımıza və bütün dünyaya göstərən parlaq nümunədir. Bu, Sizə ümumxalq hörməti qazandırmış yüksək keyfiyyətlərinizdən, işğaldan azad ediləcək bütün torpaqlarımızda Azərbaycan bayrağının dalğalanacağı günün uzaqda olmamasına qəti inam doğuran keyfiyyətlərinizdən yalnız biridir. Bu və digər keyfiyyətləriniz Sizə beynəlxalq arenada da dərin hörmət qazandırıb. Sizin hər bir ədalətli çıxışınız həm də bütün millətin nüfuzunu artırır.

Möhtərəm cənab Prezident, icazə verin, Sizə və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya bir daha dərin minnətdarlığımızı və hörmətimizi bildirək.

Hörmətlə,

Salmanov Hüquq,

“Kaspi” qəzetinin baş redaktorunun birinci müavini

Frolova Aelita,

“Kaspi” qəzetinin tərtibatçı redaktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.