08 avqust 2017, 16:00

Fikrət İbrahimov və başqalarından, Balakən, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strategiya Sizin rəhbərliyinizlə uğurla həyata keçirilir, Azərbaycan dinamik inkişafı ilə yanaşı, dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Həyata keçirilən siyasi kurs, respublikanın bütün regionlarında aparılan tikinti-quruculuq işləri əhali tərəfindən rəğbətlə qarşılanır, dəstəklənir. Dövlətimiz və xalqımız qarşısındakı xidmətləriniz hamıya məlumdur. Azərbaycanın iqtisadi və sosial həyatı son illər Sizin sayənizdə durmadan yüksələn xətt üzrə inkişaf edir, xalqın həyat şəraiti gündən-günə yaxşılaşır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında söylədiyiniz proqram xarakterli çıxışınızda qeyd etmisiniz ki, ötən altı ayda sosial infrastruktur obyektlərinin tikintisi aparılıb və hazırda da aparılır. Birinci altı ayda 26 tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. İyirmidən çox modul tipli məktəb tikilmişdir. İlin sonuna qədər onların sayı 100-ə çatmalıdır.

Bu isə bir daha onu göstərir ki, respublikamızda təhsil daim dövlət qayğısı ilə əhatə olunmuşdur.

Balakən rayonunda da təhsilə göstərilən dövlət qayğısı göz önündədir. Ötən ilin oktyabrında regionların sosial-iqtisadi inkişafına dair müşavirədə 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığınıza uyğun olaraq, rayonun ucqar kəndlərindən olan Sarıbulaq kəndində Təhsil Nazirliyinin təşəbbüsü ilə 40 şagird yerlik modul tipli məktəbin quraşdırılmasında son tamamlama işləri görülür.

Sarıbulaq kənd ibtidai məktəbində 1950-ci ildən 1972-ci ilə kimi uşaqlara kolxoz tərəfindən tikilmiş 1 otaqlı taxta binada dərs keçilirdi. 1972-ci ildə kolxozun vəsaiti hesabına yerli tikinti materillarından istifadə edilməklə iməcilik yolu ilə 2 otaqlı yeni bina inşa edilib. Həmin çay daşından və digər keyfiyyətsiz yerli tikinti materillarından inşa edildiyindən bölgədə 2012-ci ildə baş verən zəlzələ zamanı bina yararsız vəziyyətə düşmüşdü. Bu günə qədər şərait imkan vermədiyi üçün uşaqların təlim və tərbiyəsini yüksək tələblər səviyyəsində qurmaq mümkün olmurdu.

Cənab Prezident, Sarıbulaq kəndinin I-V sinif şagirdləri artıq növbəti - 2017-2018-ci tədris ilindən modul tipli yeni məktəbdə oxuyacaqlar.

Kəndimizdə modul tipli məktəbin quraşdurulmasının başa çatması əhalinin böyük sevincinə səbəb olmuşdur. Bizə bu xoş günləri yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın qüdrətlənməsi, çiçəklənməsi və yeni-yeni böyük uğurlara imza atmasında əldə etdiyiniz nailiyyətlərin sayının daha da çox olmasını diləyirik. Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Sarıbulaq kənd sakinləri və məktəbin müəllimləri adından,

İbrahimov Fikrət Ramazan oğlu,

Mustafayev Mehralı Musa oğlu,

Həsənova Rəfiqə Nəsrəddin qızı,

Mustafayeva Yətsi Mahama qızı,

Mustafayeva Əfruz Əhma qızı,

Xəlilov Rizvan İsmayıl oğlu,

Yüzbaşiyeva Xatirə Zeynəddin qızı,

Əhmədova Cəmilə Şamil qızı.

Azərbaycan Respublikası, Balakən rayonu, Sarıbulaq kəndi.