08 avqust 2017, 13:30

Eldar İskəndərzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Söz-sənət adamı olmağıma baxmayaraq, mənə göstərdiyiniz qayğının qəlbimdə yaratdığı minnətdarlıq hisslərini ifadə etməyə söz tapa bilmirəm. Beş nəfərlik ailəmlə bizi ev-ocaq sahibi etdiniz. Biz Sizin qayğınızla inşa edilən ocağın istisinə qızına-qızına övladlar böyüdəcək, daim bu divarlar arasında Sizi xatırlayacaq, ömrümüz boyu duaçınız olacağıq. Siz dünyanın ən qayğıkeş, ən humanist dövlət başçısısınız! Siz el məhəbbəti qazanmış Ali şəxsiyyətsiniz! Bizə ev verməklə ailəmin hər bir üzvünün qəlbində özünüzə möhtəşəm bir ehtiram qalası ucaltdınız!

Apardığınız uğurlu siyasət, xalqa bəslədiyiniz məhəbbət hər bir Azərbaycan vətəndaşının qəlbini Sizin ehtiram ünvanınıza çevirib. Fəxr edirəm ki, yaradıcılığımın ən yüksək zirvəsi hesab etdiyim, ssenarilərini qələmə aldığım filmlərin əksəriyyəti ümummilli lider, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin dahiyanə fəaliyyəti və şəxsən Sizin həyata keçirdiyiniz uğurlu işlər haqqındadır. Mən bununla qürur duyur, fəxr edirəm. Sizə ömrü boyu duaçı olacaq bir ailəyə bəxş etdiyiniz sevinc xeyirxahlığın, humanistliyin ən ali məqamıdır. Bundan böyük yaxşılıq ola bilməz. Sizə şərəfli işinizdə uğurlar arzu edirik. Sizin qayğınızın sevincini yaşamaq bizə qismət oldu. Sizin üçün etdiyimiz duaların Allah dərgahında qəbul edilməsini görmək də nəsibimiz olsun inşallah!

Dərin hörmət və ehtiramla,

İskəndərzadə Eldar Xeyrulla oğlu

“İctimai” televiziyanın əməkdaşı

Azərbaycan Respublikası, Bakı şəhəri.-