07 avqust 2017, 18:00

İlqar Əsədov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ümummilli liderimiz Heydər Əliyev 2001-ci ildə jurnalistlərlə görüşlərindən birində Azərbaycan Prezidenti kimi söz, mətbuat azadlığının təminatçısı olduğunu vurğulamışdı. Hazırda Sizin bu missiyanı şərəflə davam etdirməyiniz bir vətəndaş kimi bizi qürurlandırır. 2003-cü ildən bəri həm də azad sözün, mətbuatın inkişafındakı misilsiz xidmətlərinizə görə media nümayəndələri Sizi ölkə üzrə keçirilən sorğuda “Jurnalistlərin dostu” seçib. Həmin mükafatın təqdimatında Siz jurnalistlərin dostu olmağın böyük şərəf və məsuliyyət olduğunu bildirdiniz.

Bu gün minlərlə həmkarımız kimi, biz də Sizinlə dostluğumuzdan, beynəlxalq arenada Sizin kimi qüdrətli liderimizin söz sahibi olmasından sonsuz xoşbəxtlik hissi duyuruq.

Cənab Prezident, illər öncə biz jurnalist olaraq fəaliyyətə başlayanda və bu illər ərzində bir vətəndaş kimi Vətənimizə, dövlətimizə, xalqımıza xidmət göstərəndə nə vaxtsa KİV nümayəndələrinə ev veriləcəyi ilə bağlı fikirlər belə yox idi. Təmənnasız, qarşılıqsız, illərlə fədakarlıqla çalışan jurnalistlərin əməyinə cavab olaraq “Jurnalistlər şəhərciyi” yaratmanız Sizin nə qədər nəcib, humanist, insanpərvər şəxsiyyət kimi hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha təsdiq edir.

Azərbaycan mətbuatının yaranmasının 142-ci ilində 255 jurnalist ailəsinə bəxş etdiyiniz sevinc, qələm əhli üçün inşa olunmuş sayca ikinci binanın sahiblərinə paylanması dövlətimizin gücünü, öz vətəndaşına, sözə və mətbuata münasibətini göstərdi, hətta tənqidçi jurnalistlərin, dünyasını dəyişmiş media nümayəndələrinin yükünü öz üzərinə götürməsi ilə ortaya misilsiz bir nümunə qoydu. Şübhəsiz ki, bütün bu addımlar Azərbaycan jurnalistikasının inkişafını, mətbuat nümayəndələrinin öz peşəkarlığını artıraraq, informasiya savaşında daha da səylə çalışmasını şərtləndirən amillər rolunda çıxış edir. Əminik ki, Sizin təşəbbüs və rəhbərliyinizlə jurnalistlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən layihələr bizim və bütün media nümayəndələrinin yaradıcılığında, peşəkarlığında, fəaliyyətində özünü göstərəcək.

Bu gün yeni bir Azərbaycan qurulur. Bu müasir məmləkətin qurucusu məhz Sizsiniz! Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasında söz sahibidir. Bakıdan tutmuş ən ucqar kəndlərə qədər Azərbaycan başdan-başa abadlaşır, gözəlləşir. Şərqlə Qərbin harmoniyasını əks etdirməklə müasirləşir. Bölgələr daha da sürətlə inkişaf edir. Saysız-hesabsız iş yerləri açılır, məcburi köçkünlərin sosial problemləri həllini tapır və s. Həmçinin Azərbaycan jurnalisti məhz Sizin qayğınızla dövlət tərəfindən evlə təmin olunur. Bütün bu uğurlar, nəticələr, gözəlliklər məhz Sizin adınızla bağlıdır, cənab Prezident! Bütün bu fundamental quruculuq işlərinə görə, biz jurnalistlər Sizə minnətdarıq, Sizə borcluyuq!

Möhtərəm Prezident, bir daha Sizə, “Lider” televiziyasının mənzillə mükafatlandırdığınız 6 əməkdaşı olaraq minnətdarlığımızı bildirir, Azərbaycanımız naminə yorulmaz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və sonsuz uğurlar diləyirik!

Tanrı Sizi qorusun!

Hörmətlə,

Əsədov İlqar,

Ağamirli Mətanət,

Dərziyeva Elnarə,

Elyazov Fizuli ,

Məhərrəmbəyli Maarif,

Dostəliyev Fuad.

Azərbaycan Respublikası, Bakı şəhəri.-