07 avqust 2017, 16:00

Nazim Zeynalovdan, Hacıqabul, Azərbaycan

Möhtərəm cənab Prezident,

26 ildir ki, Hacıqabul rayonunda çıxan “Hacıqabul” qəzetində müxbir işləyirəm. İlk məqaləm 1981-ci il dekabrın 20-də həmin dövrdə respublikanın ən birinci qəzeti olan “Kommunist” qəzetində dərc olunub. O vaxtdan bu günə qədər dövri mətbuatda – “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Azərbaycan dəmir yolçusu” və s. qəzetlərdə yazılarım çap edilib. Çalışdığım doğma “Hacıqabul” qəzetində rayonun ictimai-siyasi, mədəni, iqtisadi həyatına, təsərrüfat işlərinə - taxılçılıq, pambıqçılıq, baramaçılıq, narçılıq və s. sahələrə aid minlərlə məqaləm işıq üzü görüb. Həmişə ulu öndərimiz Heydər Əliyevin ideyalarını, Sizin siyasi kursunuzu “Hacıqabul” qəzetində təbliğ etmişəm.

Cənab Prezident, 22 iyul – Milli Mətbuat Günü ərəfəsində jurnalistlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə ürəkdən minnətdarlığımı bildirir, müstəqil Azərbaycanımızın gələcəyi naminə fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm.

Ulu Tanrı Sizi qorusun, daim Sizə kömək olsun!

Hörmətlə,

Zeynalov Nazim Fətixan oğlu

“Hacıqabul” qəzetinin əməkdaşı

Azərbaycan Respublikası, Hacıqabul rayonu.