05 avqust 2017, 11:40

Əli Həziquliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin təşəbbüsünüzlə ölkəmizdə daha bir yaşayış binasının 255 jurnalistin ixtiyarına verilməsi mətbuat tariximizdə mühüm bir hadisə olmaqla yanaşı, həm də Azərbaycan KİV-nə növbəti qayğı və diqqətin bariz nümunəsi, beynəlxalq səviyyədə analoqu olmayan təmənnasız humanist dəstək kimi dəyərləndirilir.

Cənab Prezident, Siz bununla nümayiş etdirdiniz ki, hər bir azərbaycanlının Prezidenti olmaqla yanaşı, həm də hər bir jurnalistin Prezidentisiniz. Siz azad sözün, azad mətbuatın və jurnalist azadlığının əsas təminatçısı olduğunuzu bir daha sübuta yetirdiniz. Bir daha bütün dünyada medianı ölkə problemlərini işıqlandırmağa səfərbər edən müdrik strateq kimi tanındınız.

Hörmətli Prezident, Siz bununla həm də mətbuatı dövrün təlatümlərindən, ictimai burulğanlarından xilas edib, onu Azərbaycan platformasına çıxaran böyük vətənpərvər olduğunuzu sübuta yetirdiniz.

Möhtərəm Prezident, sözün həqiqi mənasında, mətbuatın əsl cəfakeşi, jurnalistlərin böyük dostu olduğunuza görə ailəm, eləcə də həmkarlarım adından Sizə cansağlığı, Azərbaycanımıza rəhbərliyinizlə böyük qələbələr, möhtəşəm uğurlar arzulayıram.

Sonsuz məhəbbətlə,

Həziquliyev Əli Sevindik oğlu

“Elçi” qəzetinin baş redaktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.