04 avqust 2017, 13:15

İradə İbrahimovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Jurnalistlər üçün inşa edilən binadan dövlət qurumlarının mətbuat xidmətlərinə də mənzil ayrılması Sizin yüksək humanizminizin və diqqətinizin daha bir bariz nümunəsidir. Bu nəcib təşəbbüs ulu öndər Heydər Əliyevin qurucusu olduğu və Sizin yüksək səviyyədə davam və inkişaf etdirdiyiniz parlaq milli dövlətçilik siyasəti sayəsində dünyada böyük nüfuz sahibi olan dövlətimizin jurnalistlərə, dövlət qulluqçularına, bütövlükdə cəmiyyətin hər bir üzvünə əvəzsiz ehtiramıdır.

Mən də çalışdığım kollektivin simasında mənzillə təmin edilən, bu xoşbəxtliyə sahib 255 ailədən biri olduğum üçün qürur duyuram. Bu, Vətənimizin çiçəklənməsi, dövlətimizin qorunub möhkəmlənməsi yolunda hər birimizin gələcək fəaliyyətinə mənəvi dəstək yaradan müstəsna humanistliyin təcəssümüdür. Bu, ekologiya sahəsində dövlətimizin və şəxsən Prezidentimizin yürütdüyü məqsədyönlü siyasətin icraçısı olaraq nazirliyimizin kollektiv fəaliyyətinə verilən yüksək qiymət və etimaddır.

Bir Azərbaycan vətəndaşı olaraq çox xoşbəxtəm və fəxr edirəm ki, möhtərəm Prezidentimizin mükafatına layiq görülmüşəm. Bu hədiyyənin mənim üçün mənəvi dəyəri ölçüyə gəlməzdir.

Hörmətli cənab Prezident, ailəmizə bəxş etdiyiniz bu sevinc daim xatırlanacaq, hər zaman yaddaşımızda səmimi və fəxarətli duyğularla yaşayacaq.

Bir daha bu sevinci bizə yaşatdığınıza görə, Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

İbrahimova İradə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi

Azərbaycan Respublikası, Bakı şəhəri.