03 avqust 2017, 16:05

Yunus Oğuzdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Müstəqil Azərbaycan mətbuatının tərəqqisi, milli mətbuatın inkişafı, media nümayəndələrinin sosial təminatının yüksəldilməsi istiqamətində atdığınız hər bir addım təqdirəlayiqdir. Xüsusən, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların yeni mənzillə təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz maddi dəstək mediaya olan diqqət və qayğının bariz nümunəsidir. Əminliklə demək olar ki, hələ dünyanın heç bir inkişaf etmiş ölkəsində mətbuata dövlət qayğısı Azərbaycanda olduğu həddə çatmayıb. Ona görə də Azərbaycan hökumətinin, daha dəqiqi, Sizin bu qətiyyətli iradəniz bir çox dövlətlər üçün örnək hesab olunmalıdır. Siz “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncam imzalamaqla bir daha Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə göstərilən hörmət və diqqəti ortaya qoymuş oldunuz. Əminliklə bildiririk ki, Azərbaycanın dövlət maraqlarını hər şeydən üstün tutan mətbuat orqanı olaraq bundan sonra da Vətənimizin rifahı naminə var gücümüzlə çalışacağıq.

Cənab Prezident, Sizə dərin hörmət və təşəkkürümüzü bildirir, milli mətbuatın, eləcə də Azərbaycan dövlətinin inkişafı naminə gördüyünüz əvəzsiz işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

“Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyinin kollektivi adından

Yunus Oğuz

Azərbaycan Respublikası, Bakı şəhəri.