İlham Əliyev Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib

03 avqust 2017, 13:20
İlham Əliyev Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib

Prezident İlham Əliyev Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib.

Prezident İlham Əliyev əvvəlcə rayonun Katex kəndində yerləşən “Balxurma” müəssisəsinin 2016-2017-ci illər üzrə fəaliyyəti və gələcək planları ilə bağlı məlumatları əks etdirən stendlərə baxdı. Qeyd edildi ki, “Balxurma” müəssisəsinin işçilərinin sayı 15 nəfərdən 85 nəfərə çatdırılacaq. İlkin 5 milyon manat kapital qoyulan müəssisəyə əlavə olaraq 12 milyon manat investisiya cəlb ediləcək. Məhsul daxili bazardan əlavə MDB, Avropa və ərəb ölkələrinə ixrac olunacaq. “Balxurma” müəssisəsinin gələcək planlarına yeni korpusların tikintisi, gündəlik istehsal sayının 45 min ədəd xurmadan 150 min ədəd xurmaya, iş yerlərinin sayının isə 200 nəfərə çatdırılması daxildir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” layihəsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Son illərdə ölkəmizdə kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələr arasında “ABAD” layihəsinin xüsusi yeri var. “ABAD” Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və 2016-cı il sentyabrın 23-də yaradılan publik hüquqi şəxsdir. O, Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır. Layihənin məqsədi kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, ölkədə regionların və kənd təsərrüfatının inkişafına dəstək verməkdir. Qeyri-kommersiya və sosialyönümlü qurum olan “ABAD” yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının “ideyadan rəflərə” daşınmasına kömək edir. “ABAD” istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarə edilməsini həyata keçirir, yığılan gəlirin ailələrə köçürülməsini təmin edir. Ailələr öz bizneslərini qurmaq üçün ictimai və özəl qurumlarla birbaşa qarşılıqlı əlaqə saxlamır. Bu funksiya “ABAD” tərəfindən həyata keçirilir. “ABAD” ailələr üçün bacarıqların inkişaf etdirilməsi təlimləri də təşkil edir, “vahid pəncərə” prinsipindən istifadə edərək ailə məhsullarının sertifikatlaşdırılmasını təmin edir. Layihənin mütəxəssisləri ailələrə bazaryönümlü qablaşdırma həlləri və məhsulların dizaynı ilə bağlı kömək göstərirlər, supermarket şəbəkəsində ailə məhsullarının satışını, habelə onların daşınması və saxlanmasını idarə edirlər. “ABAD” əl işlərinin satışını öz İncəsənət mərkəzlərində təşkil edir. Bu ilin martında İçərişəhərdə “ABAD”ın ilk İncəsənət Mərkəzi açılıb. İyunda isə ikinci İncəsənət Mərkəzi Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilib. Balakəndə “ABAD Mərkəz”in yaradılması da olduqca önəmlidir.

Bildirildi ki, ötən ilin oktyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD mərkəz”lərin fəaliyyət sahələrində Korporativ Əməkdaşlıq Sazişi imzalanıb. Əməkdaşlıq çərçivəsində Balakən rayonunun “ABAD” layihəsi 2-ci pilot layihə olaraq müəyyən edilib. SOCAR-ın dəstəyi ilə 12 ailəyə 9 meyvə, 2 süd və 1 ət emalı üçün xüsusi istehsal avadanlığı ilə təchiz edilmiş konteynerlər təhvil verilib.

Prezident İlham Əliyev “ABAD” layihəsi çərçivəsində Balakəndə və digər rayonlarda istehsal edilən məhsullara baxdı.

Balakən rayonundan əl işləri hazırlayan dörd sənətkar “ABAD” layihəsinin iştirakçısıdır. Ümumilikdə Balakənin və qonşu rayonların potensialını, layihəyə olan marağı, bu səbəbdən də artan iş həcmini nəzərə alaraq, Balakəndə regional “ABAD Mərkəz”in təsis edilməsi məqsədəuyğun hesab olunub. Burada layihə çərçivəsində 280 kvadratmetrə yaxın sahəsi olan ikimərtəbəli inzibati bina inşa edilib. Binadakı iş otaqları zəruri avadanlıqla təchiz olunub. Burada, həmçinin təqdimat və görüş zalları, laboratoriya da fəaliyyət göstərəcək. Binada ümumi sahəsi 640 kvadratmetrdən çox olan müxtəlif temperaturlu anbar kompleksi də yaradılıb.

“ABAD Mərkəz” ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Tədbir iştirakçılarını salamlayan dövlət başçısı çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Mən yenidən Balakən rayonunda səfərdəyəm. Çox məmnunam ki, növbəti dəfə Balakənə səfər edirəm. Bu, mənim sayca beşinci səfərimdir. Bu, özlüyündə onu göstərir ki, Azərbaycan dövləti Balakən rayonunun inkişafına çox böyük diqqət göstərir. Bu diqqət və qayğı nəticəsində Balakən rayonunda işlər yaxşı gedir, rayon inkişaf edir, bir çox önəmli sosial, iqtisadi layihələr, biznes, infrastruktur layihələri icra edilir. Bir sözlə, Balakəndə hərtərəfli inkişaf təmin olunur və əlbəttə ki, gələcək illərdə bu inkişaf daha da sürətlə gedəcək. 

Bu günə qədər rayonda bir çox önəmli sosial layihələrin icrası təmin edilmişdir. Bölgələrimizdə ən böyük xəstəxanalardan biri Balakəndə bir neçə il bundan əvvəl tikilmişdir, təxminən 200 çarpayılıq gözəl xəstəxanadır. Olimpiya Mərkəzi, Gənclər Evi, digər sosial obyektlər inşa olunmuşdur, məktəb tikintisi sürətlə gedir. Mənə verilən məlumata görə, 26 yeni məktəb tikilib, bir neçə məktəb təmir edilib. Yəni, bu, çox önəmli sosial sahədir və bu sahə çox böyük vəsait tələb edir, Azərbaycan dövləti bu vəsaiti təmin edir.

Balakən rayonunda qazlaşdırma 100 faiz səviyyəsindədir. Biz hələ ki, heç ölkə üzrə bu səviyyəyə çatmamışıq. Ölkə üzrə qazlaşdırmanın səviyyəsi 93 faizdir, Balakəndə isə 100 faiz. Elektrik enerjisi ilə bağlı problemlər həllini tapır, kənd yolları salınır. Biz artıq bu gün növbəti kənd yolu layihəsinin açılışını qeyd etdik. Növbəti illərdə digər kəndlərə də yollar salınacaq.

Siz yaxşı bilirsiniz ki, zəlzələdən sonra Azərbaycan dövləti zərərçəkmiş vətəndaşlara öz maddi yardımını göstərdi, 7 mindən çox fərdi ev ancaq Balakən rayonunda dövlət hesabına tikilmişdir, 2 mindən çox ev əsaslı təmir edilmişdir. Yəni, bu, hesab edirəm ki, bir göstəricidir. Çünki ağır vəziyyətə düşən soydaşlarımızın problemlərinin həlli üçün dövlət öz dəstəyini əsirgəmədi və bu gün Balakən rayonunda sosial-iqtisadi inkişaf yaxşı səviyyədədir. “ABAD Mərkəz”in yaradılması da bunun bariz nümunəsidir. Bu, sayca ikinci “ABAD Mərkəz”dir. Birincisi Masallıda yaradılıb, ikinci isə Balakən rayonunda. Bu mərkəzin fəaliyyəti nəticəsində minlərlə insan işlə təmin olunacaq, özünüməşğulluq proqramı sürətlə icra ediləcək. Mən bu barədə artıq bütün müvafiq tapşırıqları vermişəm ki, növbəti illərdə özünüməşğulluq proqramı Azərbaycanda geniş vüsət almalıdır, dövlət isə, öz növbəsində, bu şəraiti yaradır. Mənə verilən məlumata görə, Balakən rayonunda vətəndaşlara 12 konteyner təqdim edilib və o konteynerlərdə indi artıq məhsul istehsal olunur. Bax, bu mürəbbələr sizin məhsulunuzdur, gözəl qablaşdırılıb və həm daxili bazara çıxarılır, həm də xarici bazarlara çıxarılacaq.

Eyni zamanda, bu gün mənə daha bir gözəl layihə haqqında məruzə edildi, əvvəllər də məruzə edilmişdi. Bu, indi sizin gördüyünüz paketlənmiş quru xurma məhsuludur ki, bunun da xarici bazarlara çox böyük çıxış imkanı var və indi bir çox ölkələrdən sifarişlər verilib. Bu istehsal geniş vüsət alacaq və nəinki Balakən rayonunun, bütün ətraf rayonların xurması, yəni, bazara çıxarılmayan xurma məhsulu buraya gətiriləcək, emal olunacaq və belə gözəl şəkildə xaricə ixrac ediləcək. Vətəndaşlar yaxşı pul qazanacaqlar, ölkəmizə valyuta gələcək və eyni zamanda, bu, xurma istehsalının inkişafına növbəti təkan verəcəkdir.

Ona görə “ABAD Mərkəz”in yaradılması Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların nəticəsidir. Bilirsiniz ki, bir neçə il əvvəl Azərbaycanda “ASAN xidmət” mərkəzləri yaradıldı. İndi bu mərkəzlərə 16 milyon 500 min müraciət olunmuşdur. Növbəti mərhələdə “ASAN Kommunal” və “ABAD” ailə biznesinə dəstək mərkəzlərinin, - ikinci mərkəz burada açılır, - əlbəttə ki, sahibkarlığın, qeyri-neft sektorunun inkişafına çox böyük müsbət təsiri olacaq və Balakən rayonunun sosial-iqtisadi inkişafı, ixrac potensialı böyük dərəcədə artacaq.

İndi siz yaxşı bilirsiniz ki, biz ölkəmiz üçün ənənəvi olan kənd təsərrüfatı sahələrini bərpa edirik. Bu bölgənin imkanları, iqlim şəraiti və ənənələri nəzərə alınır. Bölgədə çox geniş vüsət alan sahələr fındıqçılıqla, baramaçılıqla, tütünçülüklə bağlıdır. Siz – burada yaşayan insanlar yaxşı görürsünüz ki, son bir-iki il ərzində bu sahədə çox böyük artım var və bu, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına birbaşa müsbət təsir göstərir. Bir il ərzində Balakən rayonunda 2 min 200 hektarda yeni fındıq bağları salınıb və bağların sahəsi 7 min hektara çatıbdır. Ancaq növbəti illərdə əlavə minimum 3 min hektarda fındıq bağları salınacaq və bütün bunlar dövlət hesabına olan məsələlərdir. Yəni, dövlət lazım olan tingləri gətirir, suvarma işlərini təşkil edir, kəndlilərə şərait yaradır ki, onlar bu ağaclara qulluq edərək öz maddi vəziyyətlərini daha da yaxşılaşdırsınlar və xaricə valyuta gətirən məhsullar çıxara bilsinlər.

Buna görə növbəti illərdə bu bölgənin - həm Balakən rayonunun, həm qonşu rayonların ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün daha da ciddi addımlar atılacaqdır. Balakən rayonunda hər dəfə olarkən burada gedən quruculuq, abadlıq işləri məni çox sevindirir. Məni daha çox sevindirən odur ki, Balakən rayonunda yaşayan insanlar Vətənə bağlı insanlardır, vətənpərvər insanlardır. Azərbaycanda əsrlər boyu yaşayan bir çox xalqların nümayəndələri Balakən rayonunda bir ailə kimi, dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayır və bu, bizim böyük sərvətimizdir. Azərbaycanda milli və dini zəmində mövcud olan çox gözəl vəziyyət bir çox ölkələr üçün də maraq doğurur və indi bizim təcrübəmiz öyrənilir. Bizim siyasətimiz isə çox aydındır, açıqdır, Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir. Bizim həmrəyliyimiz, milli müxtəlifliyimiz böyük sərvətimizdir. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan edilmişdir. Hesab edirəm ki, tarixdə ilk dəfə olaraq belə bir təşəbbüs Azərbaycanda irəli sürüldü. Bu, əslində, daha çox xaricə bir mesaj idi ki, birgə yaşamaq, qurmaq, müxtəlif xalqların nümayəndələrinin dostluq, mehribanlıq şəraitində yaşaması mümkündür və bunu Azərbaycanın timsalında hər kəs görə bilər. Bu il isə “İslam Həmrəyliyi İli”dir. Bu da yenə bir çağırışdır. Çünki Azərbaycanda nə multikulturalizmlə, nə də İslam həmrəyliyi ilə bağlı heç bir problem yoxdur. Biz, sadəcə olaraq, bu çağırışları etməklə bir mesaj veririk, əgər belə demək mümkündürsə, yol göstəririk ki, bütün müsəlman xalqları birləşsin, onların arasında heç bir qarşıdurma, anlaşılmazlıq olmasın və biz Azərbaycanın timsalında görürük ki, buna nail olmaq mümkündür. Azərbaycan böyük coğrafiyanın bir hissəsidir, Qafqazın bir parçasıdır, Qafqaz vahid orqanizmdir. Qafqazda yaşayan bütün xalqlar arasında bir-biri ilə tarixi əlaqələr, qohumluq əlaqələri, dostluq, qardaşlıq olub. Hesab edirəm ki, Azərbaycan bütün Qafqaz üçün də çox önəmli bir ölkəyə çevrilibdir. Ona görə Balakəndə həm bu sahədə, həm də iqtisadi, sosial, kənd təsərrüfatı, emal sənayesi sahələrində çox gözəl nəticələr var. Rayon gündən-günə gözəlləşir, abadlaşır, turistlərin sayı artır. Mən Bakıya qayıdan kimi rayonun inkişafı ilə bağlı əlavə tapşırıqlar verəcəyəm ki, hələ icra olunmayan layihələr də tezliklə icra olunsun və növbəti açılışlarda biz bir daha görüşək.

                                                                                                     X X X

Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən Xanım ZURNAYEVA göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək dedi:

-Möhtərəm cənab Prezident.

Rayonumuzun bütün əhalisi, “ABAD” ailələri adından Sizi salamlayırıq. Balakənə xoş gəlmisiniz.

Cənab Prezident, xalqımız Sizin uğurlu siyasətinizi dəstəkləyir, ölkəmizin inkişafı üçün həyata keçirdiyiniz tədbirləri alqışlayır. Siz hər zaman çıxışlarınızda qeyd edirsiniz ki, siyasətinizin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Məhz bu gün Sizin təşəbbüsünüzlə Azərbaycan ailəsinə asan dəstək olan “ABAD”ın yaradılması da bunun əyani sübutudur. Azərbaycan dövlətinin, cənab Prezidentin daim Azərbaycan vətəndaşının, Azərbaycan ailəsinin yanında olduğunu göstərən “ABAD” layihəsinin Balakəndə yaradılmasını eşidəndə çox sevindik.

Mən Şambul kəndində yaşayıram, kənd məktəbində müəllim işləyirəm. Buna baxmayaraq, əlavə təsərrüfat işləri ilə də məşğul oluram. Həyətimizdə fındıq, meyvə bağlarımız var. Əvvəllər meyvələrimiz ağaclardan tökülür, xarab olurdu. Meyvələrdən məhsul istehsal etmək olmurdu, avadanlığımız yox idi, şəraitimiz buna imkan vermirdi. Gün ərzində təxminən 15-20 kiloqram mürəbbə, cem hazırlayırdıq ki, bunun da satışı çətinliklər törədirdi. Buna görə də “ABAD”a müraciət etdim və qısa zaman ərzində “ABAD”çı oldum. Rayonumuza gətirilən 12 konteynerdən biri bizim həyətimizə qoyuldu. Deyə bilərəm ki, indi əvvəlki kimi gün ərzində 15-20 deyil, 200-300 kiloqram məhsul istehsal edirik. Nəinki öz bağımızdan, hətta qohum-qonşudan, kənd camaatından da məhsul alıb istehsal edirik. Bizim ailəmiz üçün meyvə bağı brendi yaradılıb, məhsulumuzun satışından alınan vəsait isə birbaşa bank hesabımıza köçürülür. Məhsulların satışında, qablaşdırılmasında, daşınmasında, reklamında, dizayn işində “ABAD” bizə dəstək olur. Bizim üzərimizə düşən yeganə vəzifə isə bir “ABAD”çı kimi yüksək keyfiyyətli məhsul hazırlamaqdır.

Möhtərəm cənab Prezident, biz hər zaman Sizin Azərbaycan qadınına olan diqqət və qayğınızı hiss edirik. Kiçik sahibkarlıqla məşğul olan bir qadın kimi dövlətimizin mənə göstərdiyi dəstək bunun bariz nümunəsidir. Azərbaycan qadınına diqqət və qayğının ən böyük göstəricilərindən biri isə Sizin Sərəncamınıza əsasən bizim güvənc yerimiz, Azərbaycan qadınına örnək, nümunə olan Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasıdır. Bizə arxa-dayaq olan Mehriban xanım Əliyevanın belə yüksək vəzifəyə təyin edilməsi məhz Sizin Azərbaycan qadınına etibarınız və inamınızın ən yüksək göstəricisidir.

Cənab Prezident, Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycanımız gündən-günə gözəlləşir, inkişaf edir, çiçəklənir, yüksək zirvələri fəth edir. Biz Sizin rəhbərliyiniz ilə gələcəyə böyük ümidlərlə baxırıq. Bütün bunlara görə Sizə bir daha minnətdarlıq edirik. Allah Sizi qorusun! Allah Sizin ailənizi qorusun!

Prezident İlham Əliyev: Sağ olun.

                                                                                                 X X X

Rayon sakini Məhəmməd BAZAROV çıxış edərək dedi:

- Cənab Prezident, Balakən zəhmətkeşləri adından Sizi salamlayıram. Balakənə xoş gəlmisiniz.

Mən Qaysa kəndində yaşayıram, meyvəçiliklə məşğul oluram. On beş hektar meyvə bağımız var. Hər hektardan 40-45 ton məhsul yığırıq. Məhsulumuzun bir hissəsini bazarda satırdıq, bir hissəsi isə satılmadığı üçün xarab olurdu. Balakəndə yaradılmış “ABAD Mərkəz”ə müraciət etdim. Bizim üçün konteyner ayırdılar. Konteynerdə yüksək səviyyəli avadanlıqlar yerləşdirilib. Məhsullarımız - mürəbbə, cem artıb, “Bal-məkan” brendi ilə Azərbaycanın daxili bazarında böyük supermarketlərə və xarici bazara çıxmaq imkanı qazanmışıq.

Cənab Prezident, təsərrüfatımız həm də tingçiliklə məşğul olur. Biz meyvə tingləri yetişdiririk. Bu tinglər Azərbaycanın daxili bazarı ilə yanaşı, xarici bazara da çıxarılır. Biz 2016-cı ildə Rusiya Federasiyasına 15 mindən çox alma tingi satmışıq. Bu işi dövlətimizin qayğısı ilə daha da inkişaf etdirmək fikrindəyik.

Möhtərəm Prezident, bilirsiniz ki, Balakən kənd təsərrüfatı rayonudur. Burada fındıqçılıq, baramaçılıq, tütünçülük ənənəvi sahələrdir və bunlar inkişaf etdirilir. Sizin diqqət və qayğınızla Balakəndə fındıq bağları, tütün plantasiyaları daha da genişləndirilir. Baramaçılığın inkişafı üçün xaricdən gətirilmiş yeni tut tingləri əkilib, bunlar öz keyfiyyətinə, yarpağın çoxluğuna görə seçilir. Bu da Azərbaycanda baramaçılığın inkişafı üçün stimul yaradacaq.

Balakən zəhmətkeşləri gündən-günə firavan, gözəl yaşayır, həyat şəraiti yaxşılaşır.

Cənab Prezident, Sizin Azərbaycan brendi kimi yaratdığınız “ASAN xidmət” insanlara asanlıq, rahatlıq gətirir. Yəqin ki, “ABAD” da biz sahibkarlar üçün abadlıq yaradacaq. Bizə göstərdiyiniz bu qayğıya, diqqətə görə Sizə həm Balakən zəhmətkeşləri, həm də “ABAD”çılar adından təşəkkürümü bildirirəm. Çox sağ olun. Allah-Təala Sizə və ailənizə cansağlığı versin.

Prezident İlham ƏLİYEV: Çox sağ ol.

                                                                                                 X X X

Sonra Prezident İlham Əliyev “ABAD” layihəsinin iştirakçıları ilə söhbət etdi.

Prezident İlham ƏLİYEV: Bunlar sənin məhsullarındır?

Məhəmməd BAZAROV: Bəli, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Çox gözəl. Siz artıq konteynerin avadanlığını işlədirsiniz?

Məhəmməd BAZAROV: Bəli, çox rahatdır. Əvvəllər əziyyət çəkirdik, ev şəraitində işləmək çox çətin idi. Amma indi çox rahatdır. Artıq on adamın işini görən avadanlıqlarımız var. Daha gözəl, dünya standartlarına uyğun keyfiyyətli məhsul istehsal etmək imkanımız yaranıb.

Prezident İlham ƏLİYEV: Qabları haradan götürürsünüz?

İnam KƏRİMOV: Cənab Prezident, qablar Azərbaycanda istehsal olunur.

Prezident İlham ƏLİYEV: Sifariş əsasında alırsınız?

İnam KƏRİMOV: Bəli, alırıq, təhvil veririk.

Prezident İlham ƏLİYEV: Sonra bu məhsullar laboratoriyada yoxlanılır?

İnam KƏRİMOV: Bəli, yoxlanılır, sonra da sertifikat alınır.

Prezident İlham ƏLİYEV: Çox gözəl. Əminəm ki, dadı da gözəldir. Balakəndə arıçılıqla bağlı vəziyyət necədir, inkişaf edir? Mən gələndə yolda gördüm.

Məhəmməd BAZAROV: Bəli, cənab Prezident, arıçılıq burada çox sürətlə inkişaf edir.

Prezident İlham ƏLİYEV: Artıq burada satıla bilməyən meyvə batmayacaq. Bizim mürəbbələr də çox dadlıdır, keyfiyyətlidir. Burada təbiət də gözəldir, ona görə meyvə də çox şirindir.

Sizi bir daha təbrik edirəm. Əminəm ki, Balakəndə “ABAD”çıların sayı çoxalacaq.

                                                                                             X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34