02 avqust 2017, 14:15

Ədalət Əliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin şərəfli tarixə malik Azərbaycan mətbuatının tərəqqisi istiqamətində gördüyünüz işlər, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz dəstək, media nümayəndələrinə qayğı və diqqətiniz dünya miqyasında təqdir olunan nümunəvi təcrübədir. Xüsusilə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tərəfinizdən imzalanan Sərəncam əsasında iki çoxmərtəbəli yaşayış binasının tikilməsi, üçüncü binanın təməlinin qoyulması isə media təmsilçilərinə dövlət tərəfindən növbəti qayğının təzahürüdür. Bu, Sizin azad sözə verdiyiniz qiymət, eyni zamanda, jurnalistlər üçün yeni ümidlər, daha əzmlə çalışmaq üçün stimuldur.

Sevindirici haldır ki, 2013-cü ildə olduğu kimi, bu il iyulun 20-də də 255 mənzilli binada mükafatlandırılanlar arasında “Lider TV və Radio-Azərbaycan” MMC-nin 6 əməkdaşı da var. Bununla da “Jurnalist şəhərciyi”ndə mənzillə təmin olunan “Lider”çilərin sayı 8-ə çatdı.

Biz bilirik ki, “Jurnalistlər şəhərciyi”ndə yaşamağın mənəvi dəyəri maddi dəyərindən daha yüksəkdir. Bir vətəndaş üçün onun əməyinin məhz dövlət başçısı tərəfindən qiymətləndirilməsindən ali mükafat ola bilməz. Sizin jurnalistlərə qayğınızı, mediamızın inkişafını ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edirik.

Cənab Prezident, ölkə mediasının 255 nümayəndəsinə, o cümlədən “Lider TV və Radio-Azərbaycan” MMC-nin 6 əməkdaşına bu sevinci yaşatdığınıza görə Sizə kollektivimiz adından dərin minnətdarlığımızı bildiririk. Göstərdiyiniz bu qayğı və etimadı doğrultmaq üçün bundan sonra da bu şərəfli missiyanı layiqincə yerinə yetirəcək, dövlətçiliyimizin inkişafı, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Hörmətlə,

Əliyev Ədalət

“Lider TV və Radio-Azərbaycan” MMC-nin prezidenti

Azərbaycan Respublikası, Bakı şəhəri