02 avqust 2017, 14:10

Əflatun Amaşovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycan jurnalistlərinin Sizinlə hər görüşü nəinki media ictimaiyyətimiz, bütövlükdə cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan hadisədir. Bu il iyulun 20-də keçirilən görüş də bu baxımdan xüsusi vurğulanmalıdır. Həmin görüşdə “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamınız əsasında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının açılışını etdiniz. 255 jurnalistə və onların ailə üzvlərinə sözlə ifadə edilməyəcək hədsiz sevinc və inanılmaz qürur hissi yaşatdınız. Sıralarında tanınmış mətbuat orqanlarını, jurnalist təşkilatlarını, elektron informasiya resurslarını birləşdirən Azərbaycan Mətbuat Şurası buna görə Sizə ölkəmizin jurnalist ictimaiyyəti adından dərin minnətdarlığını bildirir.

Möhtərəm cənab Prezident, jurnalistlər üçün inşa edilmiş binanın açılış mərasimindəki proqram xarakterli çıxışınız Azərbaycan dövlətinin media siyasətinə bəslədiyimiz inam və əminliyi bir daha artırır. Media təmsilçilərimiz Sizi ölkədə mövcud söz və ifadə azadlığının təminatçısı qismində görürlər. Kütləvi informasiya vasitələrimizin vətəndaş cəmiyyəti, demokratik hüquqi dövlət quruculuğundakı missiyasının ətraflı təhlilini verməyiniz, apardığınız müqayisə və paralellər qətiyyətlə onu deməyə əsas verir ki, təməlini ümummilli liderimiz Heydər Əliyevin qoyduğu, Sizin yüksək səriştə və bacarıqla davam etdirdiyiniz media siyasəti qələm sahiblərimizi yeni uğur və müvəffəqiyyətlərə daşıyacaqdır. Uğurlarımız isə bu gün daha böyükdür. Hazırda Azərbaycan mediası Qafqaz regionunda maddi-texniki təminat, yaradıcılıq dəsti-xətti, operativlik, dəqiqlik, qərəzsizlik və digər keyfiyyətlər baxımından lider mövqeyə malik olmaqla, dünyanın regionla bağlı mühüm informasiya mənbəyidir.

Möhtərəm cənab Prezident, bütün bunlara görə Siz jurnalistlərimizin əbədi dostusunuz. Üçüncü dəfə “Jurnalistlərin dostu” mükafatını qazanmağınız da bundan xəbər verir. Hesab edirik ki, cəmiyyətin güzgüsü sayılan medianın seçimini şərtləndirən ən mühüm amil dövlət başçısı kimi 2003-cü ildən indiyədək gördüyünüz işlərə bəslənilən dərin rəğbətdir.

Azərbaycan müstəqil dövlət olaraq dünyada özünəlayiq yer tutub, beynəlxalq aləmdə onunla hesablaşırlar, irəli sürdüyü prinsiplər dünya düzəninin formalaşmasına təsir göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artım dinamikası heyrətamiz rəqəmlərlə ölçülür, insanlarımız rifah şəraitində, təhlükəsizlik mühitində yaşayırlar. Rəğbət hissi məhz bunlardan qaynaqlanır. Tam qətiyyətlə bildiririk ki, Siz təkcə medianın deyil, bütövlükdə Azərbaycan xalqının dostusunuz. Həyata keçirdiyiniz nəhəng tədbirlər hər bir azərbaycanlının baxışlarındakı tarixi şəxsiyyət obrazınızı jurnalist yaradıcılığının aktual mövzusuna çevirir.

Möhtərəm cənab Prezident, dostluq qarşılıqlı hissdir, gözəl yaşantıdır. Biz jurnalistlər üçün Sizinlə dost olmaq böyük şərəf və məsuliyyətdir. Dəyərli vaxtınızı ayırıb jurnalistlərlə səmimi və səmərəli görüş keçirməklə Azərbaycan mətbuatı tarixində növbəti mərhələnin başlanğıcını qoydunuz. Hər zaman etimadınızı doğruldacağımızı, Sizin şəxsinizdə Azərbaycan Respublikasının Prezidenti ilə dostluğumuza daim sadiq qalacağımızı bəyan edirik. Sizə bir daha minnətdarlıq hisslərimizi bildirir, uzun ömür, möhkəm cansağlığı diləklərimizi yetirir, Vətənimiz Azərbaycanın inkişafı istiqamətindəki yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Uca Tanrı hər zaman köməyiniz olsun!

Dərin hörmətlə,

Amaşov Əflatun

Azərbaycan Mətbuat Şurasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.