01 avqust 2017, 14:00

Elçin Mirzəbəylidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd olunması, mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin fəxri adlarla, orden və medallarla təltif edilməsi, qəzet redaksiyalarına birdəfəlik maddi yardımın ayrılması, eləcə də media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığınız sərəncamlar Sizin Azərbaycan mətbuatına, jurnalist əməyinə, söz və fikir azadlığına verdiyiniz yüksək qiymətin bariz nümunəsidir.

Cənab Prezident, Sizin Sərəncamınızla inşa edilən binada mənzil alan media təmsilçilərinin sırasında “Xalq Cəbhəsi” qəzetinin əməkdaşlarının – Arzu Şirinova və Mahir Zeynalovun adının olması bizi qürurlandırdı. Göstərdiyiniz yüksək etimada və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Bu etimada layiq olmaq üçün bacarığımızı əsirgəməyəcək, Sizin jurnalistlər üçün inşa edilən ikinci binanın açılışı zamanı səsləndirdiyiniz tövsiyələrə uyğun olaraq milli-mənəvi dəyərlərimizi, dövlət və milli maraqlarımızı hər zaman üstün tutacaq, göstərdiyiniz strateji hədəflərə çatmaq üçün yorulmadan fəaliyyət göstərəcəyik.

Dərin hörmətlə,

Mirzəbəyli Elçin

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.