31 iyul 2017, 16:00

İlham Quluyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ənənəyə çevrilmiş mediaya dövlət dəstəyi siyasəti Sizin rəhbərliyiniz dövründə özünün ən yüksək zirvəsinə çatıb. Siz 2008-ci ildə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasını təsdiq edərək, qarşıdakı dövr üçün Azərbaycan mediasının inkişaf istiqamətlərini müəyyənləşdirdiniz. 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu yaratmaqla mediaya dövlət dəstəyini sistem halına saldınız. Hətta son illər dünya iqtisadi böhranı, neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycan dövləti heç bir sosial layihəni, o cümlədən də mediaya dövlət dəstəyini dayandırmadı, əksinə, daha da artırdı.

2005-ci ildən başlayaraq Milli Mətbuat Günü dövlət səviyyəsində qeyd olunur, redaksiyalara yardımlar ayrılır, yüzlərlə jurnalist dövlət mükafatları ilə təltif edilir, onlara fəxri adlar verilir.

2010-cu ildə jurnalistlər üçün bina tikilməsi haqqında məlum Sərəncamınız isə yüzlərlə mətbuat işçisinin, onların ailələri və yaxınlarının ümidsizliyinə son qoyub. Xidməti və təcrübəsi olan yüzlərlə jurnalist həmkarımız yaşayıb işləmək üçün ən mühüm ehtiyac baryerini bilavasitə Sizin dəstəyinizlə keçərək mənzillə təmin olunublar.

İyulun 20-də daha 255 jurnalisti mənzillə təmin edərək, onlara həyatlarının ən xoşbəxt günlərini yaşatdınız. Özüm də daxil olmaqla, rəhbərlik etdiyim “Kaspi” qəzetinin 3 əməkdaşı – Təranə Məhərrəmova və Fərid Hüseynov da bu sevinci yaşayanlardan oldular. Bir daha qəzetimizin evlə təmin olunan əməkdaşları adından Sizə dərin təşəkkürümü bildirirəm.

İnanırıq ki, Sizin uğurlu və ali məqsədə xidmət edən bu nəcib təşəbbüsünüz davamlı olacaq. Azərbaycanda dövlətinə, xalqına xidmət edən həqiqi jurnalistlər evsiz qalmayacaqlar.

Hörmətlə,

Quluyev İlham

“Kaspi” qəzetinin baş redaktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.